AZ

İqtisadçıdan neft-qaz gəlirlərinin azalmasına diqqət: "Təxirəsalınmaz tədbirlərə ehtiyac var"

Bu ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə qaz ixracı həcmində artım olsa da, Azərbaycanın mavi yanacaqdan gəliri iki dəfə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-may aylarında ölkədən 3 milyard 451.1 milyon dollar dəyərində 9 milyard 912.6 milyon kubmetr təbii qaz ixrac edilib.

Hesabat dövründə qazın hər 1000 kubmetrinin qiyməti 614-dən 348 dollara düşüb.

Üstəlik, "Azəri", "Çıraq", "Günəşli" üzrə neft gəlirləri də azalıb.

Neft-qaz gəlirləri azalırsa, bu, iqtisadiyyata necə təsir göstərəcək? Sosial layihələr ixtisara düşə bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev Turana bildirib ki, Azərbaycanın təbii sərvəti olan neft və qazın Azərbaycan iqtisadiyyatında kifayət qədər önəmli yer və rolu vardır: “Lakin biz görürük ki, dünyada dördüncü sənaye inqilabının çağırışları artıq təbii ənənəvi resurslardan alternativ resurslara keçməsini əhatə edir və Azərbaycan da praktiki olaraq bu istiqamətdə lazımi addımları atır”.

Deputat qeyd edib ki, dünyada istər neft, istər qaz qiyməti dəyişməkdədir: “Əgər il yarım bundan öncə qazın qiyməti 2 min dollardan artıq idisə, bu gün isə bu qiymət bundan qat-qat aşağıdır. Bu da şübhəsiz ki, dövlət büdcəsinin gəlirlərinə təsir göstərir”.

Amma M.Əfəndiyevin sözlərinə görə, hökümət Azərbaycanda iqtisadiyyatının “ağardılması”, iqtisadiyyata müəyyən zərərli təsirlərin aradan qaldırılması istiqamətində tədbirləri görür və bunun nəticəsidir ki, bu ilin dövlət büdcəsində qeyri-neft sektorundan əldə olunan gəlirlərin həcmi artır: “Bu da müəyyən mənada neft qazdan olan itkilərin kompensasiya olunması anlamını verir. Lakin iqtisadiyyat inkişaf etdiyi üçün bütün iqtisadiyyatdakı və dövlət büdcəsindəki gəlirlər və xərclər tam dəqiqliyi ilə hesablanmalıdır . Mümkün qədər elə etmək lazımdır ki, dövlət büdcəsində gəlir hissəsi ilə xərc hissəsi arasında balans olsun və xərc olan hissədə qeyri-neft sektorundan əldə olunmuş gəlir vasitəsilə istifadə olunsun”.  

İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı fərqli düşünür. O, AzadlıqRadiosuna bildirib ki, Azərbaycan iqtisadiyyatının neft və qaz gəlirlərindən asılı olması tendensiyası uzun illərdir davam edir: "Hökumət bu illər ərzində alternativ iqtisadi modelə keçə bilmədi. Neftdən asılılıq yeni bir məsələ deyil. 2002-2003-cü illərdən, yəni ölkəyə böyük neft pullarının gəlməsindən bəri həm ümumi daxili məhsulda (ÜDM), həm büdcənin formalaşmasında, əsas da xarici ticarətdə neft və qazdan asılılıq faiz nisbətində dəyişməyib".

İqtisadçının sözlərinə görə, 20 il əvvəl ölkəyə valyuta gətirən xarici ticarətdə qaz, neft və neft məhsullarının payı 90 faiz olubsa, indi də 90-91 faizdir: "İndi qaz ucuzlaşır, gəlir azalır. Başqa bir problem isə ondan ibarətdir ki, neftin hasilatı kəskin düşür. Mayda biz 500 min bareldən az neft hasil etdik. 2000-ci illərdən bəri bu, ilk dəfədir baş verirdi. Bu isə o deməkdir ki, neftdən gələn gəlirlər də kəskin azalır".

N.Cəfərli deyir ki, hazırda bu məsələdə tragik vəziyyət yoxdur: "Dövlət Neft Fondunda, Mərkəzi Bankda kifayət qədər və büdcə formalaşması üçün üç illik ehtiyatlar var. Eyni zamanda, xarici borc da ÜDM nisbətində aşağı səviyyədədir və Azərbaycanda MDB ölkələr arasında ən yaxşı göstəricidir. Amma tendensiya davamlı olarsa, nə olacaq? Əsas sual budur. Hökumət 20 il itiribsə, üç ilə yeni istehsal sahələri yarada biləcəkmi? Açığı, buna inanmaq çox çətindir".

O hesab edir ki, təxirəsalınmaz tədbirlərə ehtiyac var: "Ölkə iqtisadiyyatı kifayət qədər liberallaşmalıdır, ölkədə azad rəqabətli mühitin yaradılması, başqa sahələrin inkişafına çalışılmalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
turan.az

2Mənbələr