AZ

Bağ mövsümü: Hansı evlərə tələbat daha çoxdur?

Hər il mövsümi olaraq bağ evlərinin həm satış, həm də kirayə qiymətlərində müəyyən dəyişikliklər qeydə alınır. Bu qiymət dəyişikliyinə təsir edən əsas amil isə evin yerləşdiyi ərazidir. Əvvəlki dövrlərdə vətəndaşlar bağ evi satın almağa daha çox üstünlük versələr də, son illərdə kirayə bağ evlərini seçənlərə də çox rast gəlinib.

Bəs bu il bağ evlərinə tələbat hansı səviyyədədir? Bağ evlərinin kirayəsinə, yoxsa alışına maraq artıb?

Elnur Azadov: İcarəyə verilən bağ evlərinin də qiyməti yüksəkdir

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu il icarəyə verilən bağ evlərinin qiymətində artım müşahidə olunur.

Onun sözlərinə görə, son illər hovuzlu bağ evlərinə tələbat daha da çoxalıb. Bundan başqa, landşaft dizaynlı və terraslara üstünlük verənlərin sayında da artım var. Müsahibimiz qeyd edib ki, hər ilin yay mövsümündə icarədarlar tərəfindən tələb və təklif istiqamətində bazarın dəyərləndirilməsi aparılır. Daha sonra qiymətlər təkliflərə uyğun olaraq, tənzimlənir:

“Hər il təkliflərin sayında azalma müşahidə olunsa da, qiymətlərdə azalma qeydə alınmır. Əksinə qiymətlər getdikcə artır. Çünki hər il evini icarəyə verən şəxslər mənzildə təmir işləri aparırlar. İcarədarlar öz evində tələblərə uyğun dəyişiklik etdikdən sonra icarə haqqını bahalaşdırırlar. Bu vəziyyət həm paytaxtda, həm də regionlarda yerləşən evlərə aiddir".

Elnur Azadov hesab edir ki, ötən illə müqayisədə bu il icarəyə verilən bağ evlərinin qiyməti 15 faiz yüksəkdir.

"Regionlara gəlincə, Qəbələ-İsmayıllıda davam edən yol təmiri turizm axınına və icarəyə verilən evlərin qiymətinə təsirsiz ötüşməyəcək. Belə ki, sözügedən istiqamət üzrə bağ evlərinə tələbat azalacaq". - deyə ekspert vurğulayıb.

Mülkədar Rüstəmov: Bağ evlərinin icarəsində daha çox günlük evlərə tələbat var

Bu il xüsusən dənizə yaxın və hovuzlu bağ evlərinə tələbatın yüksək olduğunu bildirən rieltor Mülkədar Rüstəmov isə Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, günlük və aylıq icarələrdə qiymət artımı var.

O bu il bağ evlərinə tələbatın daha çox olduğunu bildirib. Bunun başlıca səbəbi isə quru sərhədlərin bağlı olmasıdır. Çünki vətəndaşlar quru sərhədlər vasitəsilə xarici ölkələrə üz tuta bilmirlər və nəticədə yerli turizmə olan tələbat artır:

"Bağ evlərinin icarəsində daha çox günlük evlərə tələbat verilir. Günlük icarə haqqı 50-100 manatdan 1000-2000 manata qədər təşkil edir. Ötən illə müqayisədə bu il toy, nişan və digər xeyir işlərini daha çox bağ evlərində edirlər. Bu artımın əsas səbəbi restoranlarda menyu qiymətlərinin baha qiymətə təklif olunmasıdır. Vətəndaşlarımız xeyir işlərini artıq yaxın dost-tanışları və qohumları ilə birgə daha yığcam şəkildə qeyd etməyə çalışırlar. Bu məsələdə bağ evləri mühüm rol oynayır və qiymət artımına təsirsiz ötüşmür. Bölgələrdə də günlük icarə haqqında artım müşahidə olunur. Daha çox üz tutulan cənub zonasında, Qubada, İsmayıllıda, Qəbələdə yerləşən bağ evlərinin günlük icarə haqqı əvvəllər 40 manata verilirdi. Hazırda isə qiymətlər 70-80 manatdan başlayaraq 150 manata qədər dəyişir".

M.Rüstəmova görə, bu il bağ evlərinin satışında da artım müşahidə olunur. Paytaxtda əsasən Saray, Novxanı, Mehdiabad qəsəbələri üzrə torpaq alışı daha çox üstünlük təşkil edib. Vətəndaşın torpaq alaraq bağ evi tikməsi daha sərfəlidir. Belə ki, vətəndaşın özü evi inşa edərsə, büdcəsinə təxminən 40 faizlik qənaət etmiş olur.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
bakivaxti.az

1Mənbələr