AZ

Neft-qaz gəlirlərinin azalması Azərbaycana faciə deyil, əgər...

Image

Aparılan hesablamalara əsasən, ölkəmizdə ümumi daxili məhsul (ÜDM) istehsalı neft-qaz sektorunda cari ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə eyni səviyyədə qalaraq, 17 milyard 222,8 milyon manat olub. Amma sözü gedən məhsulların ixracı və onların gətirdiyi gəlirlər məsəlsində vəziyyət bir qədər fərqlidir. 

Məsələ burasındadır ki, cari ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə qaz ixracı həcmində artım olsa da, Azərbaycanın mavi yanacaqdan gəliri iki dəfə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-may aylarında ölkədən 9 milyard 912,6 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.

İxrac edilən təbii qazın dəyəri 3 milyard 451,1 milyon dollar olub.

Xatırladaq ki, 2023-cü ilin eyni aylarında Azərbaycandan 7 milyard 103 milyon dollar dəyərində, yəni, 9 milyard 362,7 milyon kubmetr təbii qaz ixrac edilib. Hesabat dövründə qazın hər 1000 kubmetrinin qiyməti 614-dən 348 dollara düşüb. Üstəlik, “Azəri”, “Çıraq”, “Günəşli” üzrə neft gəlirləri də azalıb. Bəs, neft-qaz gəlirləri azalırsa, bu, iqtisadiyyata necə təsir göstərəcək? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev  bildirir ki, dünyada dördüncü sənaye inqilabının çağırışları ənənəvi təbii resurslardan alternativ resurslara keçidi əhatə edir: “Azərbaycan da praktiki olaraq bu istiqamətdə lazımi addımları atır”. Deputat dünyada istər neft, istər qazın qiymətinin dəyişkən olduğuna diqqət çəkir: “Əgər ilyarım bundan öncə qazın hər min kubmetrinin qiyməti 2 min dollardan artıq idisə, bu gün bundan qat-qat aşağıdır. Bu da, şübhəsiz ki, dövlət büdcəsinin gəlirlərinə təsir göstərir”. Amma onun sözlərinə görə, hökumət Azərbaycanda iqtisadiyyatın inkişafı, onda müəyyən zərərli təsirlərin aradan qaldırılması istiqamətində tədbirlər görür və bunun nəticəsidir ki, bu ilin dövlət büdcəsində qeyri-neft sektorundan əldə olunan gəlirlərin həcmi artır: “Bu da müəyyən mənada neft-qazdan olan itkilərin kompensasiya olunması anlamını verir. Lakin iqtisadiyyat inkişaf etdiyi üçün bütün iqtisadiyyatdakı və dövlət büdcəsindəki gəlirlər, xərclər tam dəqiqliyi ilə hesablanmalıdır. Mümkün qədər elə etmək lazımdır ki, dövlət büdcəsində gəlir hissəsi ilə xərc hissəsi arasında balans olsun. Ancaq iqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı “Azadlıq” radiosuna bildirib ki, Azərbaycan iqtisadiyyatının neft və qaz gəlirlərindən asılı olması tendensiyası uzun illərdir davam edir: “Neftdən asılılıq yeni bir məsələ deyil. 2002-2003-cü illərdən, yəni ölkəyə böyük neft pullarının gəlməsindən bəri həm ümumi daxili məhsulda, həm büdcənin formalaşmasında, əsas da xarici ticarətdə neft və qazdan asılılıq faiz nisbətində dəyişməyib. İndi qaz ucuzlaşır, gəlir azalır. Başqa bir problem isə ondan ibarətdir ki, neftin hasilatı kəskin düşür. Mayda biz 500 min bareldən az neft hasil etdik. 2000-ci illərdən bəri bu, ilk dəfədir baş verirdi. Bu isə o deməkdir ki, neftdən gələn gəlirlər də kəskin azalır”. Ekspert bunda qorxulu heç nə görmür: “Dövlət Neft Fondunda, Mərkəzi Bankda kifayət qədər və büdcə formalaşması üçün üçillik ehtiyatlar var. Eyni zamanda, xarici borc da ÜDM nisbətində aşağı səviyyədədir və Azərbaycanda MDB ölkələr arasında ən yaxşı göstəricidir. Amma tendensiya davamlı olarsa, nə olacaq? Əsas sual budur. Hökumət yeni istehsal sahələri yarada biləcəkmi?”. Ekspert hesab edir ki, təxirəsalınmaz tədbirlərə ehtiyac var.

Bunlar fonunda qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycan hökumətinin 2010-cu illərdən sonra qarşısına qoyduğu əsas prioritet istiqamətdir. Buna görə də sosial-iqtisadi inkişafın müasir mərhələsində əsas vəzifələrdən biri iqtisadiyyatın diversifikasiyası ilə bağlı qeyri-neft sektorunun inkişafı və onun ixrac potensialının gücləndirilməsindən ibarətdir. Bunun da səbəbi odur ki, ölkə iqtisadiyyatının diversifikasiya olunması, ölkəyə gələn valyuta axınlarının artırılması, iqtisadiyyatın sağlamlaşdırılması, həmçinin məşğulluq problemlərinin həlli və ölkədə vətəndaşlara layiqli iş yerlərinin yaradılmasında qeyri-neft ixracı çox önəmlidir. Qeyri-neft sektorunun inkişafı bir tərəfdən ölkənin ixrac potensialının inkişafına təsir göstərir, digər tərəfdən isə əmək tutumlu sahələr olduğuna görə yeni iş yerlərinin açılmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaradır. Daha bir mühüm məqam odur ki, ölkə iqtisadiyyatının dayanıqlılığının artırılmasında qeyri-neft sektorunun ixrac potensialının ciddi əhəmiyyəti var. Bu fonda qeyri-neft sektorunun ixrac məhsullarının dünya bazarlarına çıxarılmasına imkan verən beynəlxalq layihələrin hazırlanması, ölkənin ixrac potensiallı məhsullarının bazarlarda möhkəmlənməsi üçün dünya dövlətləri ilə əlaqələrin genişləndirilməsi, bu əlaqələrdən ixrac potensialının artırılması tədbirlərində fəal istifadə edilməsi olduqca vacibdir. Ekspertlərin krincə, müasir texnologiyaların tətbiqi ilə yeni müəssisələrin yaradılması qeyri-neft sektorunun inkişafında yeganə düzgün yol kimi dəyərləndirilməlidir. Belə müəssisələrin qurulması üçün xarici və daxili kapitalın indikindən daha böyük həcmlərdə cəlb edilməsi olduqca vacibdir. Xüsusən də bu yatırımlar dördüncü sənaye inqilabının tələbləri səviyyəsində müasir müəssisələrin qurulmasına istiqamətləndirilsə, sahibkarlar dünyada gedən proseslərə daha tez uyğunlaşa bilərlər.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
baki-xeber.com

2Mənbələr