AZ

Ermənistanda Fransa qoşunları ilə bağlı rəsmi müzakirə başladı...

Image

Ramil Məmmədli: “Makronun bu avantürası seçkiyə hesablanıb”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa prezidenti Emmanuel Makronun müşaviri Bertran Buxvalterlə işgüzar nahar edib. Görüşdə ikitərəfli əməkdaşlıq və regiondakı vəziyyət müzakirə edilib.

Məlumata görə, Fransa qoşunlarının və hərbi bazanın Ermənistan ərazisində yerləşdirilməsi məsələsi də müzakirə olunub. A.Qriqoryan Parisdə Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bonnla da görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq və regiondakı vəziyyət müzakirə olunub.

Maraqlıdır, Fransa həqiqətən də belə bir addım ata bilərmi? Rəsmi Parisin məlum addımı reallaşarsa o zaman bu, regiondakı proseslərə necə təsir edəcək? 

“Necə ola bilər ki, KTMT-nin yaradıcısı olan Rusiya ilə yanaşı, Fransanın da Ermənistanda hərbi bazaları olsun?” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli Fransanın belə bir niyyətinin həyata keçəcəyini o qədər də real hesab etmir: “Əvvəla, bu, mövcud Fransa hakimiyyətinin növbəti avantürasıdır. Makron ilk dəfə deyil ki, hansısa ölkəyə hərbçilərini yerləşdirməklə bağlı təşəbbüslərlə çıxış edir. Məsələn, bir neçə ay əvvəl Fransa bəyan etdi ki, Ukraynaya hərbi birləşmələrini göndərəcək. Ancaq reallıqda Fransa Ukraynaya hərbi kontingent göndərmədi. Fransanın buna siyasi iradəsi çatmadı. Məlum oldu ki, Makron bununla siyasi xal toplamaq istəyir. Bundan başqa Avropa İttifaqındakı müttəfiqlərinin əksəriyyəti, o cümlədən, qurumun aparıcı ölkələri olan Almaniya və İtaliya buna qarşı kəskin mövqe sərgilədilər. O baxımdan Ermənistana hərbi baza yerlşdirilməsi məsələsində də Aİ üzvləri Fransanı dəstəkləməyəcək. Digər başlıca məqam ondan ibarətdir ki, region dövlətlərinin Fransanın bu istəyinə müsbət yanaşacağı real deyil. Söhbət Rusiya və Türkiyədən gedir. Hətta Ermənistanla yaxın münasibətlərə malik olan İranın da buna müsbət yanaşacağı real deyil. Hər üç ölkə istəməz ki, Fransa hərbi bazaları Ermənistanda mövcud olsun. Bu, həm də Türkiyəyə qarşı olan bir plandır. Başqa bir tərəfdən nəzərə almaq lazımdır ki, Ermənistan KTMT üzvüdür. Orada hazırda Rusiya hərbi bazası mövcuddur. Bu baza çıxarılmadan Fransa orada bazalarını yerləşdirə bilməz. Fransa NATO-nun üzvüdür. Necə ola bilər ki, KTMT-nin yaradıcısı olan Rusiya ilə yanaşı, Fransanın da Ermənistanda hərbi bazaları olsun? Bir şeyi nəzərə almaq lazımdır ki, Paşinyanın Rusiya və KTMT əleyhinə səsləndirdiyi fikirlər ritorikadan o tərəfə keçmir. Ermənistan nə KTMT-dən, nə də Avrasiya İqtisadi İttifaqından çıxmayıb. Başqa bir tərəfdən, Makronun bu avantürası seçkiyə hesablanıb. Məsələ ondadır ki, Makronun partiyası Avropa Parlamentinə keçirilən seçkilərdə faktiki olaraq məğlub oldu. Bu səbəbdən Makran iyunun 30-da Fransa Milli Assambleyyasına seçkilərin keçirilməsinə qərar verdi. Onun bu seçkidə uğur qazanacağı gözlənilmir. Makron erməni lobbisinin, erməni əsilli seçicilərin dəstəyini qazanmaqdan ötrü belə şirnikləndirici addımlar atır. Ermənistana “SEZAR” uzaqvuran haubitsalar verir, hərbi bazaların yerləşdirlməsi məsələsini ortalığa atır. O üzdən, bu deyilənlərin perspektivi yoxdur”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
baki-xeber.com

1Mənbələr