AZ

Abşeron gənclərinə narkomaniyanın zərərləri haqqında məlumat verilib

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində 26 iyun - “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə təlim təşkil olunub.

Komissiyanın İşçi qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun məsul nümayəndəsi, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin həkim-psixoloqu, rayon polis şöbəsinin əməkdaşı, həmçinin rayonun tam orta məktəbinin təlim-tərbiyə üzrə direktor müavinləri, sinif rəhbərləri, müəllim heyəti və psixoloqları iştirak ediblər.

Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
azertag.az

1Mənbələr