AZ

Təcavüzkarı silahlandırmaq nə vaxtdan regional sabitliyin təşviqinə sadiqlik sayılır? -ŞƏRH

Xəbər verildiyi kimi, ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma Ermənistanda səfərdə olub. Qeyd edək ki, bundan bir neçə gün əvvəl, daha doğrusu, iyunun 11-də Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ABŞ-Ermənistan Strateji Dialoqunun İrəvanda keçirilən yekun iclasında iştirak edib. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono isə mayın 6-da İrəvanda səfərdə olub. Bu gün isə ABŞ Dövlət Departamentinin ticarət və biznes üzrə xüsusi nümayəndəsi Sara Morgenthau İrəvana gəlib. 

İndi qayıdaq Riçard Vermanın Ermənistanda səfəri ilə bağlı bir detala. Armenpress-in məlumatına görə, Riçard Verma Ermənistana səfəri çərçivəsində ABŞ, Hindistan və Fransanın fövqəladə və səlahiyyətli səfirləri ilə də görüşüb. Həmin görüşün detalları barədə ətraflı məlumat verilməyib. Ermənistanın qlobal arenada artan rolunu müzakirə etmək üçün həmfikir diplomatlarla isti və məhsuldar görüş keçirdiyini qeyd edən Verma “X” hesabında, həmçinin bildirib ki, biz birlikdə Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqik. 

ABŞ-ı qoyaq bir kənara, sual olunur, məgər cənab Riçard Vermar bilmirmi ki, Cənubi Qafqazda sülhün bərqərar olunmasını mane olan məhz Ermənistanı silahlandırmaqda davam edən Hindistan və Fransadır. Yeri gəlmişkən qeyd edək ki, iyunun 18-də Fransa Ermənistanla “CAESAR” markalı özüyeriyən artilleriya qurğularının və onlar üçün mərmilərin, daha doğrusu, öldürücü, həm də hücum təyinatlı silahların satışı barədə müqavilə imzalayıb. Şübhəsiz, bu, hələ də müstəmləkəçilik siyasətini davam etdirən Fransanın qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanı yenidən silahlandırması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi, eyni zamanda yeni müharibəyə sürükləməsi deməkdir. Halbuki, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbiri nəticəsində Azərbaycanın suverenliyini tam bərpa təmin etməsindən sonra Cənubi Qafqaz regionunda sülh üçün unikal imkan yaranıb. Hətta hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırılıb. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb. Bu mənada demək olar ki, indi sülh heç vaxt olmadığı qədər yaxındır. Rəsmi Bakının prioriteti isə hələ də İrəvanla münasibətlərin normallaşmasıdır. Amma bütün cəhdlərə baxmayaraq Hindistan, Fransa kimi dövlətlərin ucbatından sülh sazişi hələ də imzalanmayıb. Məgər Riçard Verma bilmirmi  ki, bu prosesdə Azərbaycan əleyhinə fəaliyyətini özünün həyat tərzinə çevirən Fransanın Ermənistandakı səfiri Olivye Dekotini lap öndə gedənlərdən biridir. “Ermənistan və Hindistan arasında müdafiə sahəsində əməkdaşlıq çox yaxşı inkişaf edir” deyən Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha da bu kimi məsələlərdə heç ondan geri qalmır. Şübhəsiz, bütün bunlar tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi olan Fransanın, həmçinin Cənubi Qafqazdan min kilometrlərlə uzaqda yerləşən və Cənubi Asiya dövləti sayılan Hindistanın hələ də Azərbaycanın uğurlarını həzm edə bilməmələrindən irəli gəlir.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Riçard Veymarın “Biz birlikdə Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqik” ifadəsi sadəcə diplomatik etika xatirinə işlədilmiş bir ifadədən başqa bir şey deyildir.  Görəsən, bir ölkəni silahlandırmaq, təcavüzkarı dəstəkləmək nə vaxtdan regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqlik sayılır? 

Halbuki Hindistan da, Fransa da rəsmi İrəvan vasitəsilə özlərinin regional maraqlarını təmin etməyə çalışırlar. Amma beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edən Azərbaycan kənar güclərin bölgəyə müdaxiləsinin qarşısını almaq istiqamətdən əməli addımlar atır. Ona görə adlarını  çəkdiyimiz dövlətlər Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda gərginlik yaratmağa çalışırlar.

Bu kimi məsələlərə münasibət bildirən Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda reallıqdan uzaq fikir formalaşdırırlar: “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin aqibəti insanlar və onların ruhu sayəsində həll edilir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
ikisahil.az

1Mənbələr