AZ

Cəmiyyəti uçuruma aparan daha bir məsələ : Vasitəyə çevirilən sənət….

Məlumdur ki, son zamanlar ifa olunan, gənclərin dilindən düşməyən mahnılar bəstəkarlar, şairlər, cəmiyyətin müəyyən təbəqəsi tərəfindən bəyənilmir və onların qeyri-peşəkarlar tərəfindən yazılmasından narahatlıqlarını dilə gətirirlər. Onların fikrincə bu cür aşağı səviyyəli mahnıların geniş şəkildə təbliğ olunması cəmiyyəti uçuruma aparır və bu vəziyyətin sonu acınacaqlı olacaq. 
Diqqət etsək, həqiqətən də son zamanlarda ifa olunan mahnıların əksəriyyətinin keyfiyyətsiz olduğu qənaətinə gələrik. Bunun ən bariz nümunəsi bu cür mahnıların tez yayılıb, tez də unudulmasıdır. Tez unudulsalar da, demək olar ki, hər gün yeni bir mahnı daha oxunur və yayılmağa başlayır. Hazırda bir mahnını tanıtmaq, kütləyə çatdırmaq olduqca asandır. Mahnı hansısa televiziya, radio proqramında səsləndirilməsə belə, sosial şəbəkəyə bir video yükləməklə onu tanıtmaq və yaymaq olar. Bu yolla da cəmiyyətin zövqünə təsir etmiş olurlar. 

Sosioloq Əhməd Qəşəmoğlunun fikirlərinə görə, hər bir insanın, sosial qrupun davranışının formalaşmasında 4 amil mühüm rol oynayır. 

"Fərdin və xalqın özünün fitrəti, yəni öz mənəvi xüsusiyyətləri, düşdüyü mühit, aldığı informasiyanın məzmunu, xarakteri, intensivliyi və üstünlük verdiyi dəyərlər. Bu dörd amillə istənilən fərdin, sosial qrupun, xalqın davranışına təsir etmək mümkündür. Bu anlayışlar "Ahəngyol" elmində geniş izah olunur. Belə mahnıların yayılması fərdin aldığı informasiyanın məzmunu, intensivliyi bəndi ilə əlaqəlidir".

İndiki dövr "texnologiyalar dövrü"dür

"Hansısa xalqa qarşı müharibənin bir qolu da texnologiyadır. İnsanların zəif tərəfindən istifadə edəndə bu texnologiyaların qurulması asandır. Bizim insanların bir qrupu dərin düşüncə tələb etməyən məsələlərə tez aludə olur. Bu, ümumiyyətlə belədir ki, ən yaxşı halda kütlədə 20% düşünməyə tələbat duyan adam var. Qalanları isə yamsılamağı xoşlayır. Xalqın davranışına təsir etmək üçün aşağı səviyyəli mahnılardan ciddi istifadə etmək olar və edirlər də. Əslinə qalsa, biz məsələnin dərinliyinə getsək, ölkədə həm müdafiə xarakterli, həm də xalqımızın mənəvi zövqünü zənginləşdirən məsələlərə daha çox fikir verərik. Sovet rejiminin bütün mənfi cəhətləri ilə yanaşı bu cür məsələlərə ciddi diqqət yetirilirdi. Sovet ideologiyası mövqeyindən fikir verilirdi, amma indiki vaxtda ehtiyac var ki, milli maraqlar yönündən bu məsələrə ciddi diqqət verək".

Aşağı səviyyəli mahnıların geniş yayılmasının iki amili

"Bu cür mahnıların yayılmasında iki amil mühüm rol oynayır. Birincisi odur ki, cəmiyyətdə bacarıqsız adamlar çoxalır. Onlar özlərini  cəmiyyətdə təsdiq etmək, öz maraqlarını təmin etmək üçün yüngül mahnılara can atırlar, çünki ciddi, dərin mahnılar oxuya bilmirlər. Bu yollarla özlərini təbliğ etməyə çalışırlar. İkincisi, bunun arxasında müəyyən qüvvələr olur ki, onlar ortaya çıxan bu səviyyəsiz adamlardan istifadəyə maraqlıdırlar".

Vasitəyə çevirilən sənət...

"Bizim ölkədə qarışıqlıq dövrü olanda, sovet rejimi dağılanda və ondan sonrakı dövrdə münbit şərait yarandı ki, belə mahnılar yayılsın. Əvvəllər senzura vardı. Saxta, səviyyəsiz mahnıların efirə getməsinə qəti şəkildə imkam verməzdilər. Düzdür, sovet ideologiyasına xidmət edən sənət əsərlərinə, musiqilərinə yer verirdilər, amma həmin əsərlər, musiqilər ciddi işlər olurdu. Biri vardı, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və s. oxusun, biri də var ki, kim ağzına nə gəldi oxusun, efirə çıxsın və bu da təbliğ olunsun. Baxın, meyxana da bizim folklorun bir qoludur. Buna da diqqət vermək lazımdır. Bir ara çox təbliğ olundu, amma buna ehtiyac yox idi. Niyə yox idi? Çünki ordakı musiqi də zəifləyir, poeziyaya da əhəmiyyət verilmir. Poeziya zəifləyir. Meyxananın böyük təbliği eyni zamanda musiqilərimizin, musiqilərimizə yazılan sözlərin zəifləməsinə xidmət edən vasitələrdən biri idi ki, bir ara çox geniş şəkildə təbliğ olunmağa başladı. Bundan sonra əvvəllər ara mahnısı hesab olunan mahnılar ekranda özünə yer tapmağa başladı. Yavaş-yavaş hansı müğənni kefi necə istədi efiri satın almağa başladı. Pul ödəməklə efirlərdə geniş şəkildə paltarlarını, özlərini nümayiş etdirməyə başladılar. Sənət mahiyyətini itirdi və oldu vasitə. Bir qrup insan özünü təbliğ etmək üçün sənətdən vasitə kimi istifadə etməyə başladılar və belə vəziyyət yarandı".

Ə.Qəşəmoğlu cəmiyyətdə yaranan bu vəziyyətin qarşısının alınmasının vacibliyindən də söz açdı:

"Bunun qarşısı alınmalıdır. Biz əgər istəyiriksə ki, ölkəmizdə yüksək səviyyədə tərəqqi olsun, əhalinin fiziki sağlamlığı ilə yanaşı mənəvi zənginliyinə də ciddi diqqət vermək lazımdır. Mənəvi zənginlik olanda, xalq çox əzmkar, özünü müdafiə edən olur. Bizim ən mühüm milli musiqi alətlərimizdən biri zurnadır. Zurna ilə ifa olunan musiqilər ruhu oynadan, insanın daxili qatlarını hərəkətə gətirən musiqidir. Bir ara bunu lağa qoyduq, arxa plana keçirdik. Elə saz musiqisindən danışaq. Biri var ruhu oynadan saz musiqisi, biri var harda gəldi pul xatirinə çalınan saz musiqisi. Bizim milli musiqi alətlərimiz milli ruhun oyanmasında mühüm rol oynayırdı. Çox təəssüf ki, biz buna ciddi diqqət vermədik və bir də baxdıq ki, bizim nağaranı ermənilər bizdən çox istifadə edir. Zurna, saz, nağara və s. milli musiqi alətlərimizə ciddi diqqət vermək lazım idi. Mədəniyyət Nazirliyi ilə də bu istiqamətdə işlər aparmaq lazımdır. Hazırkı Mədəniyyət Nazirliyi bu cür məsələlərə daha çox diqqət ayırır. Qabiliyyətsiz adamların özünü təbliğ etmək üçün yollar axtarmağına və bununla da öz ətrafına musiqi zövqü yüksək olmayan adamları cəlb etməyinə qarşı işlər aparılmalıdır. Arzuolunmayan vəziyyət yaranıb və bunun qarşısı mütləq müəyyən tədbirlərlə alınmalıdır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
olaylar.az

1Mənbələr