AZ

Tahir Süleymanov avrokuboklardakı rəqiblərdən danışdı: “Hədəf yüksək olmalıdır”

Azərbaycan təmsilçilərinin avrokuboklardakı rəqibləri açıqlanıb. “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqasında mübarizə aparacaq “Zirə”nin birinci rəqibi “Şerif” (Moldova) olacaq. Konfrans Liqasında II təsnifatdan başlayacaq “Sabah” İsrailin “Makkabi” (Hayfa), “Sumqayıt” isə Macarıstanın “Fehervar” komandası ilə üz-üzə gələcək.

Keçmiş FIFA referisi, “Neftçi”nin sabiq vitse-prezidenti, hazırda Bakı Futbol Federasiyası İctimai Birliyinin rəhbəri Tahir Süleymanov “FutbolPress“ə açıqlamasında püşkləri dəyərləndirdi:

“Başa çatan çempionatın finişi avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalar üçün gərgin keçdi və son turda yerlər müəyyənləşdi. Premyer Liqada rəqabət öz yerində, çempionatın, klubların səviyyə göstərici Avropa görüşlərində bilinir. Bu baxımdan son illər statistika ürəkaçan deyil, tək “Qarabağ” ölkə klub futbolunu layiqincə təmsil edir. Şəxsi əmsalla yanaşı, ağdamlılar nə qədər reytinq xalları toplasalar da, Azərbaycan adına sonda 4 bölünür. Bu amil klublarımızın daha zəif rəqiblərlə startına imkan vermir, baxmayaraq ki, yaxın keçmişdə ölkəmiz ilk 20-liyi haqlamışdı. Nə qədər çətin görünsə də, komandalarımız minimumdan maksimumu əldə etməyə çalışmalı, bu boşluğu aradan qaldırmalıdır.

Püşkə əsasən, ən çətin rəqib “Sabah”ı gözləyir, “Makkabi” təcrübəli və güclü komandadır. Avropa liqasında “Zirə”nin qarşısına çıxacaq “Şerif” nə qədər öz mövqeyini itirsə də, böyük avrokubok, qruplar təcrübəsi var, asan olmayacaq. “Sumqayıt”ın “Fehervar”la görüşləri də sıradan deyil, Macarıstan futbolu son illərdə yüksəliş dövrünü yaşamaqdadır. “Qarabağ” isə ənənəvi olaraq öz yolunu davam edəcək. İnam uğurun yarısı deməkdir, əksər klublarımızın maliyyə imkanları bəlli olsa da, hədəf yüksək olmalıdır”.

Süleymanov komandaların oyunlara məğlub psixologiya ilə çıxmamalarının vacibliyini vurğuladı:

“Məğlub psixologiya ilə oyunlara çıxılmamalıdır. Komandalarımızın azarkeş dəstəyinə də böyük ehtiyacı var. inanıram ki, tribunalar dolu olacaq və fanatlar öz komandalarını qələbəyə səsləyəcək. Avrokuboklarda klublarımıza uğurlar!

Starta uyğun hər komandanın öz hazırlıq planı var. “Qarabağ” əgər artan trayektoriya ilə tədricən pik formaya çatmağı düşünəcəksə, digər komandalarımız ilk oyunlara imkan daxilində optimal hazırlıqla yetişməlidir, əks halda, rəqibləri üstələmək çətin olar. Təbii, transferlər, vaxtında komandaların komplektləşməsi çox vacibdir”.

“Neftçi”nin keçmiş vitse-prezidenti “ağ-qaralar”ın hazırkı durumuna da toxundu. Süleymanov rəhbəri, baş məşqçisi bəlli olmayan “Neftçi” haqda bunları dedi:

“Neftçi” artıq uzun illərdir mövqeyini itirib. Bu barədə davamı olaraq təhlillərimizi etmişik, çıxış yollarını göstərmişik. Deyilən sözlər öz çəkisini, dəyərini itirməməlidir. Bu barədə yenidən geniş fikir bildirmək istəmirəm, hər şey göz önündədir. “Neftçi” çempionluqlarını, kuboklarını, tarixi uğurlarını yerli idarəçilərlə, mütəxəssislərlə qazanıb!”

Sosial şəbəkələrdə bir qrup fanatlar Tahir bəyin yenidən “Neftçi”yə qayıtmasını arzulayır. Funksioner azarkeşlərin çağırışlarına belə cavab verdi:

“Hər birinə ayrı-ayrılıqda öz dərin minnətdarlığımı bildirirəm. Ən böyük zirvə azarkeşlərin qəlbində daimi yer almaq, unudulmamaqdır. Verilən dəyər, göstərilən münasibət məsuliyyətimizi daha da artırır!”

Şahin Cəfərov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
futbolpress.az

1Mənbələr