AZ

Köhnə çörəyi təzə bişirilənə qatırlar? - Açıqlama

“Azərbaycan xalqı dünyada ən çox çörək yeyən xalqdır. Buna görə dünyada birinci yerdəyik. Həm də çörək bizim üçün müqəddəsdir. Amma bizneslə məşğul olanlar xalqın çörəyi çox yeməsindən sui-istifadə edir. Bəzən bizə daxil olan şikayətləri analiz etdikdə görürük ki, çörəklər ya çox qısa zamanda sıradan çıxır, ya da uzun müddət saxlayanda sıradan çıxmır. Hər iki hal istehlakçı hüququnu qoruyan təşkilatı qayğılandırır”.



Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son vaxtlar çörəyin keyfiyyəti ilə bağlı şikayətlərin artması haqda danışarkən deyib.

Onun sözlərinə görə, çörəyin otaq temperaturunda orta saxlanma müddəti 72 saatdan artıq deyil:

"Əgər tez bir zamanda çörəkdə yapışqanlıq əmələ gəlirsə, bu o deməkdir ki, həmin sexin unu artıq kartof xəstəliyinə tutulub. Onu təmizləmək isə asan məsələ deyil. Bu cür yapışqanlı çörəklər mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. Çünki orda artıq göbələklər var və insanlar bundan xəstələnə bilər.
Əgər çörək uzun müddət saxlanılırsa və xarab olmursa, bu da ziyanlıdır. Çünki demək artıq çörək kimyalaşıb. Hər iki problemi müşahidə edirik. Çörəyin quruması isə normal haldır”.

E.Hüseynov deyib ki, isti çörək də mədə-bağırsaq xəstəliklərinə səbəb olur:

“Çox təəssüflər olsun ki, azərbaycanlılar isti çörəyə üstünlük verirlər. Bu isə mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. İsti çörək mədədə gec həll olunsa da, insanların ona tələbatı var”.

E.Hüseynov köhnə çörəklərin təzə bişirilən çörəklərə qarışdırılmasının isə illər öncə baş verdiyini bildirib:

“Köhnə çörəklərin təzə çörəyə qarışdırılması məsələsi 10 il öncə baş verirdi. Hazırda bu məsələ demək olar ki, yoxdur. Bunun kökü kəsilib. Köhnə çörəyi digər təsərrüfatlara verirlər. Əgər istehlakçı şikayətlərini nəzərə alsaq, “Binə” çörəyindən tez-tez şikayətlər daxil olur”.





Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
20
bakupost.az

10Mənbələr