AZ

TDT-dən “Türk NATO-su”na - mühüm gediş

Elman Nəsirov: “Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin birgə potensialı istənilən hədəfə çatmağa imkan verir”

Xəbər verdiyimiz kimi, Qırğızıstanın Azərbaycan və Gürcüstandakı keçmiş səfiri Kayrat Osmonəliyev NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasını təklif edib. Diplomat Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı regional təhlükəsizliyin təmin edilməsi sahəsində türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsinin, daha doğrusu, NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasının zəruriliyini vurğulayıb.

“Hər bir ölkənin təhlükəsizliyinin bütün regionumuzun təhlükəsizliyinin açarına çevriləcəyi Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır. Başqa sözlə, əgər onu Türk Dövlətləri Təşkilatını Aİ ilə yanaşı, mövcud dünya analoqları ilə müqayisə etsək, gələcəkdə müdafiə ittifaqı kimi "Türk NATO-su" və ya “Türk KTMT-si”nin yaradılması haqqında düşünməliyik", - deyə Kayrat Osmonaliyev bildirib. Qeyd edək ki, bənzər fikirlər əvvəllər də irəli sürülüb. 

Azərbaycan Prezidenti İlham Əliyev isə bu yaxınlarda bəyan edib ki, Türk Dövlətləri Təşkilatı dünya siyasətində əsas söz sahiblərindən biri olacaq təşkilata çevriləcək. Türk Dövlətləri Təşkilatı yaranandan sonra  ideya daha cəlbedici olmağa başlayıb. Bəs bölgədə və dünyada gedən təlatümlü geosiyasi proseslər “Türk NATO-su”nu nə dərəcədə zəruri edir? Rəsmi Bakı bu xüsusda nə düşünür? Zaman bizi həqiqətənmi “Turan ordusu”na yaxınlaşıdırır? Rusiya, İran və Qərbin buna reaksiyası necə olacaq?   

Onu da qeyd edək ki, az öncə qardaş Türkiyənin BRİKS-ə qoşulandan sonra NATO-nu tərk edə biləcəyi barədə iddialar səslənmişdi.

Elman

Elman Nəsirov

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Türk Dövlətləri Təşkilatının dünyada çox güclü qüvvəyə çevrilməkdə olduğu bir həqiqətdir. Bunun üçün onun bütün resursları var: “İlk növbədə çox ciddi ərazi, coğrafi mövqe resursu var, 4,8 milyon kvadrat kilometr əraziyə malikdir. Həmçinin çox ciddi iqtisadi resursa malikdir, təxminən 4 trilyon dollarlıq bu ölkələrin birlikdə ümumi-daxili-məhsulu təşkil edir. Eyni zamanda bu təşkilata üzv olan dövlətlərin ümumilikdə 200 milyon nəfərədək əhalisi var. Yəni burada çox ciddi insani resurslardan söhbət gedir. Ticarət dövriyyəsi 856 milyard dollara çatır. Bütün bunlar onu göstərir ki, sözün həqiqi mənasında bu gün Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin birgə potensialı istənilən hədəfə çatmağa imkan verir. Amma əsas deviz odur ki, biz birlikdə güclüyük. Doğrudan da Türk dövlətləri bir yerdə təşkilatlanmış formada olanda istənilən hədəfə çata bilərlər və hər birinin üzləşdiyi problemin tənzimlənməsində məhz bir yerdə olmaq öz sözünü demiş olar. Söhbət bu təşkilatın hərbi kontingenti kontekstindən getdikdə, bu məsələlər hazırda rəsmi müzakirə predmeti deyil. Daha çox Türk Dövlətləri Təşkilatını Avropa İttifaqı modeli baxımından qiymətləndirmək olar, nəinki NATO ilə müqayisə etmək. Söhbət bugünkü reallıqdan gedir. Bu baxımdan indiki halda "Türk NATO-su" yox, “Türk Avropa İttifaqı” terminindən danışsaq daha düzgün olar. Çünki Avropa İttifaqı bu gün dünyada ümumi daxili məhsulun təxminən 25 faizini istehsal edir və daha çox iqtisadi güc mərkəzi kimi tanınıb. Avropa İttifaqı ölkələrinin də hərbi-təhlükəsizlik məsələlərini NATO həll edir. Bu nöqteyi-nəzərdən hazırda daha çox “Türk Avropa İttifaqı” modeli ideyası daha aktualdır. Dediyim potensialı da nəzərə aldıqda Türk Dövlətləri Təşkilatının perspektivləri daha böyükdür, iqtisadi güc mərkəzi kimi tanınmaq, öz sözünü beynəlxalq aləmdə demək imkanları daha böyükdür. Amma gələcək reallıqlar məsələyə fərqli baxışları da istisna etməyə bilər. Amma söhbət bu gündən gedirsə bugünkü reallıqlarla bağlı mənim subyektiv mövqeyim belədir. Gələcəyi gələcək göstərər".

Hərbi ekspertlərə görə isə dünyada hərbi-siyasi proseslər o qədər təhlükəli istiqamət alıb ki, türk dövlətlərinin özləri üçün təhlükəsizlik çətiri qurması zəruridir. 

Azərbaycan cəmiyyətinin də böyük hissəsi bu mövqedədir ki, türk dövlətləri arasında əlaqələr həm də hərbi-siyasi əməkdaşlıq formatında qurulmalıdır. Ən son olaraq ötən həftə Sosial Tədqiqatlar Mərkəzinin Azərbaycan cəmiyyətinin Türk dövlətləri arasında əməkdaşlıq çərçivəsi barədə fikirlərini öyrənmək məqsədilə keçirdiyi ictimai rəy sorğusu bu nəticəni meydana çıxarmışdı. Nəticələrə əsasən, respondentlərin 6.0%-i türk dövlətləri arasında əməkdaşlığın yalnız tarixi-mədəni əlaqələr çərçivəsində, 6.2%-i tarixi-mədəni və iqtisadi əməkdaşlıq çərçivəsində, 84.2%-i hərbi-siyasi əməkdaşlıq formatında qurulmasını istədiyini bildirib. 

İctimai rəy sorğusunun nəticələri göstərir ki, Azərbaycan ictimaiyyəti regional təhlükəsizlik üçün vahid hərbi-təhlükəsizlik təsisatının qurulmasını istəyir. 

Türk Dövlətləri Təşkilatının (TDT) dünyanın yeni güc mərkəzlərindən birinə çevrildiyini demək üçün tam əsas var. 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən, hərtərəfli iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına, eləcə də müasir ordulara malik TDT bu gün haqlı olaraq beynəlxalq platformalarda təmsil olunmağa iddialıdır. Quruma üzv türk dövlətlərinin öz aralarında nümayiş etdirdikləri qarşılıqlı dəstək və həmrəylik onun bu iddiasının reallığa əsaslandığını isbatlayır. Müharibələrin və münaqişələrin gətirdiyi xaosun hökm sürdüyü müasir dünyada cərəyan edən proseslər təhlükəsizlik sahəsinə xüsusi diqqətin yetirilməsini də vacib edir. Bu mənada türk dövlətləri də öz növbəsində müdafiə qabiliyyətlərini artırmalı, xarici təhdidlərdən qorunmaqdan ötrü lazımi addımları atmalıdırlar. Bu mənada TDT çərçivəsində təhlükəsizlik sahəsi, xüsusi xidmət orqanlarının məlumat mübadiləsi, informasiya seqmentində də ayrıca platformanın qurulması, vahid koordinasiyanın təşkili günün tələbinə çevrilib. Bütün bunlarla yanaşı, TDT-yə daxil olan ölkələr aydın başa düşürlər ki, belə ciddi beynəlxalq ambisiyaları həyata keçirmək, həm bütövlükdə təşkilatın, həm də ayrı-ayrı üzv ölkələrin etibarlı təhlükəsizliyini təmin etməkdən ötrü Türk dünyasına güclü, müasir silahlı qüvvələr lazımdır". 

Polkovnik

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bu barədə bildirdi ki, bu gün Türk Dövlətləri Təşkilatında birləşən qardaş respublikalar gec-tez vahid ordularını, vahid təhlükəsizlik sistemlərini qurmalıdırlar. Bu addım reallaşanda dünyada söz sahibinə çevrilən bir güc mərkəzi meydana gələcək: “Türk Dövlətləri Təşkilatında Türkiyədən sonra ən güclü orduya malik dövlət Azərbaycandır. Eləcə də digər qardaş ölkələrin də silahlı qüvvələri inkişaf edir, güclənir. Azərbaycan Ordusu artıq xeyli müddətdir Türkiyə ordusu modelinə keçid edir. Digər qardaş türk respublikalarında da bu proses sürətlə həyata keçirilməlidir. Bu prosesin bütün türk respublikalarında həyata keçirilməsi sonrakı mərhələdə vahid ordu, vahid təhlükəsizlik sisteminin formalaşdırılmasında öz rolunu oynayacaq. Türk dövlətlərinin gələcək təhlükəsizliyinin yüz faiz təminatı üçün bu qaçılmazdır. Dünyada geosiyasi, hərbi-siyasi proseslər o qədər təhlükəli istiqamət alıb ki, türk dövlətlərinin özləri üçün sarsılmaz təhlükəsizlik çətiri qurması zəruridir. Turan ordusu ən mükəmməl təhlükəsizlik çətiri ola bilər. Müasir Turan ordusunun qurulması bütün Türk dünyasının təhlükəsizliyinin, müstəqilliyinin təminatı deməkdir. Bizim arzuladığımız proses gələcəkdə NATO tipli Türk Ordusu Alyansına çevrilməsinə və vahid mərkəzdən idarə olunmasına nail olmaqdır ki, bunun gələcəyinə inam mövcuddur”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
musavat.com

1Mənbələr