AZ

Notarial fakt necə təsbit olunur? – Saday Osmanlı yazır

Ölkəmizin beynəlxalq səviyyədə əlaqələrinin yüksəlməsi, mülki dövriyyənin genişlənməsi bütün sahələrdə olduğu kimi, ədliyyə sistemi sahəsində də vətəndaşlara surətli və operativ xidmətlərin göstərilməsini labüd edir. Keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə qədəm qoyan ədliyyə sisteminin qarşısında duran əsas hədəflərdən biri də faktların təsdiq edilməsi, zəruri notarial hərəkətlərin icra edilməsidir.

Bu yazıda faktların təsdiq edilməsinin hüquqi mexanizmləri barədə danışacağıq.

“Notariat haqqında Azərbaycan Respublikasının qanunu”nun XIII  fəslində faktların təsdiq edilməsinin 5 növü müəyyən edilib.

Şəxsin sağ olması faktının təsdiq edilməsi.

Şəxsin sağ olması faktını onun xahişinə əsasən notarius təsdiq edir. Şəxsin sağ olması faktı vətəndaş notariusa gəldikdə və bu faktı notariusun yerləşdiyi binadan kənarda təsdiq etdikdə müəyyən olunur. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların sağ olması faktı onların qanuni nümayəndələrinin, yəni valideyinlərinin, övladlığa götürənlərinin və qəyyumlarının xahişi ilə tədiq edilir. 14 yaşından 18 yaşına qədər olan yetkinlik yaşına çatmayanların sağ olması faktı isə onların xahişi ilə qanunu nümayəndələrinin yəni, övladlığa götürənlərinin və himayəçilərinin razılığı ilə təsdiq edilir. Notarius maraqlı şəxslərə şəxsin sağ olması faktını təsdiq edən şəhadətnamə verilməlidir.

Şəxsin yerinin təyin edilməsi faktının təsdiq edilməsi.

Notarius şəxsin xahişi ilə, onun  müəyyən yerdə olması faktını təsdiq edir. 14 yaşı tam olmayan yetkinlik yaşına çatmayanların müyyən yerdə olması faktı onların qanuni nümayəndələrinin xahişi ilə təsdiq edilir. 14 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayanların müəyyən yerdə olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin razılığı ilə təsdiq edilir. Şəxsin müəyyən yerdə olması faktını həm vətəndaş notariusa gəldikdə, həm də notarius bu faktı notariusun yerləşdiyi binadan kənarda təsdiq edə bilər. Bununla bağlı notarius maraqlı şəxslərə şəxsin müəyyən yerdə olması faktını təsdiq edən şəhadətnamə verməlidir.

Şəxsin fotoşəkildəki şəxslə eyniliyinin təsdiq edilməsi.

Şəxsin xahişinə əsasən notarius şəxsin təqdim olunan fotoşəkildəki şəxslə eyniliyinə şübhə etmirsə, bu halı təsdiq etməli və bu barədə şəhadətnamə verilməlidir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata əsasən şəxsin fotoşəkli şəxsə verilən şəhadətnamənin nüsxəsinin yuxarı sol küncünə yapışdırılır, notariusun imzası və şəxsi gerbli möhürü ilə  təsdiq edilir. Möhürün bir hissəsi fotoşəklin üzərinə digər hissəsi isə şəhadətnaməyə düşməlidir. Fotoşəkildəki şəxslə şəxsin  eyniliyinə şübhə edilərsə, notarius bu halı təsdiq etməz və şəxsə bu məsələ üzrə məhkəməyə müraciət etmək hüququnu izah etməlidir.

Sənədin təqdim olunduğu vaxtın təsdiq edilməsi.

Notarius ayqı-ayrı şəxslərin, idarə, müəssisə və təşkilatların ərizəsinə əsasən sənədlərin təqdim olunduğu vaxtı təsdiq etməlidir. Bu zaman notarius mütləq, sənədi təsdiq etmiş şəxsin şəxsiyyətini müəyyən edir. Notariusa sənədin təqdim edildiyi vaxtın təsdiq edilməsinin  təsdiq qeydi sənədin əslində və hökmən sənədi təqdim etmiş şəxs göstərilməklə qeyd edilir. Eyni vaxtda bir neçə sənəd notariusa təqdim edilərsə, bu zaman təsdiq qeydi hər bir sənəd  üçün ayrılıqda qeyd edilir və dövlət rüsumu hər bir sənəd üçün ayrılıqda tutulur. Əgər bir sənəd bir neçə vərəqdə yazılıbsa, təsdiq qeydi aparılarkən onlar notarius tərəfindən qaytanlanmalı, vərəqlərin sayı göstərilməli, imza edilməli və möhürlənməlidir.

Notarius ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin

təşkilatların ərizələrinin və sənədlərinin verilməsi.

Notarius ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların məzmunu qanuna zidd olmayan və özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatları əks etdirməyən kağız və ya elektron daşıyıcıda olan ərizələrini və ya sənədlərini başqa şəxslərə, idarələrə, müəssisələr və təşkilatlara verir. Ərizələr və sənədlər kağız daşıyıcıda geri məlumat verilməsi şərtilə poçt vasitəsilə və ya imza etdirmək şərtilə şəxsən verilir. Göndərilən şəxsin elektron poçt ünvanı məlum olduqda, ərizəçinin xahişi ilə onun notariat qaydasında təsdiq edilmiş ərizəsi skan edilərək göndərilə bilər. Təqdim olunan ərizələr və ya digər sənədlər notarius tərəfindən başqa şəxslərə, həmçinin texniki vasitələrdən istifadə etməklə informasiya sistemləri vasitəsilə də verilə bilər. Bu halda notarius kağız daşıyıcıda təqdim olunmuş ərizə və ya digər sənəd əsasında onun elektron nüsxəsini skan edilmiş formada və ya elektron məlumat şəklində “Elektron notariat” informasiya sistemində tərtib etməklə hazırlayır. Kağız daşıyıcıda olan ərizə və ya digər sənədlə hazırlanmış sənədin elektron nüsxəsinin eyniləşdirilməsi notariusun elektron imzası ilə təsdiq edilir.

Elektron formada təqdim olunan ərizələrin və ya digər sənədlərin məzmunu notarius tərəfindən hazırlanan kağız daşıyıcıya keçirilərək eyniləşdirilə bilər. Bu halda notarius ərizəni və ya digər sənədi göndərən şəxsin elektron imzasını “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yoxlayır, onu kağız daşıyıcıda çap edərək imzası və möhürü ilə təsdiq edir. Elektron ərizə və ya digər sənəd kağız daşıyıcıya keçirildikdən sonra bu hissənin birinci abzasında nəzərdə tutulmuş qaydada göndərilir. Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamə verilir. Ərizələrin verilməsi və ərizələrin verilməsinə dair şəhadətnamə verilməsi reyestrdə qeydə alınır.

Notarius tərəfindən vətəndaşlara göstərilən bu xidmətlər, mahiyyət etibarı ilə vətəndaşların rahatlığı, həmin an vətəndaşla bağlı yaranmış qeyri-müəyyənliyin, eləcə də yarana biləcək istənilən mübahisəli, problemli halların notarius tərəfindən fakt təsdiqi qaydasında həll edilməsini və mülki münasibətlərin səmərəli şəkildə tənzimlənməsini təmin edir.

Saday Osmanlı,

Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi  notariusu

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
4
apress.az

5Mənbələr