AZ

Aqrar sektoru necə inkişaf etdirməliyik? – “Agromix” rəhbərindən TƏKLİFLƏR

Qida rasionumuzda mühüm yer tutan meyvə və tərəvəzin ən bol və ən bərəkətli dövrünə – yay fəslinə qədəm qoymuşuq. Qəribə olsa da, mövsümi dövrdə də meyvə və tərəvəz məhsullarının qiymətlərində ciddi ucuzlaşmalar müşahidə olunmur.

Demokrat.az-a danışan Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri, “Agromix” şirkətinin təsisçisi və direktoru Gülpəri Bayramova hesab edir ki, əsas diqqət qış aylarına, qeyri-mövsüm dövrünə yönəlməlidir: “Çünki meyvə-tərəvəz məhsulları qida rasionumuzda mühüm yer tutur və ilin bütün fəsillərində istehlak olunmalıdır. Bu səbəbdən əsas məsələ məhsulların qorunub saxlanılmasıdır. Tədarük olunan bəzi kənd məhsulları var ki, onlar xüsusi saxlanma şəraiti tələb edirlər. Bu səbəbdən müasir tələblərə cavab verən soyuducu anbarların sayı çoxaldılmalıdır. Bunun üçün isə münbit şərait yoxdur. Hansı ki, əksər ölkələrdə bu məsələyə xüsusi önəm verirlər. Misal üçün, qonşu dövlətlərdən Türkiyə və İranda “Smart-5” tipli soyuduculardan geniş istifadə edilir ki, qışda da meyvə və tərəvəz məhsulları əlçatan olsun. Həm qiymətləri münasib olur, həm də orqanik məhsullar bazara təklif edilir”.

Bayramovanın sözlərinə görə, ölkəmizdə “Smart-5” tipli soyuducu anbarlarının sayının artırılmasına xüsusi ehtiyac var: “Bizdə yetərli qədər bu anbarlar olsaydı, məhsullar kütləvi itkiyə getməzdi. Nəticədə mövsümi dövrdə fermerlərin zəhməti hədər getməz, daha sağlam və orqanik məhsulları ucuz qiymətə bazara çıxarmaq mümkün olardı. Azərbaycan Biznes Partnyorları Klubu (BPC) və “Agromix” şirkəti olaraq dəfələrlə bununla bağlı təkliflərimizi səsləndirmişik. Mövzu bu gün də aktualdır və ərzaq təhlükəsizliyimizin qorunması baxımından  soyuducu anbarların güzəştli şərtlərlə bazar iştirakçılarına təqdim edilməsinə ehtiyac var” – BPC sədri vurğulayır.

Əlavə edir ki, müvafiq satış nöqtələrinin yaradılması da vacibdir: “Hər bir əkinçinin məhsulu realizə etmək imkanı yoxdur. Beynəlxalq təcrübədə hökumət məhsulları alır və soyuducu anbarlarda qoruyur. Qeyri-mövsüm dövründə isə güzəştli şərtlərlə istehlakçılara təqdim edir. Bunu dövlət sifarişi əsasında şirkətlər də həyata keçirə bilər. Stimullaşdırıcı tədbirlər, o cümlədən qablaşdırma mərkəzlərinin qurulması da vacib amillərdəndir. Fermerlərin aqrar-texniki bacarıqları olsa da, satış prosesində bilavasitə iştirak etməməsi müəyyən problemlərə yol açır. Bəzən isə onlar məhsulları itkiyə getməsin deyə, çox ucuz qiymətə satışa çıxarırlar. Növbəti ildə isə yenidən eyni məhsulu ərsəyə gətirməyə həvəsli görünmürlər. Nəticədə məcbur qalıb, istehlakçılar mövsüm olmayan dövrlərdə idxal mallarına üstünlük verməli olur” – deyə, “Agromix”in təsisçisi fikrini yekunlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
3
apress.az

4Mənbələr