AZ

Yeni CƏRİMƏLƏR – Bu qaydaları pozan sürücləri hansı cəzalar gözləyir?

Xidməti parklanma yerlərində avtomobil saxlayanlar üçün yeni cərimə tətbiq ediləcək.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə qırx manat məbləğində cərimə ediləcək.

Eləcə də nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmaya görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyacaq.

Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, habelə həmin xidmətlə bağlı ödənişin tələb edilməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Qanunvericiliyə “velosiped zolağı”, “velosiped cığırı” və bu anlayışların hər ikisini ehtiva edən “velosiped yolu” anlayışı da daxil edilir.

Layihəyə əsasən, 1.26 nişanlanması velosiped yolunu göstərir. Velosiped zolağı yolun hərəkət hissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş və uzununa nişanlama xətti ilə ayrılmış hissəsidir. Velosiped cığırı velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və 1.26 nişanlaması ilə işarələnmiş ayrıca yol və ya yol hissəsidir. Velosiped cığırı digər yoldan və ya eyni yolun digər elementlərindən konstruktiv şəkildə ayrılır. Velosiped yolu velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulmuş velosiped cığırı və ya zolağıdır.

Velosiped yollarında materialların yığılması və predmetlərin saxlanılması (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şəraitin yaradılması və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənilməsi və ya boşaldılması qadağandır.

Velosiped zolağı qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Avtomobil yollarında eyni zamanda velosiped zolağı və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq tətbiq oluna bilər. Bu halda velosiped zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan sağ tərəfdə ayrıca tətbiq olunmalıdır.

Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti, dayanması və ya durması qadağandır.

“Yol hərəkəti haqqında” qanunla müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə ediləcək.

Şəxs nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə cərimələr artırılır.

Layihəyə əsasən, parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə iyirmi manat məbləğində cərimə ediləcək.

Hazırda bu cərimənin məbləği 10 manatdır.

Yeri gəlmişkən, texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə yeni cərimələr müəyyənləşir.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 338-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
konkret.az

2Mənbələr