AZ

Avropa İttifaqı Azərbaycanla bağlı bəyanat YAYDI 

Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanat yayıb.

 

Hafta.az xəbər verir ki, sənəd Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunub.

 

“İyunun 13-də Brüsseldə Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclası keçirilib. İştirakçılar Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar”, – sənəddə qeyd olunub.

 

Bildirilib ki, tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də daha geniş regional təhlükəsizlik məsələlərinə də toxunublar. Bu kontekstdə regional sabitliyin və davamlı əlaqənin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

 

“Aİ regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz üçün sülh prosesinə davamlı dəstəyinə diqqət çəkib”, – sənəddə bildirilib. Həmçinin Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşı kimi rolu və Orta Dəhlizin gələcək inkişafında əhəmiyyəti vurğulanıb.

 

“Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardıma göstərdiyi dəstək yüksək qiymətləndirilib. Bildirilib ki, Aİ-nin “Team Europe” təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə proqramına yardımları gələcəkdə davam etdiriləcək. Azərbaycan tərəfi həmçinin Avropa Sülh Fondu (AƏF) çərçivəsində Aİ ilə mümkün əməkdaşlığın araşdırılmasında maraqlı olduğunu bir daha bəyan edib”, – bəyanatda qeyd olunub.

 

Sənədə əsasən, görüşün yekununda Aİ və Azərbaycan xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müntəzəm mübadilələri davam etdirmək barədə razılığa gəliblər. Həmçinin Aİ–Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün müvafiq istiqamətləri üzrə mənalı işin vacibliyini vurğulayıblar.

 

İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrique Mora həmsədrlik ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
46
hafta.az

10Mənbələr