AZ

Sıfırdan şirkət qurmaq üçün nələr edilməlidir? - İş xanımı o prosesi ANLATDI + MÜSAHİBƏ

"Uğurlu biznes-ladynin formalaşması üçün müəyyən müddət lazımdır. İnsan ilk olaraq özündə olan səhvləri və çatışmayan cəhətləri düzəldərək bu istiqamətdə addımlamalıdır. Uğurlu biznes-lady doğuşdan olmur. İlkin olaraq hər bir insan nə istədiyini bilməlidir. Özümüzü və görmək istədiyimiz sahəni dəqiqləşdirməliyik. Böyük məqsədlərdən əvvəl işə kiçik məqsədlərlə başlamaq lazımdır. Kiçik məqsədlərə çatdığımız zaman böyük məqsədlər üçün olan həvəsimiz və istəyimiz artır. Bu həm də insanlarda özgüvəni artırır". 


 Bunu Sfera.az-a müsahibəsində “AzərCargo” şirkətinin təsisçisi Günay Zeynallı bildirib.

 

Müsahibəni təqdim edirik: 


- Öz şirkətinizi qurmaq qərarını necə aldınız?


- 4-5 ilə yaxın müddət dövlət strukturlarında fəaliyyət göstərmişəm. Lakin sonradan düşündüm ki, insan bir addım atmağa öz işini qurmaqla başlamalıdır. Bu da dövlətimizə və xalqımıza xidmət etməyin bir istiqamətidir. Cəmiyyətimizdəki insanların tələbatlarını müəyyən edərək bu işi qurdum. 


- Qadınlar öz biznesini qurub pul və uğur qazananda bəzi şəxslərdə belə bir fikir formalaşır ki, onun arxasında kimsə və yaxud sponsoru var. Siz bu barədə nə düşünürsünüz?


- Təəssüf ki, belə bir tendensiya mövcuddur ki, bir qadın əgər uğur qazanırsa onun arxasında kimsə var. Lakin bu birtərəfli yanşamadır. Mən düşünürəm ki, biz qadınlar müəyyən bir məqsədə tək də nail ola bilərik. Maslounun ehtiyaclar iyerarxiyasına görə, insanın öz ehtiyaclarını reallaşdırması üçün 5 addım nəzərdə tutulur. İlk olaraq fizioloji, yəni insanın suya, yeməyə və geyimə olan tələbatları, daha sonra təhlükəsizlik, üçüncü mərhələdə sevgiyə, qayğıya olan ehtiyacları nəzərdə tutulur. Ən sonuncu isə özünü gerçəkləşdirmək mərhələsidir. Bir insan nə istədiyini müəyyən etdikdən sonra təkbaşına da özünə uğurlu bir yol cıza bilər. 


- Yeni iş qurmaq istəyən xanımlar nə etməlidir?


- İlk olaraq bir qadının özgüvəni olmalıdır. Özgüvən olduqdan sonra qalan bütün maneələr insanın gözündə kiçilir. Bu maneələri və neqativ halları aradan qaldırmaq  üçün inam da olmalıdır.


- Biznes qurmaq üçün əvvəl ideya, yoxsa sərmayə lazımdır?


- İlk ideya olmalıdır. Tutarlı ideya tapmaq da asan məsələ deyil. Bunun üçün birinci bazarı araşdırmaq vacib şərtlərdən biridir. İnsanların tələbatının ən çox nəyə olduğunu müəyyən etmək lazımdır. Sərmayə də önəmli əhəmiyyət kəsb edir. Müəyyən bir sərmayə qoymasan, qazanc əldə etmək mümkünsüzdür. İlk olaraq itki gözə alınmalıdır.


- Niyə məhz karqo şirkəti qurdunuz?


- Çünki mən dövlət sektorunda işlədiyim zamanlar nəqliyyat strukturunda çalışırdım. Burada çalışdığım müddətdə logistika, daşıma və nəqliyyat sahəsində müəyyən təcrübə toplamışdım. Düşündüm ki, bu təcrübəni müəyyən bir özəl sferada tətbiq etmək mənə daha çox qazandıracaq. Buna görə, “AzərCargo” şirkətini yaratdım. Karqo çox uğurlu bir sahədir.


- Karqo şirkətləri çoxdur. Bazarda bu şirkətlər arasında rəqabət necədir?


- Dediyiniz kimi, karqo şirkətləri çoxdur. Rəqabətədavamlı olmaq üçün digər şirkətlərlə müqayisədə ən yaxşısı olmalısan. Hər hansısa bir səhv varsa, onu aradan qaldırmaq üçün çalışmaq lazımdır. Əsas ünsürlərdən biri də ünsiyyətdir. Yəni müştərilərlə ünsiyyət formal qaydasında olmalıdır. Onların istəyinə uyğun xidmət göstərmək şirkətin reputasiyası baxımından önəmlidir. Sifariş edən şəxs məhsulunun həm keyfiyyətli, həm də operativ daşınmasını istəyir. Burada da karqo şirkətinin operativliyi əsas rol oynayır. Biz də keyfiyyəli və operativ daşınmanı təmin etməyə çalışırıq.


- Karqo şirkəti necə qazanır?


- Biz Türkiyədən, Amerikadan, Dubay və Çindən məhsulları daşıyırıq. Burada həm fərdi, həm də korporativ daşımadan söhbət gedir. Onlayn sifariş edən alıcıların məhsullarını həmin ölkələrin anbarları vasitəsilə Azərbaycana gətirilməsini tənzimləyirik.  Hər bir bağlamanın çəkisinə uyğun daşınma haqqı müəyyən olunur. O daşınma haqqını müştəri ödəyir. Bu daşınma haqqı çərçivəsində öz qazancımızı əldə edə bilirik. 


- Şirkətiniz nə qədər müddətdir fəaliyyət göstərir?


- İki ildir, fəaliyyət göstəririk. Fəaliyyət göstərdiyimiz dövr ərzində müxtəlif kampaniyalar keçirmişik. Qeyd edim ki, müştərilər üçün sərfəli kampaniyalar mövcuddur. Türkiyədən ilk 3 daşınma zamanı 30,40, 50  faiz, Amerikadan isə ilk sifarişdə 50 faiz endirim mövcuddur. Həmçinin 6 bağlamadan sonra, 7-ci bağlama pulsuzdur aksiyası mövcuddur. Müştərilər 7-ci bağlamanı daşınma haqqı ödəmədən əldə edə bilirlər. 

 

- Biznes qadınları necə dəyişdirir?


- Biznes qadınlara ilk olaraq özgüvən bəxş edir. Bir insan öz işində uğur qazanırsa, daha özgüvənli olur. Digər işlərini və planlarını da daha inamla həyata keçirir.


- Biznesi müştərək, yoxsa tək qurmaq yaxşıdır?


- Müştərək biznesin yaxşı və pis tərəfləri var. Müştərək biznesdə insan tam da öz istəklərini reallaşdırmaya bilər. Bu zaman çalışdığınız insanın da istəklərini və düşüncələrini nəzər almalısınız. Lakin müsbət cəhəti odur ki, baş verən problemin həll yükü tək sənin üzərində olmur. Bu zaman problemden çıxış yolu tapmaq daha asandır. Sıfırdan öz biznesini qurmaq heç asan deyil. Təbii ki, sıfırdan biznesini qurub yüksək nailiyyətlər əldə edən çox sayda insan var. 


- İnsanların tələbatını necə müəyyən etdiniz?


- İnternet resursları bizim əlçatan vasitəmizdir. Digər karqo şirkətlərini, onların güclü  və zəif cəhətlərini araşdırdım.İnsaların şikayətlərini analiz etdim. Bununla bağlı sorğu da həyata keçirdim.Müştərilərdən karqo şirkətləri ilə bağlı şikayət və narazılıqlarını öyrəndim. Sorğunun nəticəsində məlum oldu ki, insanlar ən çox ünsiyyətdən narazıdır. Çünki xidmət sahəsində insanlara qarşı düzgün ünsiyyət dilindən istifadə etmək lazımdır. Müştəri ilə onun başa düşdüyü dildə danışmaq vacib şərtlərdən biridir. 


- Cəmiyyətdə qızlar müəyyən təzyiq altında böyüdülür. Onların da qəşəng ideyaları olur, amma “insanlar nə deyər?” qorxusu ilə risk etmirlər. Onları necə cəsarətləndirmək olar?


- Öncə deyim ki, bu istək insanın içində olmalıdır. O, özünü inkişaf etdirməyi və uğurlu olmağı özü arzulamalıdır. Özümdən nümunə göstərim. Tələbəlik dövrümdə bir çox layihələrdə və tədbirlərdə iştirak etmişəm. Daima öz fikrimi sərbəst şəkildə ifadə etməyə çalışmışam. İnsanın öz fikrini ifadə etməsi asan proses deyil. Bunun üçün “cəmiyyət nə deyər” tabularını yıxmaq lazımdır. 


- Bu işi quran zaman ən böyük dəstəkçiniz kim olub?


- Ailəm və yoldaşım daim mənim bu işi bacaracığımı deyərək mənə mənəvi dəstək oldular. Bu isə məndə cəsarət formalaşdırdı. Ailəmin mənə dəstək olmasının verdiyi qürur hissi ilə bu işə başladım.


- Stimul aldığınız biri olub?


- Uğur qazanmış insanların hekayələrini daima izləmişəm. Onların bu uğuru əldə edənə qədər keçdikləri çətinlikləri də analiz edirdim. Mən də onlardan stimul alaraq  bu çətinliklərin öhdəsindən gələ biləcəyimə və uğur qazanacağıma inandım. Amma heç kimə bənzəməyə çalışmamışam. Öz seçimlərim çərçivəsində özümün ən yaxşı halını yaratmaq istəmişəm. Özümü də heç kimlə müqayisə etməmişəm”.


Ülkər Abdurahmanlı 
FOTO: Anar Bayramlı

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
sfera.az

1Mənbələr