AZ

Yeniyetmələ voleybolçular Xaçmaz Olimpiya İdman Kompleksində yarışırlar

Xaçmaz, 21 iyun, Elxan Yusifli, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən yeniyetmə qızlar və oğlanlar arasında regional voleybol çempionatında ikinci turun oyunları keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər veriri ki, may ayından başlayan yarışda Sumqayıt, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəni təmsil edən 14 komanda mübarizə aparır.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən ikinci turun oyunlarında “Xaçmaz” “Sumqayıt”la, “Quba” isə “Siyəzən” kollektivi ilə qarşılaşıb.

Matçlardan əvvəl Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov çıxış edərək ölkəmizdə idmanın, o cümlədən voleybolun inkişafından, əldə olunan nailiyyətlərdən danışıblar. Bildirilib ki, voleybola marağın artırması məqsədilə paytaxtla yanaşı, digər şəhər və rayonlarda da müxtəlif layihələr həyata keçirilir.

Çıxışlardan sonra qarşılaşmalara start verilib. Gərgin keçən matçlarda sumqayıtlı oğlanlar xaçmazlı voleybolçulardan üstün olublar. Digər matçda isə “Quba” komandası qalib gəlib.

Sumqayıt Regional Voleybol Klubunun təşkil etdiyi turnir dairəvi sistem üzrə keçirilir. Qaydalara uyğun olaraq turnir cədvəlində ilk 4 yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin qarşılaşmalarında qalib gələnlər çempion adı uğrunda, məğlub olanlar isə bürünc medallar üçün yarışacaqlar.

Regional yarışa noyabr ayında yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
azertag.az

2Mənbələr