AZ

"Paşinyanın Zəngəzura səfəri bu məqsədi daşıyır ki, xalq burada etiraz etməsin" - Turan Rzayev

“Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan Azərbaycanla sərhədin delimitasiyası məsələsi ilə bağlı referendum keçirə bilər: “Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistan referendum keçirməlidir. Hələlik keçmiş Sovet İttifaqı dövründə mövcud olan sərhədlər bərpa olunur. Mümkündür ki, Ermənistanla Azərbaycanın yeni razılaşmalar əldə etdiyi an gələcək. Nə vaxtsa Ermənistanla Azərbaycan arasında bizim 100 kvadratmetrdən, onların isə 100 kvadratmetrdən imtina etməsi məsələsi müzakirə oluna bilər. Amma bu, referendum yolu ilə həyata keçirilməlidir”.

“Paşinyanın bu ifadəsindən bir çox məna çıxarmaq olar. Ancaq böyük ehtimalla Paşinyanın dediyi məsələ anklav və eksklavların taleyi ilə bağlı məsələdir. Dediyindən çıxardığı nəticə budur ki, qarşılıqlı imtina mövzusuna toxunur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

Politoloq qeyd edib ki, Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması sonrası başlanan delimitasiya prosesi uğurla davam etdirilir.

“Paşinyanın da dediyi kimi, sərhədin şimal bölgəsində demək olar ki, delimitasiyaya dair proses bitmək üzrədir. Amma cənuba doğru da gəlir. Hətta Paşinyanın Zəngəzura səfəri də məhz bu məqsədi daşıyır ki, gələcəkdə cənubdan Zəngəzur istiqamətindən artıq delimitasiya prosesi başlayanda xalq burada etiraz etməsin. O ki qaldı referendum məsələsinə, ümumiyyətlə, Ermənistanda referendumun keçirilməsinə ehtiyac var, bu əsasən konstitusiya ilə bağlıdır. Çünki Azərbaycan tərəfi bu məsələdə geri addım atmır və israrla Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir. Vəziyyət belə olan təqdirdə Paşinyan referenduma getməlidir və xalqa təqdim etməlidir ki, biz Konstitusiyada bu məsələləri dəyişdirək. Mən bunun olacağını düşünürəm və bunun qəbul ediləcəyi də realdır. O ki qaldı ərazi məsələsinə, Paşinyanın qeyd etdiyi məsələ yerdə qalan anklavlarla bağlıdır. Kərki kəndi, Başkənd məsələsi və digər kiçik kəndlərdir ki, bunların taleyinin necə olacağı məsələsinə dair əslində Paşinyan ilkin mesajlar verir. Paşinyanın dediyindən gələcəyimiz nəticə budur ki, Başkəndin Azərbaycanda qalması şərti ilə Kərki və digər kəndlər Ermənistanda qalsın. Başkənd beynəlxalq hüquqa görə Ermənistan ərazisi, anklav olaraq sayıldığı üçün bu ərazidən imtinanın bir növ referendumdan olmalı olduğunu eyham vurur”.

“Təbii ki, Azərbaycan tərəfi məsələ ilə bağlı hələlik bir şey deməyib və bu, olduqca maraqlı məqamdır. Yəni dörd kəndin qaytarılmasından sonra Azərbaycanın digər kəndlərin taleyinin necə olacağına dair konkret bir rəsmi açıqlama yoxdur. Buna görə də bir fikir irəli sürmək, bunun belə olacağını demək doğru olmaz. Azərbaycan anklavların taleyinin necə olacağı ilə bağlı hələlik bir yanaşma sərgiləməyib. Amma beynəlxalq hüquqa görə burada bir neçə yanaşma var və qarşılıqlı mübadilə yaxud da imtina versiyaları mövcuddur. Əslində Paşinyanın dediyi də elə bu ikinci versiya, yəni qarşılıqlı imtina məsələsidir. Lakin bunun hansı təcrübə ilə həll ediləcəyi və yaxud da ki, hansı yollarla tənzimlənəcəyi və ya Azərbaycanla Ermənistan arasında yeni bir formatla həll edilə biləcəyi mümkündür. Ancaq konkret hansı olacağını indidən demək olmaz. Bu baxımdan hesab edirəm ki, məsələyə yanaşma hələlik çox tezdir. Sadəcə olaraq bu, Paşinyanın yanaşmasıdır. Dediyindən bu nəticəyə gəlmək olar ki, qarşılıqlı imtina ilə məsələnin həlli gündəmdədir. Lakin Azərbaycan tərəfindən hələlik açıqlama gəlmədiyi üçün bunu təktərəfli bir yanaşma kimi qiymətləndirmək lazımdır. Əgər məsələ bu cür həll ediləcəksə, bəli, həm Azərbaycan tərəfində, həm də Ermənistan tərəfində referenduma gedilməlidir. Qarşılıqlı imtinaya dair hər iki ölkədə referendum keçirilə bilər, bu təcrübə mövcuddur. Amma bunun nə dərəcədə olub-olmayacağını təbii ki, zaman göstərəcəkdir”.

Rəfiqə NAMAZƏLİYEVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
50
aznews.az

10Mənbələr