AZ

Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun iclasında İrəvanla normallaşma prosesi müzakirə olunub

Avropa İttifaqı Aİ – Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanat yayıb.

525.az xəbər verir ki, sənəd Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunub.

“İyunun 13-də Brüsseldə Aİ – Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclası keçirilib. İştirakçılar Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar”, – press-relizdə diqqətə çatdırılıb.

Qeyd olunub ki, tərəflər “Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də daha geniş regional təhlükəsizlik məsələlərinə də toxunublar”: “Bu kontekstdə regional sabitliyin və davamlı əlaqənin gücləndirilməsinin vacibliyi qeyd edilib”. Bildirilib ki, Bakı “Ermənistan və Azərbaycan arasında dialoqun ikitərəfli xarakterini vurğulayıb”.

“Aİ regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz üçün sülh prosesinə davamlı dəstəyinə diqqət çəkib”, – sənəddə nəql edilib.

Bildirilib ki, “Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşı kimi rolu və Orta Dəhlizin gələcək inkişafında əhəmiyyəti vurğulanıb”.

“Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardıma göstərdiyi dəstək yüksək qiymətləndirilib. Bildirilib ki, Aİ-nin “Team Europe” təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə proqramına gələcək yardımlar davam etdiriləcək. Azərbaycan tərəfi həmçinin Avropa Sülh Fondu (AƏF) çərçivəsində Aİ ilə mümkün əməkdaşlığın araşdırılmasında maraqlı olduğunu bir daha bəyan edib”, – bəyanatda qeyd olunub.

Sənədə əsasən, “görüşün yekununda Aİ və Azərbaycan xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müntəzəm mübadilələri davam etdirmək barədə razılığa gəliblər”: “Onlar həmçinin Aİ – Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün müvafiq istiqamətləri üzrə mənalı işin vacibliyini vurğulayıblar”.

Məlumata görə, iclasa Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora həmsədrlik ediblər.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
46
525.az

10Mənbələr