AZ

Türk şirkəti Azərbaycanda zəlzələ risklərini modelləşdirməyi planlaşdırır

Türk

Ankara, 19 iyun, AZƏRTAC

Türkiyənin “T-Rupt” şirkəti yaxın vaxtlarda Azərbaycanda zəlzələ risklərinin modelləşdirilməsi layihəsinin həyata keçirilməsinə başlamağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “T-Rupt”ın baş direktoru Erdem Karabostan Türkiyə mediasına bildirib.

Onun sözlərinə görə, şirkət müxtəlif tədbirlərdə iştirak edərək Azərbaycan tərəfi ilə fəal ünsiyyət saxlayır. Mayın sonunda “T-Rupt” şirkətinin nümayəndələri Bakıda Mərkəzi Bank və Azərbaycan İcbari Sığorta Bürosunun birgə təşkil etdiyi maliyyə sisteminin fəlakətli risklərə qarşı dayanıqlığına həsr olunmuş konfransda iştirak ediblər.

Karabostan qeyd edib ki, təbii fəlakət riskinin modelləşdirilməsi texnologiyası ilk növbədə sığorta bazarı üçün böyük əhəmiyyət kəsb edir. “Şirkətimiz zəlzələ kimi fəlakətlərin baş vermə ehtimalını nəzərə alaraq sığorta şirkətlərinə bazarın gələcəyi haqqında təsəvvür yaratmağa imkan verən CATMOD fəlakətli risklərin modelləşdirmə platformasını işləyib hazırlayıb”, - deyə şirkətin rəhbəri izah edib.

Karabostan sığorta şirkətlərini ölkənin 11 vilayətində əmlak sahiblərinə böyük təzminat ödəməyə məcbur edən 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrini xatırladıb.

Onun sözlərinə görə, bu gün beynəlxalq bazarda “təkrarsığorta” (reinsurance) praktikasından istifadə olunur, yəni bir sığortaçı külli miqdarda kompensasiyanın ödənilməsi ehtimalını azaltmaq məqsədilə müqavilə əsasında öz risklərini və ya risklərin bir hissəsini başqa sığorta şirkətinə ötürür. Lakin, bu cür “risk mübadiləsi” çox bahalıdır, fəlakət riskinin modelləşdirilməsi isə sığorta bazarı üçün daha sərfəli seçimdir.

“CATMOD platforması ayrıca götürülən bölgədə müxtəlif maqnitudalı zəlzələlərin zərərinin nə olacağı barədə təsəvvür yaradır. Bu, digər sığortaçılara “ötürülə bilən” risklərin miqdarını azaltmağa imkan verir. Türkiyəyə münasibətdə şirkətimiz 100 min zəlzələ ssenarisini nəzərə alan platforma işləyib hazırlayıb”, - deyə “T-Rupt”ın baş direktoru vurğulayıb.

O, CATMOD platforması üçün bütün proqram təminatının türk mütəxəssislərinin məhsulu olduğunu və daim yeniləndiyini diqqətə çatdırıb. “T-Rupt üçün beynəlxalq əməkdaşlığın prioriteti türk dövlətləri və Şərqi Avropa ölkələridir. İcbari zəlzələ sığortasının yayılması ilə “CATMOD”a maraq artacaq”, - deyə o əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
12
azertag.az

10Mənbələr