AZ

Nərminə Həsənli: Blogerlik insanları mütaliəyə cəlb etməkdə mənə kömək edir

Nərminə

Bakı, 21 iyun, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanın tanınmış blogerləri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti müsahibimiz bloger, sahibkar, “Books and Beyond” qapalı üzvlük klubunun və “&Beyond Media” media platformasının təsisçisi Nərminə Həsənlidir. Onunla söhbət əsnasında müəllif layihəsi və bloqunun necə ərsəyə gəlməsini müzakirə etdik, həmçinin fəaliyyətə yeni başlayan blogerlər üçün məsləhətləri qeydə aldıq.

-Nərminə, ilk olaraq hansı yarandı, klub, yoxsa bloq?

- Klub ilk dəfə 2018-ci ildə meydana çıxıb. Mənim biznesim var idi, hamilə qadınlara doğuşa hazırlaşmaqda kömək edirdik, müxtəlif mühazirələr keçirirdik. Eyni zamanda, həmişə çox mütaliə etmişəm və bir fikrim var idi - dostlar üçün kiçik bir icma yaratmaq. İndi orada vaxtaşırı bir araya gələrək kitabları müzakirə edirik. O vaxt bu, yalnız ideya idi. Rəfiqələrimi topladım və seçdiyimiz kitabı müzakirə etmək üçün oturduq. Görüş çox uğurlu keçdi, qızlar bundan həzz aldılar və aylıq diskussiya formatına çevrildi. Əvvəlcə tanışlar, dostlar cəlb olundu, sonra böyüməyə başladı. Sonra, 2020-ci ildə klubun əsasında bir bloq yaratdım. Pandemiya vaxtına təsadüf edirdi, asudə vaxt da çox idi. Biz mütəmadi olaraq ayda bir dəfə onlayn formatda görüşürdük. Bir qədər səmimiyyətin itiriləcəyi məni narahat edirdi. Amma o, hətta internetdə də yoxa çıxmadı. Bəzən qızları özüm söhbətdən ayırırdım (Gülür), çünki axşam saat 7-dən gecə 12-yə kimi oturub kitab müzakirə edə bilirdik. Düşünürəm ki, pandemiya zamanı insanların buna ehtiyac var idi.

- Klubunuz necə inkişaf etdi?

- İlk vaxtlar 10-15 nəfər idik, sonra dostların dostları da bizə qoşulmağa başladılar. Hazırda 250 üzvümüz var. Yeri gəlmişkən, mən klub üzvlərini “knigini” adlandırıram, yəni birinci saiti “i” hərfi ilə. Əgər əvvəllər cəmiyyətimizə kitab klubu deyirdimsə, bu gün qapalı üzvlük klubudur; burada mədəniyyət, incəsənət, ədəbiyyat və sairə ilə bağlı çoxlu tədbirlər keçirilir. İlk vaxtlar sadəcə kitabları müzakirə etmək üçün toplaşırdıqsa, son iki ildə fəaliyyət dairəmiz daha da genişlənib. Klubun adını “Books and Beyond” adlandıran vaxt bilirdim ki, yalnız kitab fəaliyyəti ilə kifayətlənmək planım yoxdur, başqa niyyətlərim da vardı. Nəhayət, bir neçə ildən sonra istədiyim həyata keçdi. Bizim platformada tematik görüşlər, şeir axşamları, şəbəkələşmə tədbirləri, qlobal brendlərlə əməkdaşlıq, tematik kitab axşamları, mühazirələr, ekskursiyalar, ustad dərsləri və sairə yarandı.

-Blogerliyin sizin fəaliyyətinizin ayrıca sahəsi olacağını nə vaxt başa düşdünüz?

- Bir il əvvəl təlimçimlə söhbət zamanı anladım ki, bloq mənim işimdir. Uşaqlıqdan bizə öyrədilib ki, 9-dan 6-ya kimi ofisdə, kompüterlə stol arxasında işləmək lazımdır. Mən öz iş saatlarımı təyin etdim, baxmayaraq ki, bu, korporativ işçilərdən daha az işlədiyim anlamına gəlmir, əksinə, daim “telefondayam”. Yeri gəlmişkən, hazırda mən telefon və virtual dünya ilə sərhədlər yaratmağı öyrənirəm...

Reklamçılar mənimlə əlaqə saxlamağa başlayanda fəaliyyətimin bir iş yeri olduğunu daha aydın başa düşdüm. Abunəçilərə faydalı olmaq mənim üçün həmişə vacib idi. Sonra başa düşdüm ki, başqa bir şəkildə də faydalı ola bilərəm, yəni bəzi məhsullar haqqında danışmaqla. Amma reklam tərəfdaşlarını çox diqqətlə seçirəm. Əgər məhsul həqiqətən yaxşıdırsa, niyə bu barədə danışmayaq?

Bloqumun sayəsində çox maraqlı insanlarla tanış oldum, onları yəqin ki, həyatda görməzdim. Bloq insanlara mütaliə etməyə kömək edir. Onları bloqumun estetik məzmunu cəlb edir və sonra insanlar öyrənirlər ki, mənim çox maraqlı hadisələrin baş verdiyi bir klubum da var və bizimlə birlikdə mütaliə edə bilərlər. Bu səbəbdən onlar kluba üzv olmaq istəyirlər. Tez-tez bizə göndərdikləri anketlərdə yazırlar: “İşlə əlaqədar uzun illərdir kitab oxumuram, amma həqiqətən də bunu istəyirəm”. Amma bizim klubda çıxış yolu yoxdur; klubdasansa, oxumalısan (Gülür). Bu, mənim üçün bu bloqdan əldə etdiyim ən yaxşı nəticədir.

-Sizcə, uğurunuzun sirri nədədir?

-Düşünürəm ki, hər şey mənim üçün çox üzvi şəkildə baş verdi. 2020-ci ildə pandemiya zamanı bağ evində yaşayırdıq və mənim daha çox vaxtım olanda Instagramda müxtəlif səhifələrdən ilhamlandım, sonra ətrafımda bir növ gözəllik yaratdım, oxuduğum kitablar və ya özüm bildiyim faydalı bir şey haqqında yazdım. Mənə elə gəlir ki, praktiki olaraq həmişə maraqlandığım yerə gedirdim. Bir yenilikdən ruhlanır və insanları arxamca aparırdım. Enerji elementi və özünüzü maraqlandıran sahələr çox vacib amildir. Gözləriniz işıqlananda və bunu gözəl sözlərlə, şəkillərlə insanlara çatdıra bildiyiniz zaman onların da gözləri işıqlanmağa başlayır. Düşünürəm ki, ehtiraslı insan çox cəlbedici insandır. Fikrimcə, kitablardan əldə etdiyim həqiqət də budur: sən buna həvəslisən, bu biliyi insanlara ötürmək istəyirsən və onları cəlb edə bilirsən.

-Nərminə, sizcə bu gün mütaliə ilə bağlı vəziyyət necədir?

- Pandemiya zamanı “TikTok” və “BookTok” həştəqi sayəsində oxucuların sayı artıb. Belə bir müəllif var, onun adı Kolin Huverdir. Mənim üçün bu, aşağı dərəcəli ədəbiyyatdır, lakin “TikTok” sayəsində çox populyarlaşdı. Gənclər onun kitablarını nəşr etdirdilər və bu, dəb halına gəldi. Onun sayəsində bum yarandı və gənc nəsil oxumağa başladı. Məncə, maraqlıdır, çünki böyüyür. Siz Kolin Huver ilə başlayırsınız, lakin bəzi digər müəlliflərə də keçmək lazımdır. Yəni insanlar qorxurdu ki, oxucuların sayı azalar, deməli, bu, belə deyilmiş, əksinə, onlar getdikcə artır. Klubumda isə müşahidə edirəm ki, mənim “kniginalarım” burada oxuduğumuz kitablardan əlavə ədəbiyyat da mütaliə edirlər. Azərbaycan dilinə çoxlu sayda kitablar tərcümə olunur, bizim dilə tərcümə yoxdursa, türkcə oxuyurlar. Kitab yarmarkalarında kitabların necə alındığını da müşahidə edirəm və bunu görməkdən çox məmnunam.

-Fəaliyyətə yeni başlayan blogerlərə hansı əsas 3 məsləhəti verərdiniz?

- Əvvəlcə, özünüzə sadiq olun. Instagram üçün hansısa imic yaratmağa ehtiyac yoxdur, çünki bir gün bundan bezəcəksən və bu maskanı atmaq istəyəcəksən. Bu, izləyiciləriniz üçün ağrılı ola bilər, çünki onlar artıq bu obrazı görmək istəyirlər. Abunəçilərlə dürüst olun. İki nömrəli məsləhət - sizi maraqlandıran mövzuda yazın və tərtib edin. Ehtiraslı insan başqalarını da “yoluxdurur”. Üçüncüsü, bloqunuzun böyüməsini istəyirsinizsə, nizam-intizam lazımdır. Bu, 9-dan 6-ya qədər olan bir iş yeri olmadığı üçün sizin irəliləyişinizə nəzarət edən bir müdiriniz yoxdur, sizin rəhbəriniz özünüzsünüz. Böyük bir auditoriyaya sahib olmaq istəyirsinizsə, bu sahədə intizamlı olmalı və Instagram alqoritmlərini öyrənməlisiniz, çünki onlar günbəgün dəyişir. Hər gün məzmun göndərməlisiniz. Hərçənd, bunu mən özüm etmirəm, amma başqalarını təşviq edirəm (Gülür).

-Gəlin, yenidən sizin kitab klubunuza qayıdaq. Mütaliə üçün kitabları hansı prinsip üzrə seçirsiniz?

- Bizdə onlayn səsvermə var. Əvvəlcə janr və mövzu seçirik, mən ümumi seçim edirəm və sonda ən çox səs toplayan kitabı oxuyuruq. Mən xaricdəki kitab mağazalarına getməyi və orada nələrin maraqlı olduğunu görməyi xoşlayıram, həmçinin kitab nəşriyyatlarının və ya kitab blogerlərinin səhifələrini daim izləyirəm, “Buker” mükafatı və ya “Pulitzer” kimi müxtəlif mükafatların qaliblərinin siyahılarına da baxıram.

- Nərminə, onda eksperiment keçirək. Mənə də kitab tövsiyə et! Xahişim belədir: mən ab-havalı bir şey istəyirəm, çoxlu təsvirlər olsun, tələsik, güclü dinamika, müasir dövr olmasın - məsələn, XX əsrin əvvəlləri və həm də çox fəlsəfi əsər istəyirəm...

- Mən sizə nəyi məsləhət görəcəyimi bilirəm! Edit Uortonun “Günahsızlıq epoxası” əsəri. O, XX əsrin əvvəllərində “Pulitzer” mükafatını qazanan azsaylı qadın müəlliflərdən biridir. Skorseze bu kitab əsasında film çəkib. Kitab XIX əsrin sonu – XX əsrin əvvəllərindən bəhs edir, hadisə Nyu-Yorkda baş verir. Orada çoxlu təsvirlər, məhəbbət hekayəsi, sevgi üçbucağı var, sonu isə açıqdır...

-Alıram! Onu bükün!

(Gülürük)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
azertag.az

1Mənbələr