AZ

YAP Milli Məclisin buraxılması istədi, bundan sonra nələr olacaq? - ŞƏRH

Xəbər verdiyimiz kimi, YAP Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib.

 

Maraqlıdır, bundan sonra nələr baş verə bilər?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, sözügedən təşəbbüs gözlənilən idi. 

 

Ekspertin sözlərinə görə, yəqin ki, bundan sonra Milli Məclisin iclasında YAP-ın tövsiyəsi əsasında bu partiyadan olan deputatlar parlamentin buraxılması barədə prezidentə müraciət qəbul edilməsini təklif edəcəklər:

 

“Fikrimcə, spiker məsələni səsə qoyacaq, YAP üstünlükdə olduğu üçün müraciət qəbul ediləcək. Prezident müraciəti aldıqdan sonra həmən müraciətin Konstitusiyaya uyğun olub-olmadığı barədə rəy almaq üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək. Qurumdan müsbət rəy aldıqdan sonra dövlət başçısı müvafiq tarixdə növbədənkər parlament seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayacaq, daha sonra Mərkəzi Seçki Komissiyası işə başlayacaq. Deputatlığa namizədlərin irəli sürülməsi üçün seçki dairələrində iş prosesi başlayacaq. Hər namizəd deputat olmaq istədiyi dairəyə müraciət edəcək”.

 

Ekspert növbəti ehtimal prosesləri bu cür izah edib:

 

“Lazımi sənədlər yerində olduqdan sonra şəxslərə imza vərəqələri təqdim ediləcək. Lazımi imzanı toplayanlar “rəsmi namizəd” kimi qeydə alınacaqlar. Bu proses yekunlaşandan sonra təbliğat-təşviqat dövrü başlayacaq, seçkiyə 1 gün qalmış kampaniya bitəcək. Bir günlük sükut günündən sonra seçki keçiriləcək. MSK ilkin nəticələri elə seçki axşamı elan edəcək. Daha sonrakı bir neçə gün ərzində dəqiq nəticələr elan ediləcək. Sonra şikayətlər araşdırılacaq, sonda nəticələr yoxlanıb təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Məhkəmə təsdiq etdikdən sonra parlamentin ilk iclası çağırılacaq və həmən iclasda MSK sədri yeni seçilmiş və and içmiş deputatlara mandatlarını təqdim edəcək. Bununla da prosesə yekun vurulacaq”.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
sfera.az

1Mənbələr