AZ

Avropa təşkilatlarında seçkisonrası vəzifə davası başlayıb- kuluarlarda alver gedir...

Image

Arzuxan Əlizadə: “Böyük dövlətlər Avroittifaqda sədr postlarını öz əllərində saxlamağa çalışırlar”

Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri, sağ-millətçilərin artan təsiri Avropa İttifaqının qurumlarına da təsirsiz ötüşməyib. Artıq bir sıra tanınmış siyasətçi arasında pərdəarxası vəzifə uğrunda mübarizə başlayıb. 

Yaranan vəziyyətdən istifadə edən qüvvələr əllərindəki kartlarla alver edirlər.

Aİ liderləri AP-yə seçkilərdən sonra keçirilən görüşdə növbəti beş il üçün Aİ-nin yüksək vəzifələrinə namizədlər barədə razılığa gələ bilməyiblər. Avropa Şurasının hazırkı prezidenti Şarl Mişel bildirib ki, Aİ liderlərinə daha çox vaxt lazımdır. Aİ liderləri həmçinin digər əsas mövqelər, o cümlədən Avropa Şurası və Avropa Parlamentinin prezidentləri, eləcə də Avropa İttifaqının baş diplomatının mövqeyi barədə razılığa gəlməlidirlər. Ancaq bir neçə şəxsin qurumlara sədirliyə iddia etməsi prosesi uzadır. Slovakiya prezidenti Peter Pelleqrini deyib ki, ölkəsi yeni Avropa Komissiyasında Avropa komissarı vəzifəsinə Maroş Şefçoviçin namizədliyini irəli sürmək qərarına gəlib. Komisar postuna iddiaçılardan biri də Latviya hökuməti hazırkı beynəlxalq ticarət üzrə komissarı və Avropa Komissiyasının ticarət üzrə məsul vitse-prezidenti Valdis Dombrovskidir. 

Avropa Parlamentinə seçkilərdən sonra ən çox mandat əldə edən Avropa Xalq Partiyası sosialist qrupunu Avropa Şurasında yüksək vəzifələrə namizədlərini dəstəkləmək müqabilində 2,5 il müddətinə Aİ-yə öz prezidentini təyin etməyə dəvət edib. Bu barədə “Politico” məlumat yayıb. 

EPP təklifi Avropa Parlamentində ikinci ən böyük qrup olan sosialistlərin Ursula fon der Leyenin ikinci müddətə Avropa Komissiyasının sədri təyin edilməsini dəstəkləyəcəyini nəzərdə tutur. Mühafizəkarlar digər yüksək vəzifələr - Avropa Parlamentinin sədri və Avropa Şurasının sədrini sosialistlərlə yarıya bölməyi təklif edirlər ki, bu qrupların hər birinin nümayəndələri 2,5 il müddətində vəzifə tutsunlar. Avropa Parlamentinə sədr məsələsində söhbət Roberta Metsoladan gedir. İndi Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə əsas namizəd Portuqaliyanın keçmiş baş naziri, məhz sosialistlərin siyasi qrupunu təmsil edən Antonio Kosto hesab olunur.

Göründüyü kimi, Avropa İttfaqı qurumlarına vəzifə təyinatları məsələsində əməllibaşlı alver gedir. Məsələn, Ursulanın quruma sədrliyi müqavilində 3 mühüm vəzifənin iki il yarım sosialistlərə verilməsindən söhbət gedir. Ümumilikdə, əsasən 4 post uğrunda ciddi alver gedir. Burada söhbət Avropa Parlamentinin sədri, Avropa Şurasının prezidenti, Aİ komisarı və təhlükəsizlik komissarı postlarından gedir. Düzdür, Ursula fon der Leyenin təmsil olunduğu Avropa Xalq Partiyası çox səs aldığı üçün onun sədr olması ehtimalı böyükdür. Ancaq digər 3 vəzifəyə əvvəlkilərin rəhbərlik edəcəyi mübahisəlidir. Məsələ ondadır ki, alınan səslər təkbaşına sədr seçməyə yetərli deyil. Ona görə də kuluarlarda sosialist partiyalarla alver gedir. Yəni onların dəstəyini almaq hesabına planlarını reallaşdırmağa çalışırlar. Bunlar hələ məsələnin görünən tərəfidir. Gör pərdəarxası hansı oyunlar gedir.

“Avroparlamentin bir sıra deputatları korrupsiyaya qurşanıb, rüşvət qalmaqallarında adları hallanır” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bütün bunlar bir sıra məsələlərdən xəbər verir: “Əvvəla, görünən odur ki, Ukrayna müharibəsi Avropa ölkələrindəki seçicilərin mövqeyinə ciddi təsir edib. Ukraynaya ayrılan milyardlar, qaçqın axını, inflyasiya, qiymət artımı oradakı insanların sosial vəziyyətinə mənfi təsir edib. Sosial xərclər azalıb. Üstəlik, miqrantların sayının artması radikal əhval-ruhiyəni gücləndirir. Bu da seçkilərdə özünü göstərdi. Yəni ifrat millətçilərə səs verənlər artdı. Bu da liberalların, sağ mərkəzçilərin manevr imkanlarını məhdudlaşdırıb. Beş il əvvəl, yəni 2019-cu ildəki kimi, Avropa qurumlarına rəhbərləri təyin edə bilmirlər. Belə olduqda Avroparlamentdə sol siyasi qüvvələrlə alverə gedirlər. Təbii ki, nələrinsə müqabilində. Burada əsas diqqəti çəkən məqam ondan ibrarətdir ki, böyük dövlətlər Avroittifaqda sədr postlarını öz əllərində saxlamağa çalışırlar. Halbuki, demokratik seçimdən bəhs edilən qurumda bu, doğru deyil. O baxımdan düşünmürəm ki, Slovakiyadan irəli sürülən namizəd komisar olsun. Çünki bir sıra məsələlər heç də göründüyü kimi deyil. Nəzərə almaq lazımdır ki, Avropa Parlamentinin bir sıra deputatları korrupsiyaya qurşanıb. Rüşvət qalmaqallarında adları hallanır. O baxımdan pərdəarxası vəzifə alveri təəccüblü deyil”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
baki-xeber.com

1Mənbələr