AZ

Dənizdə 20 dəqiqədən artıq çimmək təhlükəlidir - Ekspert

Bu gündən Azərbaycana yay fəsli gəlib. İsti havalarda insanların istirahət üçün üz tutduğu məkanlardan biri də çimərliklərdir. Burada istirahətlə yanaşı, ən çox diqqət etməli olduğumuz məsələ təhlükəsizlik qaydalarıdır. Çünki hər il yay mövsümündə dənizdə batma hadisələri ilə qarşılaşırıq. Bu il dənizin dibində yarğanlar yarandığı barədə xəbərlər isə daha diqqətli olmağı tələb edir.



Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Bakupost.az -a açıqlamasında çimərlikdə diqqət etməli olduğumuz məqamlar barədə danışıb.

Onun sözlərinə görə, çimərliyə gedərkən təhlükəsizlik məsələsi həmişə ön planda olmalıdır:

"Hər il çimərlik mövsümü başlamamışdan öncə aidiyyatı qurumlar tərəfindən çimərlik ərazilərinə baxış keçirilir. Fəaliyyətinə icazə verilən çimərliklərdə suyun dibinin akvatoriyası, sualtı yarğanların olub-olmaması, sanitar normaları öyrənilir. Əgər burda insanların həyatı üçün təhlükə riski yoxdursa, ondan sonra çimərliklərin fəaliyyətinə icazə verilir. Ona görə mütləq fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Bu çimərliklərdə xilasetmə xidməti fəaliyyət göstərir. Xilasedicilər olan yerdə hər il boğulma təhlükəsi ilə üzləşən yüzlərlə şəxslər xilas olunur”.

Ekspertin sözlərinə görə, hər il dünyada 400 minə yaxın insan suda boğularaq həyatını itirir:

“Bu məlumatı da ciddiyə almaq lazımdır. Hər il Türkiyədə 1000-ə yaxın, Rusiyada 1000-dən çox, ABŞ-də isə 8000 insan suda boğularaq həyatını itirir. Bu gün bütün dünya bununla mübarizə aparır. Hadisələrin 95 faizi nəzarətsiz çimərliklərin payına düşür”.

E.Nurəliyev suda çox vaxt keçirməyin də boğulmaya səbəb olduğunu deyib:

“Çimərliyə gedərkən orda uşaqları nəzarətsiz buraxmaq, günün qaranlıq vaxtı suya girmək, spirtli içki içib suda çimmək olmaz. Dünya praktikasında qəbul olunmuş qaydalarda göstərilir ki, suda 15-20 dəqiqədən artıq vaxt keçirmək olmaz. Boğulan şəxslərin 70 faizdən çoxu məhz suda 20 dəqiqədən artıq vaxt keçirənlərdir. Çimərliyə özüylə kiçik qayıq və hansısa nəqliyyat vasitsi gətirmək yolverilməzdir. Suda lüzumsuz hərəkətlər etmək, hansısa daş-qaya parçalarının üzərinə çıxıb suya baş vurmaq qadağandır. Çimərliyə planlı şəkildə getmək lazımdır. Əlverişsiz hava şəraitində çimərliyə getmək boğulma təhlükəsini 80 faizə qədər yüksəldən amildir”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
bakupost.az

1Mənbələr