AZ

Qərbi Azərbaycana qayıdışın astanasında Fransanın neokolonializm siyasəti

1789-cu ildə tarixi Bastiliya qalasının süqutu Fransa xalqının mütləqiyyətdən azadlığa çıxacağı güman edilən gün idi. Azadlıq nəğmələri oxuyaraq firavan günlərin gələcəyini düşünərkən onlar bir-birini məhv etməyə, inqilab rəhbərlərini bir-bir gilyotinə göndərməyə başladılar. Nəticədə, hakimiyyət gənc general Napoleon Bonopart silahlı qüvvə ilə parlamentin fəaliyyətinə son qoyub diktatorluğa başladı. Sonradan imperatora, Avropanın qəniminə çevrilib, qanlı müharibələrin, milyonlarla gənc insanın ölümünün baiskarı oldu. İstər mütləqiyyətdən əvvəl, istərsə də sonrakı dövrlərdə Fransa müstəmləkə siyasətini davam etdirdi. Müstəmləkəçilik siyasətinə qarşı çıxan xalqlara  genosid törədib, milli azadlıq hərəkatlarını amansızca yatırırdı.



Müstəmləkə illərində fransızlar tərəfindən etnik və dini mənsubiyyətinə görə 2 milyondan artıq dinc sakin kütləvi surətdə qətlə yetirildi. Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirildi. Təkcə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Nəticədə, Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında öndə yer tutur. 1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5 milyondan artıq insan qətlə yetirildi. 1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsinin 12 min dinc sakini gecə yatdığı yerdə qılıncdan keçirildi. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürüldü, həmçinin 5000-ə yaxın adam həbs, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edildi. 1961-ci ildə on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxdı. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirildi və həbs olundu ki, bu hadisə tarixə “Sena qətliamı” kimi düşdü.
Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda “Kasablanka” döyüşündə 2 gün ərzində 3000-ə yaxın mərakeşli qətlə yetirildi. 1961-ci ildə Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın tunisli qətlə yetirildi. 1947-ci ildə Vyetnamda törədilən qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla yüzlərlə vyetnamlını vəhşicəsinə öldürdü.
1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirdi və nəticədə, tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürüldü. İkinci Dünya müharibəsinin sonlarında Fransa Seneqal, Dahomey (Benin), fransız Sudanı (Mali), Kot d'İvuar, Ubangi-Şari (Mərkəzi Afrika Respublikası), Niger, Çad, Qabon və Toqodan olan atıcıları etnik fransız əsgərləri ilə əvəz edərək qoşunları “ağartmağa” başladı. Nəticədə, geniş vüsət alan narazılığın qarşısını almaq üçün fransız hərbçiləri qaradərili hərbçilərə atəş açaraq 300-ə qədərini öldürdü. Bu hadisə tarixə Thiaroye qətliamı kimi düşdü. 1967-ci ilin mayında Biafra Nigeriyadan müstəqilliyini elan etdi və bununla da ölkədə 3 illik vətəndaş müharibəsi başladı. Buna səbəb isə Nigeriya 1960-cı ildə Fransanı Əlcəzairdə nüvə sınağı etdiyi üçün  qınamış və Fransa rəsmilərini ölkədən çıxarması olmuşdu.
1947-ci ildə Madaqaskarda fransız müstəmləkə sisteminə qarşı üsyan edən repressiya qurbanlarının sayı 11.000-100.000 min aralığında olub. 1950-1960-cı illərdə Kamerun xalqları Birliyi Partiyasının UPC-nin ləğvi, həbslər, bombardmanlar, siyasi qətllər, fransız ordusu tərəfindən törədilən amansızlıqlar, müstəmləkəyə qarşı çıxan fəallar və mülki əhali arasında on minlərlə itki ilə nəticələnir. 1946-cı ildə fransız ordusu Vyetnamın Xayfon şəhərini bombalaması nəticəsində 6000 nəfər qətlə yetirildi.
Bu gün hələ də Fransanın Paris şəhərindəki İnsan Muzeyində müstəmləkə müharibələrində öldürülən 18.000 döyüşçülərin kəllə sümükləri saxlanılır. Beləliklə, Fransa digər ölkələrin daxili işlərinə müdaxilə etməklə separatçı rejimə dəstək verib və nəticədə, günahsız insanların qətlinə bais olub. Və ən əsası odur ki, Fransa baş vermiş hadisələrin təfərrüatlarını gizlətmək üçün bu günə qədər arxivləri tam şəkildə açmayıb.
1960-cı ildən başlayaraq Fransa müstəmləkəçiliyi əleyhinə  kütləvi narazılıqlar fonunda Niger, Seneqal, Burkina Faso, fransız Sudanı, 1962-ci ildə isə Əlcəzair Fransadan qan gücünə müstəqilliyini qazandı. Müstəmləkəçilik siyasətini canlandırmağa çalışan Nikolay Sarkozi və Emanuel Makron kimi Fransa prezidentləri dövri olaraq imperialist maraqlardan çıxış edərək yeni münaqişə ocaqları yaratmağa çalışırlar. Karib dənizi sahillərində, Haiti və Fransa Qvianası, Guadeloupe və Martinque Fransanın müstəmləkəsidir. Eyni zamanda Yeni Kaledoniyada və Korsika adasında da Fransanın müstəmləkə siyasəti davam edir. 2018, 2020 və 2021-ci illərdə keçirilən referendumlarda  Yeni Kaledoniya xalqının azadlıq arzusu həsrətə çevrildi. Buna baxmayaraq,  Yeni Kaledoniya xalqı heç  vaxt azad olmaq arzusundan imtina etmədi. 2024-cü ildə Yeni Kaledoniya tarixinin ən böyük  xalq qiyamı baş verdi, fəqət fransız xunta rejimi xalqa qarşı amansız divan tutaraq  qiyamı yatırtmağı bacardı.
2023-cü ildə BMT-nin mənzil qərargahında “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans keçirilib. Tədbirin əsas məqsədi  Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması olub. Bundan, təxminən, bir ay sonra isə Azərbaycan Respublikası Kolonializm əleyhinə mövqe sərgiləyərək “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” üzrə Bakı konfransının keçirilməsinə ev sahibliyi etdi. Konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak etdi.
Prezident İlham Əliyev  beynəlxalq konfransda çıxış edərək deyirdi: “...Müxtəlif qitələri təmsil edən 14 ölkə, habelə ədalət uğrunda mübarizə aparan ərazilərin təmsilçilərinin Bakıya toplaşaraq, XXI əsrdə, təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi və onun aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır... Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır. Bandunq konfransından 70 ilə yaxın dövrün keçməsinə baxmayaraq, kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır”. İştirakçılar isə ədalət və azadlıq uğrunda haqlı mübarizədə ardıcıl dəstəyinə görə cənab Prezidentə  minnətdarlıq edərək Qoşulmama Hərəkatındakı sadiqliyinə və müstəmləkəçiliyə qarşı mübarizədə qətiyyətli mövqeyinə görə dərin təşəkkürlərini bildirmişdilər.
Göründüyü kimi, tarixi qanlı ləkələrlə dolu olan Fransa və onun diktatura rejimi öz tarixindən nəticələr çıxarmayaraq dünyanın müxtəlif regionlarında revanşist qüvvələri sabitliyi və sülhü pozmaq üçün şirnikləşdirir. İllərlə ATƏT-in Minsk qrupunun həmsədri kimi  sülh naminə heç bir iş görməyən Fransa illərlə işğala məruz qalmış Azərbaycan xalqının   hüquqlarını görməzdən gəlir, qərbi azərbaycanlıların  tarixi ata-baba yurdlarına dönməsinin qarşısını almaq üçün Ermənistanda revanşist qüvvələri yeni təxribata çəkməyə cəhd göstərir. Həmçinin onları sürətli şəkildə silahlandırır və  yaxın günlərdə 36 ədəd  “Caesar” özüyeriyən  artilleriya sistemini Ermənistana sataraq münaqişənin bitməsinin qarşısını almağa çalışır.
Rəsmi Paris yenə də Ermənistanın “böyük bacısı” mövqeyindən çıxış edərək ermənilərin tərəfini tutaraq  məzlum qiyafətinə bürünən dırnaq arası “erməni xalqının hüquqlarını müdafiə etmək” kimi sərsəm  bəyanatlar səsləndirərək  regionda yeni qan çanağı yaratmaq həvəsinə düşüb. Qeyd edilən hallar, heç şübhəsizdir ki, Fransa xalqı Emmanuel Makron diktaturasının əsrinə çevrilib. Fransa xalqı tarixin yaddaşında genosid dövlət, münaqişələrə rəvac verən dövlət kimi qalmaq istəmirsə, hazırkı siyasi iqtidarla vidalaşmalı, dünyanı səfilləşdirən deyil, dünyaya “Səfillər” kimi inci bəxş edən xalq  imicinə geri qayıtmalıdır.
 
Atilla Öztürk – siyasi şərhçi, AISEDA İctimai Birliyinin həmtəsisçisi,
Naxçıvan Dövlət Universitetinin baş hüquqşünası və Hüquq fənnləri  kafedrasının müəllimi








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
nuhcixan.az

1Mənbələr