AZ

Rusiya Şimal dənizində casusluq üçün 200-ə yaxın mülki gəmidən istifadə edir

Rusiyanın 200-ə yaxın mülki gəmisi Avropanın kritik infrastrukturu və NATO-nun Şimal dənizindəki təlimlərində casusluq etmək üçün istifadə edilmiş ola bilər. Təhlükəsizlik ekspertləri bunu Soyuq müharibə taktikasının canlanması kimi qiymətləndirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Follow the Money” və Belçikanın "De Tijd” qəzetinin birgə araşdırmasında deyilir.

Araşdırmada bildirilir ki, Rusiya gəmilərinin ekipajları Şimal dənizində 950 casusluq hadisəsində şübhəli bilinir. "Follow the Money” və "De Tijd”in məlumatına görə, ekipajlar dənizdə rabitə vasitələrinin yerləşdiyi yer haqqında məlumat toplaya və NATO üzvü olan ölkələrin hərbi təlimlərinə nəzarət edə bilərlər.
Araşdırma göstərir ki, Rusiya casusluq üçün balıqçılıq, yük və tədqiqat gəmiləri, yaxtalar və neft tankerlərindən istifadə edə bilər. Onlardan 35-i casusluqda şübhəli bilinən şirkətlərə aiddir.

Araşdırmaçıların dediyinə görə, bu cür gəmilər tez-tez öz marşrutlarından kənara çıxır, dövrə vurur və ya məqsədsiz şəkildə sürüklənirdilər. Onların fikrincə, bu cür manevrlər onu göstərir ki, gəmilər yük daşımaq, balıq tutmaq və ya elmi tədqiqatlar aparmaq əvəzinə, kritik infrastrukturun harada yerləşdiyi və onun hansı zəif nöqtələrə malik ola biləcəyi barədə məlumat əldə etmək, həmçinin NATO təlimlərinə nəzarət etmək üçün istifadə olunub.

18-ci əsrdə I Pyotrun tikdiyi gəminin dəqiq surəti olan "Ştandart” freqatı öz marşrutundan 230 dəfədən çox yayınıb. "Ştandart”, təxminən 90 dəfə NATO gəmilərindən 10 kilometrdən az məsafəyə yaxınlaşıb. "Sirius”, "Atlantic Lady” və "Arctic Spirit” yük gəmiləri sualtı kabellər və boru kəmərləri üzərində şübhəli manevrlər ediblər.

Araşdırmada deyilir ki, sahil mühafizəsi və Avropa polisi 2014-cü ildən bəri dəfələrlə dəniz dibinin xəritəsini çəkmək və kabelləri tapmaq üçün istifadə edilən dinləmə avadanlığı, sualtı dron və ya hidroakustik skanerləri aşkar edib.

Belçika dəniz təhlükəsizliyi departamentinin nümayəndəsi Tomas De Spiqelere bildirib ki, BMT-nin Dəniz Hüququ Konvensiyasında nəzərdə tutulan məhdudiyyətlər səbəbindən Avropa ölkələrinin hakimiyyət orqanları casusluğun bu formasına effektiv şəkildə qarşı çıxa bilmir. Onun sözlərinə görə, sahil mühafizəsi və polis gəmiləri yalnız yaxından izləyə və müstəsna hallarda onları yoxlaya bilər, lakin gəmiləri və ekipaj üzvlərini qəribə manevrlərə və ya gəmidə aşkar edilmiş avadanlıqlara görə həbs edə bilməz.

FTB-nin keçmiş əks-kəşfiyyat analitiki Kevin Rile bildirir ki, mülki gəmilər Soyuq müharibə dövründə Şimal dənizində casusluq və təxribat üçün geniş istifadə olunub. Onun sözlərinə görə, 2014-cü ildən Rusiya Müdafiə Nazirliyinin Dərinsuların Tədqiqi Baş İdarəsi və QRU belə əməliyyatları bərpa edib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
qaynarinfo.az

1Mənbələr