AZ

Türkiyədən gələn qardaş təbrikləri

Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı ən yüksək səviyyədədir. Onlar tarixi bağlara, ortaq milli-mənəvi dəyərlərə əsaslanmaqla çətinliklərin öhdəsindən birlikdə gəlirlər, eyni zamanda, xoş günlərin sevincini daim bir-biri ilə bölüşürlər. 

Bu günlərdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı qardaş ölkənin rəsmilərindən  Azərbaycan xalqının ünvanına çoxsaylı səmimi təbriklər ünvanlanıb. O cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Türkiyə Prezidentinin “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib. Paylaşımda deyilir: “Can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi hisslərimlə təbrik edir, bütün azərbaycanlı qardaşlarıma salam və məhəbbətimi çatdırıram. Yaşasın Azərbaycan!”.

Həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş da Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Türkiyə parlamenti spikerinin sosial şəbəkələrdəki hesablarında paylaşdığı təbrik mesajında qeyd olunub: “Tarixi, mədəni və siyasi əlaqələrin daha da üzərində olan sarsılmaz bir dostluqla bir-birimizə bağlı olduğumuz can Azərbaycanın 15 iyun - Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm”.

TBMM-nin spikerinin təbrikində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına istinad olunur. Numan Kurtulmuş sosial şəbəkələrdəki səhifələrində Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını da yerləşdirib.

Eyni zamanda, Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər. Belə ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Polat, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu qardaş Azərbaycana təbriklərini çatdırıblar.

Türkiyə hökuməti üzvlərinin sosial şəbəkələrdəki səhifələrində yerləşdirdikləri paylaşımlarda iki ölkənin qardaşlıq və dostluğunun sarsılmazlığına xüsusi diqqət yetirilir, Azərbaycanın gələcək uğurlarına inam ifadə olunur. 

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin təbrik mesajında Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə də istinad olunur. Nazir Azərbaycan və Türkiyənin birlik və həmrəyliyinin bundan sonra da regionda sülhün və təhlükəsizliyin təminatçısı olacağına əminliyini ifadə edib.

15 İyun - Milli Qurtuluş Günü müstəqil Azərbaycanın tarixində çox böyük bayramdır. 15 iyun 1993-cü ildə bütün varlığı ilə doğma Vətəninə bağlı olan müdrik siyasətçi Heydər Əliyev respublikamızda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdıb. Bundan sonra Onun verdiyi müdrik qərarlar sayəsində müstəqilliyimiz üçün yaranan daxili və xarici təhdidlərə son qoyuldu, ölkəmiz sabitliyə qovuşdu və inkişafa istiqamətləndi. Qurtuluşdan başlayan yol Azərbaycanı tarixi zəfərlərə qovuşdurdu. Azərbaycan xalqı tarixinin dönüş nöqtəsini həmişə böyük sevinc və qürur hissi ilə qeyd edir. Türkiyədən gələn çoxsaylı təbriklərdən də göründüyü kimi, Azərbaycan xalqı üçün əlamətdar olan bu tarixə qardaş ölkədə də böyük önəm verilir. Bu təbriklər bir daha təsdiqləyir ki, Azərbaycan və Türkiyə bundan sonra da həmişə birlikdə olacaq və çiyin-çiyinə yeni-yeni nailiyyətlərə doğru irəliləyəcəklər.

 MÜBARİZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr