AZ

Tarixin ən qəribə dövrünü yaşayırıq - So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüsal Məmmədov, jurnalist:

- Polşa qanunsuz miqrantların qarşısını kəsmək üçün sərhədlərinə donuz nəcisi tökür. Məsələ ondadır ki, qanunsuz miqrantların çoxu müsəlmanlardır, onlar isə donuzu və nəcisini haram saydıqları üçün həmin ərazidən keçmirlər.

 

Fəridə Aslanova-Rüstəmova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi:

- Tibbi sığorta nə yaxşı şey imiş. Mən onun işləmə mexanizmdən hələ təzə-təzə xəbər tutmuşam. Yoxsa hər dəfə “Sən sağlamsan” sözünə görə 600-1000 AZN pulum gedirdi...

O sistem geniş tətbiq edilsə, xəstələr üçün çox faydalıdır. Həm maddi, həm mənəvi.

Pulun dərdindən çox adam daxili orqanlarında gedən proseslərdən bixəbərdir. Qəfildən matoru döymüş maşın kimi dayananda hamı təəccüblənir. Təəccüblü nə var ki? Ay-ulduzdan danışan, dünya siyasətindəki mübahisələrdə heç kəsə aman verməyən şəxslər var ki, ürəyində olan sıxıntıların hansı səbəblərdən baş verməsindən bixəbərdilər.

Heç bir hadisə, xəstəlik, partlayış və s. birdən-birə baş vermir, asta-asta irəliləyir, son nəticə isə sarsıdıcı olur.

Arada bir həkimə gedib yoxlanmaq lazımdır, özü də indiki zəmanədə...

Allah bütün xəstələrə şəfa versin.

Uca yaradan bizi  xəstələri pul gözündə görən həkimlərdən, şagirlərə bankomat kimi baxan müəllimlərdən hifz etsin.

 

Günel Mövlud, yazıçı:

- Bir-iki il əvvəl Honq-Konqda qəbirə bənzəyən evlərdə yaşayan insanlarla bağlı sənədli filmə baxırdım. Filmin qəhrəmanı 50 yaşlarında bir kişi idi, təmizlik sferasında işləyirdi, 11 kvadratmetrlik mənzildə yaşayırdı, öz eviydi və təxminən iki milyon dollara qədər dəyəri vardı.

Kişi o evdə acınacaqlı şəraitdə yaşayırdı, burnundan durmadan qan gəlirdi, imkansızlıqdan həkimə gedə bilmirdi, arvadı o cür həyat şəraitinə dözə bilməyib, ayrılmışdı, bir sözlə, dərd üstünə dərd.

Filmi çəkənlər ruslar idi. Axırda da kişi ilə sağollaşıb, filmi bitirdilər. Elə ürəyimdə qaldı ki, allah insafınızı kəssin, niyə bu adama bir nəfər demədi ki, ay müəllim, sat bu evi, iki milyonun iki yüz mininə Bosniyada-zadda meydan kimi bir mənzil al, qalan pulla da kral kimi yaşa. Bir də ona məəttəl qaldım ki, bu adamın özünün interneti yoxdumu, heç dünyada ucuz mənzillərin, normal qiymətlərin, günəşin, gülərüzlü insanların yaşadığı ölkələrdən xəbəri yoxdumu.

Qurban olduğum allah, adamın bəsirət gözün bağlayanda bağlayır, heç nə deyə bilmirsən.

 

Elşad Hacıyev, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi:

- Kiber cinayətkarlıq distant formada təşkil olunur. Kiber məkanda naməlum şəxslərlə ünsiyyətdə “sıfır etibar” anlayışı, “danışdığın adamı tanı” prinsipi nə qədər ki, insanların həyat tərzinə çevrilməyib, talamalar davam edəcəkdir. İyunun 18-də ayrı-ayrı vətəndaşların bank kartlarından 100, 490, 628, 2400, 1500, 536, 357, 90 manat şəxsi məlumatların naməlum şəxslərə verilməsi nəticəsində oğurlanıb. Dələduzluq yolu ilə daha bir neçə fakt üzrə - 29660, 6800, 4000, 1400, 1000, 811, 500, 320 manat talanaraq naməlum hesablara köçürülüb. Əlavə və yüksək gəlirli, qazanclı faiz, investisiya adı altında 29660, alış-veriş saytında saxta elan vasitəsilə 6800, “nəvəniz Moskva şəhərində problemin içindədir, onu xilas etmək üçün sizə zəng edilməsini və sizdən pul götürməyimizi dedi, təcili pul lazımdır”, deməklə 4000 manat pul vəsitələrini dələduzluq yolu talayıblar. Bütün müdaxilələr - zənglər, danışıqlar, yazışmalar xaric nömrələr vasitəsilə aparılıb. Əgər “sıfır etibar” anlayışına, “danışdığın adamı tanı” prinsipinə əməl edilsəydi, bu hallar baş verməyəcəkdi.

 

Fərid Pərdəşünas, texnobloger:

- 208 milyard dollar sərvəti və əynindəki 35 dollarlıq “t-shirt”ü ilə “Cannes Lions” səhnəsində dünyanın ən varlı adamı “Elon Musk”ın bu gün olan çıxışında yaradıcı süni intellekt ilə bağlı dəhşətli fikirləri var idi. Seçdiyim fikirləri bölüşürəm. Musk qeyd edir ki, tarixin ən qəribə dövrünü yaşayırıq.

Sitat: “Əgər süni intellekt sizin gördüyünüz hər bir işin daha yaxşısını görə bilirsə, onda nə mənası var işləməyin? İşləmək məcburiyyətində olmayanda o zaman bizim məqsədimiz nə olacaq? Bir bolluq dövrünə girəcəyik. Məncə, ehtimal olunan nəticə budur. Böyük bir bolluq. Mal və xidmətlərin hamı üçün əlçətan olması, hamının istifadəsinə açıq olmağı. Heç birimizin əskiyi olmayacaq. Bu, universal bir yürüş olacaq. İşləmək məcburi olmayacaq”.

“Hər bir insanın insanabənzər robotu olacaq və düşünürəm ki, sayları 20 milyard olacaq. Mən süni intellektin xaç atalarından biri olan “Geoff Hinton” ilə razılaşmağa meyilliyəm. O, dəhşətli bir şeyin baş verməsi ehtimalının 10-20% olduğunu düşünür. Biz süni intellekti yalan danışmağa məcbur etməməliyik”.

Bəs siz nə düşünürsünüz? AI qorxunc şəkildə inkişaf edir və 5 il sonra heç nə əvvəlki kimi olmayacaq.

 

Xaqani Səfəroğlu, jurnalist:

- Keşiş Baqrat bu gün İrəvanda mətbuat konfransı keçirib. O, hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla sülh danışıqlarını necə aparacağını açıqlayıb.

Keşiş deyib ki, “Ermənistan danışıqlar stolunda öz şərtlərini diktə etməlidir” (??)

Dediklərindən vəcdə gələn Baqrat ardınca deyib ki, “ilk olaraq hərbi əsirlər geri qaytarılmalıdır, daha sonra Qarabağ ermənilərinin geri qayıtma hüququ tanınmalıdır”.

Keşiş daha sonra gəlib sözünün “Mustafası”na: “Üçüncu -demarkasiya prosesi dayandırılmalıdır. Sülh sazişi demarkasiyaya qədər əldə olunmalıdır. Demarkasiya isə mərhələli şəkildə, müvafiq koordinatlar, müvafiq xəritələr əsasında aparılmalıdır”.

Əslində Baqrat bu bəyanatla onun arxasında duran siyasi qüvvələrin -konkret Koçaryanın və ona züy tutan beynəlxaq avanturistlərin mövqeyini açıqlayıb.

Bu sarsaq keşiş anlamır ki, 44 günlük müharibədən sonra Cənubi Qafqazda status-kvo dəyişib. Məğlub ölkənin “şərt diktə eləməsi” müharibə tarixində görünməyib.

Keşişin “kəlamları” göstərir ki, İrəvanda revanşist dairələr sülh prosesini pozmaq üçün 30 il əvvəlki status-kvo-ya istinad edirlər. Bu xəyalplov isə Ermənistanı daha da dalana salır.

Paşinyan isə Baqratdan fərqli olaraq bunu anlayır.

Bakı səbirlə İrəvandakı prosesləri izləyir.

 

Tural İrfan, ilahiyyatçı:

- Səudiyyə Ərəbistanında həcc zamanı istiyə görə 577 zəvvar ölüb.

Ölənlərdən azı 323-ü misirlidir. Onların ölümünə səbəb isti hava olub.

Həlak olanlardan azı 60 nəfəri də iordaniyalıdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkədəki Böyük məsciddə temperaturun 51,8 dərəcəyə çatdığını qeyd edib.

Allah günahlarını bağışlasın!

 

Hidayət Elvüsal, jurnalist:

- XƏZƏR TV- də bir xanım, Vüsalənin proqramında “Bir ceyranı qova-qova gətirdim” misrası ilə başlanan mahnını oxudu və dedi ki, bu, Fatma Mehrəliyevanın repertuarındandır.

Yox, xanım !

Bu mahnı Rəhilə Həsənovanın repertuarındandır. Fatma xanım bu mahnını oxumayıb.

 

Cəmila Babayeva, jurnalist:

- Gürcüstanda “Köçəri”nin erməni rəqsi kimi tanıdılması davam edir, qarşısını almağa çox gecikmişik

Tbilisidə ötən gün baş tutmuş “Mənim məhəlləm” multimədəni festivalında “Köçəri” rəqsi də oldu. Rəqs gürcücə “Koçaro” erməni milli rəqsi kimi təqdim olundu, onu erməni uşaq kollektivi ifa etdi.

Azərbaycanın milli rəqsi olan “Köçəri”ni Gürcüstanda çoxdan ermənilərə məxsus rəqs kimi tanıyırlar. Erməni icması bu rəqsi Tbilisidə, Gürcüstanın digər bölgələrində keçirilən tədbirlərdə tez-tez təqdim edir. “Köçəri”nin Azərbaycan xalqına məxsusluğunu Gürcüstanda tanıda bilməmişik. Bu cür yanaşma olub: “Əşi, onsuz da hamı bilir ki, “Köçəri” bizimdir. Hətta YUNESKO-nun siyahısına bizim rəqs kimi daxil edilib”.

Belə yanaşma ilə rəqsimizi ermənilərə bağışlamışıq. Kökündən yanlış yanaşma təəssüf ki, bu gün də davam edir. “Köçəri”ni Gürcüstanda Azərbaycan rəqsi kimi təbliğ etməyin vaxtını çoxdan qaçırmışıq. İş işdən keçəndən sonra... Səhv etmirəmsə, Gürcüstanda Azərbaycan rəqs ansambllarının repertuarında bu rəqs yoxdur.

Gürcüstanda “Köçəri”nin erməni milli rəqsi kimi tanıdılması davam edir. Dünənki festivalın yerli və əcnəbi qonaqları rəqsi videoya çəkib sosial şəbəkə hesablarında erməni rəqsi adı altında paylaşdılar. Bu rəqsi digər ölkədə azərbaycanlıların ifasında görən əcnəbi söyləyəcək: “A, bu ki, erməni rəqsidir”.

Belə bir ifadə var ki, yalan və uydurmanın təkrarlanması onu həqiqətə çevirmir. Amma dəfələrlə təkrarlananda və qarşısı alınmayanda həqiqət ola bilir.

 

Asif Nərimanlı, jurnalist:

- Fransanın Ermənistana “Sezar” (CAESAR) artilleriya sistemlərini verməsi ilə bağlı ikitərəfli müqavilə ilə rəsmi Paris iki faktı təsdiq edir:

- “Müdafiə xarakterli silahlar”dan rəsmi şəkildə imtina olunur;

- Ermənistanı Azərbaycana qarşı silahlandırır;

2023-cü ilin oktyabrından sonra Fransa Ermənistanı silahlandırmasını “heç bir ölkəyə qarşı” olmadığını deyir, bunu silahların əsasən “müdafiə xarakterli” olması ilə əsaslandırırdı. Hərçənd, bu müddətdə Fransa Ermənistanı Hindistan vasitəsilə hücum silahları ilə təmin edib. “Sezar”ların Ermənistana verilməsi məsələsini ötən ilin dekabrında Fransa Senatı gündəmə gətirmiş, bununla bağlı Makron Administrasiyasına müraciət etmişdi. “Sezar”ların Ermənistana verilməsi ilə bağlı müqavilənin indi imzalanması da təsadüfi deyil.

Birincisi, rəsmi İrəvan KTMT-dən çıxacağını ən yüksək səviyyədə elan etdi və bu, Ermənistanın təhlükəsizlik sferasında Rusiyanın iştirakını məhdudlaşdıran prosesin sürətlənməsi deməkdir: Fransa Ermənistanda Rusiyanın boşalan yerindən böyük pay almaq niyyətindədir.

İkincisi, bu müqavilənin Fransa daxili siyasəti ilə də əlaqəsi istisna edilməməlidir: Avropa Parlamentinə seçkilərdə sağçılara məğlub olan Makron Milli Assambleyanı buraxdı, növbədənkənar seçkilərin I turu iyunun 30-da, II turu iyulun 7-də keçiriləcək və bu seçki yarışında ona Fransadakı erməni icmasının (yarım milyondan çox erməni seçici var) səsləri lazımdır;

Makronun Ermənistana hücum silahları verməsinin “müdafiə xarakteri” daşımadığı və Azərbaycana qarşı olduğu bəllidir, xüsusilə “Sezar” artilleriya sistemlərinin göstəriciləri və dünyanın ən yaxşı haubitsaları arasında ilk üçlükdə olması fonunda. Hərçənd, təcrübə bölgədə sülh gündəliyinə yarana biləcək risklərin Ermənistan üçün ağır nəticələrinin olduğunu təsdiq edir.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
525.az

1Mənbələr