AZ

YAP Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib. Bununla bağlı, dünən, iyunun 20-də YAP İdarə Heyətinin iclası keçirilib. YAP-dan “Turan”a verilən xəbərə görə, iclasda sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edib. O belə bir təşəbbüsü zəruri edən amil kimi bu ilin noyabrında ölkədə keçiriləcək BMT iqlim konfransının üzərində dayanıb: “BMT İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərin 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib”. O, həmin tədbirlərdə çoxsaylı qonaqların olacağını vurğulayıb. Tahir Budaqov əlavə edib ki, həmin tədbirlərin keçiriləcəyi vaxtda – 2024-cü ilin noyabr ayında Azərbaycan Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir: “Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır.” Onun fikrincə, hesab edirlər ki, indiki şəraitdə Milli Məclis dövlət maraqlarını üstün tutaraq özünün buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir. Yekunda YAP parlamentdə onu təmsil edən deputatlara (çoxluğa) altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə qərar qəbul edilib. Bundan bir ay əvvəl mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov da parlament seçkilərinin önə çəkilməsindən bəhs etmişdi Pənahov da bunu seçkilərin noyabrda Azərbaycanda keçiriləcək COP29-la eyni vaxta təsadüf etməsi ilə əlaqələndirmişdi. “Bu səbəbdən seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər”. Hakim YAP birinci dəfə deyil ki, belə bir təşəbbüslə çıxış edir. Bundan 5 il əvvəl də YAP parlamentin özünü buraxması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Onda isə partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Nəticədə parlament seçkiləri vaxtından təqribən 6 ay əvvəl keçirilmişdi. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu. Müxalifət partiyaları isə bəyan etmişdi ki, hakimiyyət seçkiləri önə çəkməklə onu tez-tələsik saxtalaşdırmaq məqsədi güdür. Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub. Onda MSK dörd dairədə pozuntular olduğunu bildirərək nəticələri ləğv etmişdi. Həmin dairələrdə indiyə kimi seçkilər keçirilməyib. Azərbaycanda həm sonuncu parlament, həm də prezident seçkiləri növbədənkənar keçirilib. Gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkisinin bu il fevralın 7-nə təyin edilməsinə isə ölkənin bütün ərazilərində suverenliyin bərpası səbəb göstərilmişdi. Rəsmilər deyirdilər ki, bu tarixi prosesdən sonra ölkədə ilk seçkilərin prezident seçkisi olmasını vacib sayırlar. Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir. AzadlıqRadiosu

Seçilən
196
xural.com

1Mənbələr