Təxminən iki həftə əvvəl bazar dəyəri 3 trilyon dollara çatan və “Apple”i geridə qoyan “Nvidia”, iki həftə ərzində bu rəqəmə daha 300 milyard dollar əlavə edərək “Microsoft”u keçə bildi.

İndex.az xəbər verir ki, bu uğurdan sonra “Nvidia” dünyanın ən dəyərli şirkəti adını qazandı. Amma indi vəziyyət yenidən dəyişib.

Cümə axşamı səhmlərinin qiyməti 3,5%-dən çox ucuzlaşdıqdan sonra “Nvidia” dünyanın ən dəyərli şirkəti mövqeyini “Microsoft”a verdi.

Süni intellekt çip nəhəngi 3,34 trilyon dollarlıq birja dəyəri ilə çərşənbə axşamı günü qısa müddət ərzində zirvədə idi. Lakin “Nvidia”nın səhmləri cümə axşamı günü 130,78 dollara düşüb və dəyəri təxminən 3,22 trilyon dollara qədər azaldıb. “Microsoft” daha sonra 3,3 trilyon dollardan çox sabit qalaraq əvvəlki titulunu bərpa etdi.

Hər birinin dəyəri 3 trilyon dollardan çox olan “Nvidia”, “Microsoft” və “Apple” indi dünyanın ən dəyərli şirkətləridir.