AZ

Qazaxıstan və Çin Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafını genişləndirir

Qazaxıstan

Astana, 20 iyun, AZƏRTAC

Qazaxıstan Parlamentinin Senatı Qazaxıstanla Çin Xalq Respublikası arasında Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı haqqında sazişi ratifikasiya edib.

AZƏRTAC-ın Qazaxıstan mətbuatına istinadən məlumatına görə, sazişin əsas məqsədi avtomobil, dəmir yolu və dəniz nəqliyyatından səmərəli istifadəni təmin etmək və yükdaşımalar üçün əlverişli şərait yaratmaqdır. Saziş, həmçinin hər iki ölkənin ərazisində logistika mərkəzlərinin inkişafını nəzərdə tutur ki, bu da Transxəzər beynəlxalq nəqliyyat marşrutuna əlavə tranzit həcmlərinin cəlb olunmasına kömək edəcək.

Hazırda Asiyadan Avropaya tranzit yüklərinin çatdırılma müddəti 18 günə qədər azaldılıb ki, bunun da 6 günü Qazaxıstan ərazisində keçir.

Qeyd edək ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrindən keçən beynəlxalq nəqliyyat dəhlizidir. Bu marşrutun inkişafı regionlararası iqtisadi əlaqələrin möhkəmlənməsinə və ticarət həcmlərinin artmasına şərait yaradacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
azertag.az

1Mənbələr