AZ

İstehsalçılar Aİ-dən mərmi istehsalına əlavə vəsait tələb edirlər

Avropanın aparıcı silah-sursat istehsalçılarından olan Nammo və KNDS Brüsseldən 155 mm-lik artilleriya sursatının istehsalında istifadə olunan yanacaq və partlayıcı maddələrin istehsalını artırmaq üçün əlavə maliyyə ayırmağı xahiş edirlər.

Musavat.com xəbər verir ki, bu barədə Amerikanın həftəlik “Defence News” nəşri yazıb.

Şirkətlər Avropa Sursat İstehsalına Dəstək Aktında (ASAP, 500 milyon avro) nəzərdə tutulan vəsaitin yetərli olmadığını qeyd edirlər. Nammo rəhbəri Morten Brandtzeqin sözlərinə görə, Ukraynadakı münaqişə təkcə hərbi əməliyyatlarda deyil, həm də “sənaye müharibəsi”ndə özünü göstərir. O, Kiyevə əlavə hərbi yardım göstərmək üçün istehsal həcminin artırılmasının zəruriliyinə diqqət çəkib, eyni zamanda qeyd edib ki, belə bir qərarın qəbulu ilə hasilatın faktiki genişləndirilməsi arasındakı fasilənin uzunluğu “narahatlıq yaradır”.

Sursat İstehsalına Dəstək Aktı 26 iyul 2023-cü ildə Aİ Şurası tərəfindən təsdiq edilib. Sənəd “Ukraynaya döyüş sursatı və raketlərin çatdırılmasını sürətləndirmək və üzv dövlətlərə arsenallarını doldurmağa kömək etmək məqsədi daşıyır”. Akt sursat və raketlərin istehsalını artırmaq üçün Aİ büdcəsindən təcili olaraq 500 milyon avro ayrılmasını nəzərdə tuturdu.

Avropanın daxili bazar üzrə komissarı Thierry Breton yanvarın 26-da bildirib ki, Aİ ölkələri 2024-cü ilin sonuna qədər 155 mm-lik artilleriya mərmilərinin istehsalını ən azı 1,3 milyon ədədə çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, 2025-ci ildə icma bu çaplı mərmilərin istehsalını 2 milyon ədədə çatdırmağı planlaşdırır.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
musavat.com

1Mənbələr