AZ

“Mister No” NATO rəhbərliyinə gətirilir – Ukraynada vəziyyət ciddi şəkildə dəyişə bilər  

 

7 aylıq kampaniyadan sonra Hollandiyanın baş naziri Mark Rutte NATO-ya üzv olan 32 ölkənin hamısından yekdilliklə Alyansın növbəti baş katibi olması üçün razılıq ala bilib. Məlumata görə, Mark  Rutte dünən Rumıniyadan da sonuncu təsdiqini əldə edə bilib. O, hazırkı baş katib Yens Stoltenberq istefa verdikdən sonra oktyabrın əvvəlində vəzifəsinin icrasına başlayacaq. Bəs NATO-nun Baş katibliyinə yeni gətirilən Mark Rutte alyansa nə qazandıracaq? Alyansın Rusiya ilə müharibəyə ciddi hazırlaşdığı bir zamanda Ruttenin Stoltenberq kimi təcrübəli siyasi xadimi əvəzləyə biləcəkmi?

Siyasi şərhçi Heydər Oğuzun Musavat.com-a verdiyi açıqlamaya görə, Mark Rutte öz sələfindən daha yaxşı performans göstərə bilər: “Söhbət əgər təcrübədən gedirsə, Rutte də siyasi təcrübə və idarəetmə qabiliyyəti baxımından  Stoltenberqdən heç də geri qalmır. Sadəcə onu xatırlatmaq kifayətdir ki, Rutte 2010-cu ildən indiyədək Hollandiya kimi çətin ölkəni idarə edir. Baxmayaraq ki, son erkən seçimlərdə onun partiyası ultra-sağ siyasi görüşə malik Geert Vildersin partiyasına məğlub olmuşdu. Rutte hazırda 4 partiyanın koalisiyasından formalaşan Holland hökumətinə rəhbərlik edir. Onun ittifaq qurduğu partiyalar isə bir-birinə zidd müxtəlif siyasi düşüncənin təmsilçiləridir. Buna baxmayaraq Rutte onları öz çətiri altına almağı bacarıb. Məhz bu keyfiyyətinə görə də NATO-nun gələcək Baş katibi “konsensus ustası” ünvanı ilə tanınır. Zənnimcə, onun hər kəslə dil tapma qabiliyyəti indiki dövrdə alyansa hava-su kimi lazımdır və bu səbəbdən də NATO-nun Baş katibliyi postuna gətirilir”.

Siyasi şərhçinin iddiasına görə, Mark Ruttenin uğurunun digər ən mühüm sirri ABŞ-ın keçmiş prezidenti Donald Trampla da yaxın münasibət qura bilmək qabiliyyətindədir: “Maraqlıdır ki, Trampın ilk hakimiyyəti dövründə ABŞ prezidentinin Avropadan tələb etdiyi prinsiplərə ən çox qarşı çıxan da elə Rutte idi. Ticarət ölkəsi tanınan Hollandiya hərbi xərcləmələrə də tələb olunandan az vəsait ayırırdı. İddialara görə, NATO üzvlərinin ÜDM-nun ən azı 2%-ni müdafiəyə ayırması öhdəliyinə əməl etməyən Avropa ölkələrinə qəzəblənən Doland Tramp bu alyansdan çıxmağa qərar vermişdi. Ruttenin 2018-ci il Brüssel Sammitində ABŞ prezidenti ilə görüşündən sonra Tramp bu qərarı durdurmuşdu. Məhz bu səbəbdən də ona Avropa İttifaqı ölkələrində “Trampla pıçıldaşmağı bacaran adam” ləqəbi taxılıb. Bu ilin axırlarında ABŞ-da keçiriləcək prezident seçkilərində Trampın hakimiyyətə gəlmə ehtimalını nəzərə alsaq, NATO-nun başına Ruttenin gətirilməsinin əsl səbəblərindən birini anlaya bilərik”.

Ruttenin Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla da yaxın münasibətləri var. Dəfələrlə Türkiyə prezidenti barədə müsbət fikirlər səsləndirən Rutte sosial media paylaşımlarından birində qardaş ölkə barədə bunları bildirib: “Türkiyə regionda və daha çox təsirə malik geosiyasi oyunçudur, bir çox fərqli sahədə NATO müttəfiqi və tərəfdaşıdır. Xüsusilə də terrorla mübarizə, təhlükəsizlik, iqlim, enerji, iqtisadiyyat və miqrasiya sahəsində. Ərdoğan da öz növbəsində Rutte ilə son görüşündə onu “dost” adlandırıb”.

f5ce6e2915e7ae1d337069f920b9ef3e.jpg

Ruttenin Türkiyəyə son səfərinə toxunan Heydər Oğuz maraqlı bir məqama diqqət çəkdi:

“Bilirsiniz ki, NATO-nun Baş katibi olmaq üçün Rutte bütün üzvlərin razılığını almalı idi. Onun qarşısında dayanan ən çətin əngəl isə Türkiyə prezidenti Ərdoğan və Macarıstan lideri Orban idi. Ərdoğanın incə mənəvi məqamlara əhəmiyyət verdiyini bilən Rutte onunla görüşə öz xərci ilə gəlmişdi. Yəni Haaqadan Ankaraya təyyarə biletini öz cibindən alıb şəxsi məsələsinə Hollandiya büdcəsindən pul xərcləmişdi. Ruttenin bu addımının Ərdoğan üçün mənəvi tərəfi orda idi ki, Rutte həqiqətən həyatda da öz mütəvaziliyi ilə seçilir. 14 il Hollandiya kimi ölkəyə rəhbərlik etməsinə baxmayaraq, hələ də təmtəraqdan uzaq evdə yaşayır. Evdən işə şəxsi velosipedi ilə gedib gəlir. İslamın təvazökarlıq prinsipinə laqeyd qalamayan Ərdoğan təbii ki, buna da diqqətsiz yanaşa bilməzdi. Həqiqətən də Türkiyə prezidentinin razılığını almaq onun üçün çətin olmadı. Təbii ki, Ərdoğanın razılığında Türkiyənin qırmızı cizgilərinin Rutte tərəfindən qəbul olunmasının da böyük rolu vardı. İstər Ərdoğanla görüşündə, istərsə də digər vaxtlarda verdiyi açıqlamalarda Rutte bu qırmızı cizgiləri həmişə nəzərə alıb. Onun Ərdoğanla son görüşündə “NATO-nun cənub qanadının Türkiyəyə və onun rəhbərliyinə ehtiyacı olduğunu” vurğulaması, Ankaranı “bölgəsində və geosiyasi baxımdan nüfuzu olan bir aktyor” kimi xarakterizə etməsi alyansın rəhbəri kimi qardaş ölkəyə hansı münasibəti bəsləyəcəyini göstərirdi. Ərdoğan da bu jestə cavabsız qalmamışdı. Səfərdən sonra Ankara rəsmi olaraq Türkiyənin Ruttenin namizədliyini dəstəklədiyini və bu dəstəyin Brüsselə bildirildiyini açıqlamışdı. Orbanla münasibətə gəlincə, iddialara görə, NATO-nun indiki Baş katibi Stoltenberqin macar lideri ilə danışıqlarında əldə olunan konsensusda da Ruttenin böyük rolu var. Konsensusa görə, NATO Rusiya ilə müharibədə Macarıstandan heç nə tələb etməyəcək, Macarıstan isə alyansın Rusiyaya qarşı aldığı qərarların keçməsinə əngəl olmayacaq”.

Heydər Oğuzun fikrincə, Ruttenin NATO Baş katibi vəzifəsinə gətirilməsinin bizim və Türkiyə üçün ən yaxşı özəlliyi onun da Fransa prezidenti ilə münasibətinin o qədər də yaxşı olmamasıdır: “Avropa diplomatlarından birinin mediaya verdiyi açıqlamaya görə, Rutte “Mister No” ünvanı ilə də məşhurdur. Onun bu ünvanı almasının səbəbi Fransa prezidenti Emmanuel Makronun gündəmə gətirdiyi hərtərəfli islahat planlarına və yeni baxışlara soyuq münasibət bəsləməsi ilə əlaqədardır. Diplomat bildirib ki, Rutte Fransa liderinin bu təklifləri qətiyyən yaxına buraxmadığı üçün həmkarı tərəfindən “Mister No” (Cənab Xeyr) kimi tanınır. Rutte Fransa liderindən fərqli olaraq, alman kansleri Olaf Şolzla daha rahat anlaşa bilir. İtaliyanın ifrat sağçı baş naziri Giorgia Meloni ilə də münasibətləri də pis deyil. O, hətta Aİ-dəki qaçqınların üçüncü ölkələrə göndərmək məsələsində Melonini tam dəstəkləyir. Bütün bunlar Ruttenin Fransa ilə dərin rəqabətdə olan anqlo-sakson ittifaqa yaxınlığından xəbər verir”.

Ruttenin milli mənsubiyyətinin də Baş katibliyə gətirilməsində önəmli rol oynadığını bildirən Heydər Oğuzun fikrincə, indiyə qədərki alyans rəhbərlərinin milli kimliyinə nəzər salanda görürük ki, onlar əsasən Şimali Avropa ölkələrindən seçiliblər: “NATO-nun 75 illik tarixinə nəzər salanda Baş katib vəzifəsinə yalnız 2 dəfə Cənubi Avropa ölkələrindən seçildiyini görə bilərik. Bunlardan biri Xavier Solana (İspaniya) və digəri isə Manlio Brosio (İtaliya) idi. Ümumiyyətlə, indiyədək görəv başında olan NATO-nun Baş katibləri 8 fərqli ölkəni təmsil ediblər. Onlardan 3-ü Böyük Britaniyadan, 3-ü Hollandiyadan 2-si, Belçikadan olub. İtaliya, Almaniya, İspaniya, Danimarka və Norveçdən isə yalnız bir dəfə Baş katib seçilib. Fransadan isə ümumiyyətlə Baş katib çıxmayıb. Bu fakt, məncə, çox önəmlidir və anqlosakson ittifaqın alyansdakı gücünü göstərir. Nəzərə alsaq ki, pay bölgüsündə Avropanın şimalının təhlükəsizliyi əsasən Böyük Britaniyanın öhdəsinə düşür, Makronun 2019-cu ildə birdən-birə cuşa gəlib “NATO-nun beyin ölümü gerçəkləşmişdir, Avropa özünə yeni ordu qurmalıdır” bəyanatının altında yatan hikməti anlaya bilərik”.

Azərbaycan və Türkiyənin Böyük Britaniyaya daha yaxın mövqedə dayandığını iddia edən həmsöhbətimiz bu vəzifə dəyişikliyinin bizim xeyrimizə olduğuna inanır: “Prezident İlham Əliyevlə Mark Ruttenin sonuncu görüşü ötən il Davos toplantısında baş tutub. Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirib. Başqa sözlə, Rutte Azərbaycanın Avropa İttifaqı üçün dəyərini bilir və indiyədək ermənipərəst bəyanatlarla yadda qalmayıb. Zənnimcə, bu amil bizim üçün olduqca vacibdir”.

Ruttenin NATO-nun Baş katibi seçilməsinın Ukraynanın da xeyrinə olacağını bildirən siyasi şərhçi qeyd etdi ki, Kiyevin F-16 çağırışlarına ən ciddi dəstəyi verənlərdən biri Rutte idi. Onun rəhbərlik etdiyi Hollandiya ilə Danimarkanın Ukraynaya F-16 tədarükü və ukraynalı pilotların hazırlanması barədə imzaladığı razılaşma var. Razilaşmaya əsasən, Hollandiya Ukraynaya 42, Danimarka isə 19 ədəd F-16 təyyarəsi verəcək. Ümid edirəm ki, Ruttenin Baş katibliyi dönəmində Ukrayna çoxdan arzuladığı təyyarələrə qovuşa biləcək və ölkəsini işğaldan azad edəcək.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
musavat.com

2Mənbələr