AZ

Xəzərdən Avropaya mötəbər qaz axını

Ötən il ölkəmiz Avropaya 11,8 milyard kubmetr  “mavi yanacaq” ixrac edib

Son illər Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verən Azərbaycanın regionda əhəmiyyəti getdikcə artır. Xüsusən də Rusiya–Ukrayna müharibəsinin davam etdiyi hazırkı şəraitdə enerji təchizatı mənbələrinin şaxələndirilməsini özünün prioritet istiqaməti kimi müəyyənləşdirən “köhnə qitə”nin bir sıra ölkələri təbii qaza olan tələbatının ödənilməsində Azərbaycana daha çox ümid bəsləyirlər. 

Ötən müddətdə Avropa İttifaqının strateji tərəfdaşına çevrilmiş Azərbaycan da öz növbəsində, enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı imzalanmış sənədlərdən çıxış edərək “köhnə qitə”nin ehtiyaclarını ödəmək üçün daha çox təbii qaz təklif edir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il Azərbaycanda 48,3 milyard kubmetr təbii qaz hasil edilib. Bu da əvvəlki ilə nisbətən 1,5 milyard kubmetr və ya 3,2 faiz çoxdur. Qazın 12,9 milyard kubmetri “Azəri–Çıraq–Günəşli”, 26,2 milyard kubmetri “Şahdəniz”, 0,8 milyard kubmetri “Abşeron” yataqları, 8,4 milyard kubmetri isə SOCAR üzrə hasil olunub.

Bu arada, Avropa Komissiyasının 2023-cü ilin son rübü ilə bağlı dərc etdiyi hesabatda ölkəmizin ötən il “köhnə qitə”yə ixrac etdiyi təbii qazın həcmi açıqlanıb. Bildirilib ki, il ərzində Azərbaycandan Avropa İttifaqına (Aİ) 11,8 milyard kubmetr “mavi yanacaq” ixrac edilib. Bununla da, ölkəmizin Aİ-nin təbii qaz idxalındakı payı 2021-ci ildəki 3 faizdən 7 faizə yüksəlib. Xatırladaq ki, 2020-ci ilin son günündə istismara buraxılmış Trans-Adriatik Boru Kəməri (TAP) ilə bir il sonra 8 milyard kubmetr təbii qaz ixrac olunub. Bütövlükdə isə, 2023-cü ildə  Azərbaycan xaricə 23,8 milyard kubmetr təbii qaz satıb ki, bu da əvvəlki  illə müqayisədə 5,3 faiz çoxdur. Ötən il, həmçinin Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. İl ərzində Trans Anadolu Boru Kəməri ilə 5,6 milyard kubmetr qaz nəql olunub. 

Azərbaycan qaz ixracını bu ilin ötən dövründə də ahəngdar şəkildə davam etdirib. Energetika Nazirliyinin məlumatına görə, yanvar-may aylarında Avropaya 5,3 milyard kubmetr, Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz ixrac olunub. Hesabat dövründə TANAP-la Türkiyəyə 2,3 milyard kubmetr qaz nəql edilib. Bu ilin 5 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təqribən, 3,4 faiz artıb.

Avropa Komissiyasının sözügedən hesabatına əsasən, 2023-cü ildə Aİ-nin təbii qaz idxalı 290 milyard kubmetr, istehlakı isə 330 milyard kubmetr təşkil edib. Bu isə əvvəlki  illə müqayisədə müvafiq olaraq 13,4 faiz və 7,3 faiz azalıb. Hesabatda qeyd olunur ki, Avropa İttifaqı 2023-cü ildə əsas qaz təchizatçısı olan Rusiyadan idxalı 3,5 dəfə azaldaraq 150 milyard kubmetrdən 43 milyard kubmetrə endirib. Yeri gəlmişkən, bu həcmi həm “Qazprom” şirkəti, həm də Ukraynadakı operator – “Operator GTS Ukraine” təsdiqləyib. Bu ölkədən təbii qaz alışının azalmasına isə, heç şübhəsiz, Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən sanksiyalar və mövsümi temperaturun normadan çox olması səbəb olub. 

Bununla yanaşı, ötən il Avropa İttifaqı üzrə qaz hasilatı əvvəlki illə müqayisədə 19,1 faiz azalaraq 38 milyard kubmetrə enib və istehlakda payı 11 faiz təşkil edib. Avropa İttifaqı məkanına daxil olan ölkələr arasında ən böyük təbii qaz istehsalçıları isə Niderland (12 milyard kubmetr) və Rumıniya (9,3 milyard kubmetr) olub. Bir məqamı da qeyd edək ki, 2023-cü ildə Aİ-də yeraltı anbarların təbii qaz ehtiyatları ilə doluluq səviyyəsi əvvəlki illə müqayisədə 18 faiz bəndi artaraq 79 faizə çatıb. Müqayisə üçün bildirək ki, 2021-ci ildə bu göstərici 49 faiz təşkil edib. Hazırda Avropa birjasında təbii qazın min kubmetri, təxminən, 380 ABŞ dollarına satılır.

Məlum olduğu kimi, hazırda 8 ölkə Azərbaycandan qaz alır. Prezident İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxışında qeyd etdiyi kimi, Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut edib. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyasının Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdığını xatırladan dövlətimizin başçısı bunun həqiqət olduğunu vurğulayıb. Hazırda Avropada Azərbaycan qazına tələbatın yüksək olduğunu xatırladan Prezident İlham Əliyev deyib: “Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb”.

Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün isə imkanlar olduqca böyükdür. İlk növbədə, ölkəmizin qaz ehtiyatları ilə zənginliyi buna geniş imkanlar yaradır. Belə ki, mütəxəssislər Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarını 2,6 milyard kubmetr səviyyəsində qiymətləndirirlər. Digər tərəfdən isə, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq üçün geniş etibarlı hüquqi baza mövcuddur. Məlum olduğu kimi, 2 il əvvəl, 2022-ci ilin yayında Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış sözügedən sənəd Azərbaycandan Avropa İttifaqına təbii qaz nəqlinin artırılmasını nəzərdə tutur. Bunun üçün Cənub Qaz Dəhlizinin illik ötürücülük gücünün  20 milyard kubmetrə çatdırılmalıdır. 

Azərbaycan qitənin enerji təhlükəsizliyinə töhfə vermək üçün avropalı tərəfdaşların xahişi ilə hər zaman yardım əlini uzatmağa hazır olduğunu bildirib. Yeri gəlmişkən, Avropa ölkələrinin “yaşıl keçid” kimi xarakterizə etdikləri mədən yanacağından imtina edilməsini nəzərdə tutan proqrama baxmayaraq, uzunmüddətli perspektivdə qazdan və neftdən tam imtina edilməsi gözlənilmir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın karbohidrogen ehtiyatları hələ uzun illər Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
xalqqazeti.az

1Mənbələr