AZ

İnsan da bir ağacdır


Yağış görməyən, günəş görməyən bir ağac düşünün. Sizcə, o ağac sağlam böyüyə və ya bar gətirə bilərmi? Ətrafına kölgə salmayan, meyvələri ilə ağızları dada gətirməyən bir ağacın nə qiyməti ola bilər? Kim saralmış, solmuş, qurumuş bir ağacı öz bağında görmək istəyər? Bar verməyən ağac odundur, odunun yeri isə od...
Bunun kimi kim olduğunu, haradan gəlib hara getdiyini bilməyən bir insan düşünün. Elə bir insan ki, nə danışmağı bilir, nə susmağı. Nə ədəbdən xəbəri var, nə əxlaqdan. Elə bir insan ki, nəfsinin əsiridir. Elə bir insan ki, insanlıqdan xəbərsizdir. Sizcə, bu insan başqalarına fayda gətirə bilərmi? Ya da başqalarına (hətta özünə də) faydası olmayan bir insanın nə qiyməti ola bilər? Kim başqalarına ziyandan başqa bir şey gətirməyən, başı bəlalardan xilas olmayan bir insanla dost olmaq istəyər?..
İndi də bir ağac düşünün ki, yağış, günəş ən dərin köklərinə qədər işləsin. Hər tərəfi yaşıllıqlara bürüsün. Meyvələri ilə ağızları dada gətirsin. Günəşin yandırıb yaxdığı günlərdə budaqlarını qanad kimi gərsin, yarpaqlarını çətir kimi açsın, insanlara sərinlik bəxş etsin...
Və bunun kimi bir insan düşünün ki, insanların qəlbində taxt qursun. Ədəbi ilə, əxlaqı ilə ibrətə çevrilsin. Harada danışmaq, harada susmaq lazım gəldiyini bilsin. Hamı ona qibtə ilə baxsın. Oxusun, düşünsün, düşünsün, oxusun. Çıraq kimi ətrafına işıq saçsın. Yaralı ürəklərə abi-həyat, yaralı vicdanlara məlhəm olsun. Yaşamaq arzusu ilə yox, yaşatmaq arzusu ilə yansın. Keçdiyi yollarda iz salsın. Sizcə, belə bir insanla kim dost olmaq istəməz?..
İnsan da, ağac da bir-birilərinə çox bənzəyirlər. Ağac üçün yağış və günəş nədirsə, insan üçün də oxumaq və düşünmək odur. Bunlarsız heç biri bar gətirməz, əksinə qurumağa başlayar.
Ağacın həmişə yağışa və günəşə ehtyacı olduğu kimi, insanın da həmişə oxumağa və düşünməyə ehtiyacı var. Odur ki, “Beşikdən məzara qədər elm öyrənin” buyurulur, bir saatlıq təfəkkür minlərlə saatlıq nafilə ibadətdən üstün tutulur.
İnsanın da, ağacın da bar gətirəni, meyvə verəni gözəldir… Və heç kim meyvə verməyən, quru ağaca bənzəmək istəməz…

Murad Məmmədov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
yeniavaz.com

2Mənbələr