AZ

Sərgüzəştlər, istirahət və unudulmaz təəssüratlar: Şahdağda yay mövsümü açılıbREPORTAJ

Sərgüzəştlər,

Bakı, 20 iyun, Leyla Muradzadə, AZƏRTAC

Azərbaycan Dövlət Turizm Agentliyi və “Şahdağ” Turizm Mərkəzi media nümayəndələri üçün tur təşkil edərək yay turizm mövsümünü açıblar.

AZƏRTAC xəbər verir ki, bununla bağlı turizm mərkəzinin yay mövsümünə hazırlığına həsr olunmuş mətbuat konfransı keçirilib.

“Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov deyib ki, kompleksin ərazisində infrastrukturun rekonstruksiyası və modernləşdirilməsi, eləcə də yeni əyləncə zonalarının yaradılması üzrə işlər aparılır. O, yaxın aylarda ziyarətçilər üçün 2 xətdən ibarət, uzunluğu 1250 metr olan yeni zip-line xəttinin, kros motosikl turlarının, müxtəlif yaş kateqoriyalarında olan uşaqlar üçün avtodrom, tyubing və go kart əyləncələrinin istifadəyə veriləcəyini bildirib.

Bununla yanaşı, Turizm Mərkəzinin sədri kompleks ərazisində 5-ci faza üzrə tikinti işlərinə də start verildiyini, ilkin tikinti mərhələsinin 2025-ci ilin əvvələrində tamamlanacağını, həmin ərazidə FIS standartlarına uyğun inşa edilən yeni xizək stadionunun, yamacın, gondola tipli kanat stansiyasının və yeni parkinq ərazisinin salınacağını deyib.

Bu il turizm mərkəzi qonaqlarına yay istirahəti üçün daha çox imkanlar təqdim edir. Turistlər piyada gəzintilərinə və mənzərəli dağ yolları ilə yürüşə çıxa bilər, müxtəlif əyləncə növləri ilə məşğul ola bilərlər.

Jurnalistlər Şahdağ təbiətinin gözəlliyini qiymətləndirməklə yanaşı, bu populyar kurortun qonaqlara təqdim etdiyi bütün yay əyləncələrdən şəxsən özləri zövq almaq imkanını əldə etdilər.

Kanat yolu ilə yeni təəssüratlara

Mediatur proqramının birinci bəndi kanat yolu ilə yüksəliş oldu. Quş baxışı ilə dağ zirvələrinin nəfəs kəsən mənzərələri açıldı. Qeyd edək ki, burada 17 kanat yolu fəaliyyət göstərir.

Yay drayvı və şənliyi

Daha sonra mediatur proqramı yay əyləncələrinə həsr olunmuşdu. Ekstrim sevənlər “Shahdag Coaster” sürərək və 920 metr yuxarı, 1670 metr isə aşağı gedən 2590 metrlik marşrut üzrə başgicəlləndirici səyahət edərək adrenalin yaşayıblar. 10 saniyəlik interval ilə hərəkət edən ikili xizək saatda 42 kilometrə qədər məsafəni qət edə bilər. Qonaqlar əyləc qollarından istifadə edərək eniş sürətinə nəzarət edə bilərlər. Yolda onları doqquz sərt dönüş gözləyir, onlardan biri üçmərtəbəli, digəri isə birmərtəbəlidir.

Başgicəlləndirici uçuş yaşamaq istəyirsinizmi? Şahdağdakı ziplayn sizə unudulmaz təəssüratlar bağışlayacaq attraksiondur. Saatda 25 kilometrə qədər sürəti artıraraq, 45 metr hündürlükdə polad kanat üzrə sürətlə keçin. Marşrutun uzunluğu 150-200 metrdir, bu da sizə quş gözü ilə Şahdağın mənzərəli görüntülərindən tam həzz almağa imkan verəcək.

Bobkart həm ekstrim sevənlər, həm də sadəcə olaraq şən vaxt keçirmək istəyənləri məmnun edəcək attraksiondur. Sizi çoxlu parlaq emosiyalar bəxş edəcək unudulmaz səyahət gözləyir. 4 nömrəli liftlə yamacın zirvəsinə qalxaraq yüksək sürətli bobkart həyəcanına hazır olun.

Valehedici mənzərələr

Şahdağda şəhər təlaşını unutmaq və həqiqətən də rahatlamaq üçün imkan verən sakitçilik və hüzur atmosferi hökm sürür. Burada təmiz hava və mənzərəli görüntülərdən həzz alaraq saatlarla dağ yollarını gəzmək olar.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
azertag.az

2Mənbələr