AZ

AQTA-nın "ifşa" etdiyi dondurmalar mağazalarda satılır... "Qeyri-şəffaf iş istehlakçıda inamsızlıq yaradır"

Bir neçə gün əvvəl Qida Təhlükəsizliyi Agentliyi Bakı və regionlarda ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirmişdi. Monitorinqlər zamanı 4 istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanmışdı. Maraqlıdır ki, yayın isti günlərində sərinləmək üçün daha çox istifadə etdiyimiz dondurmaları standartlara uyğun hazırlaya bilməyən istehsalçılara qarşı hansı tədbirlər görülür? Və bir müddət əvvəl mağazalarda satılan bu dondurmalar hazırda satışdan çıxarılırmı? “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, elə bu günlərdə “Azad İstehlakçılar” Birliyinə 10-na qədər istehlakçıdab zəng daxil olub. Bildirilib ki, adı çəkilən dondurmalar satışda var. Ekspert bildirib ki, ümumiyyətlə bakteriyalı, çirklənmiş və yaxud keyfiyyətsiz mal anlayışı müəyyən partiya mala aid olan anlayışdır. Yəni demək olmaz ki, “filan zavod daim təhlükəli mal buraxır və ya çirklənmiş mal buraxır”. Eyyub Hüseynov “Çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi bu partiyanın adını çəkmir. Bu barədə məlumat verilmir. Bu məsələnin hansı partiyaya aid olmasını bilmək istəyirik. Qida Təhlükəsizliyi Agentliyi illər boyu müəssisə adı çəkməyib. Bu da yaxşı haldır ki, müəssisənin adı da, məhsulun adı da çəkilir. Lakin məhsulların geri çağrılıb şəffaf məhvedilmə proseduru barədə yenə qaranlıq məqamlar qalır. İstehlakçı əmin olmalıdır ki, dövlət orqanı bunu ifşa etdisə, satışı davam etməyəcək. İstehlakçının vəzifəsi deyil ki, o siyahını qabağına qoyub araşdırma aparsın. Elə özləri də mənə zəng vurub belə deyirlər ki, "biz dondurma alanda əlimizdə kağız gəzək ki, bu məhsul satışda yoxdur". İstehlakçı dövlət orqanına tam inana bilməlidir ki, adı çəkilən məhsul satışdan yığışdırılıb”-deyən ekspert bildirib ki, bu işlərdə belə qeyri-şəffaflıq da mövcuddur. Yəni dövlət orqanı iş aparan kimi malların geri çağırılmasını həyata keçirməli, KİV-in və ictimai təşkilatların iştirakı ilə şəffaf şəkildə məhvetmə proseduru həyata keçirilməlidir. İstehlakçılar malın partiyasını bildirilməlidir. Ekspertin fikrincə, bütün qaranlıq məqamlar istehlakçılarda inamsızlıq yaradır və yeni suallar ortaya çıxarır. “Burada pul almaq məqsədi ola bilməz, çünki hökümətin apardığı siyasət elə qurulub ki, məndə olan məlumata görə dövlət məmurları biznes qurumlardan hamının hiss edə bildiyi tərzdə pul almırlar. Mən inanmıram ki, bundan ötrü olsun. Lakin onu da biz bilməliyik ki, 20-dən çox dondurma istehsalçısı var. Küncdə-bucaqda gizlənənlərin hamısı ifşa olunmalıdır. Eləcə də xaricdən gətirilən dondurmalar da Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindən keçirilməlidir. Bu, yaxşı işdir. Bunu davam etmək lazımdır. Mallar geri çağrılmalı, onların ictimai nəzarət çərçivəsində məhvedilmə prosesi həyata keçirilməlidir”-deyə Eyyub Hüseynov vurğulayıb. P.S. Bu gün mağazaya getsək belə, hansı malın bakteriyalı və çirklənmiş olduğunu müəyyən edə bilmərik. Çünki ekspertin də qeyd etdiyi kimi keyfiyyətsiz partiya haqqında məlumat verilmir. Yəni mağazadan keyfiyyətsiz dondurma alıb yesəniz və sağlamlığınıza hansısa bir fəsadı olsa belə onu da sübut etmək çətin olacaq. Qısası, işimiz Allaha qalıb… İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
bizimyol.info

1Mənbələr