AZ

Salonda, evdə estetik əməliyyat EDƏNLƏR – Onlara bu icazəni kim verib?

Salonda, evdə estetik əməliyyat EDƏNLƏR – Onlara bu icazəni kim verib?

Son illərdə Azərbaycanda estetik əməliyyatlara maraq artıb. İnsanlar, əsasən, burun plastikası, artıq hesab etdikləri piylərin götürülməsi, süd vəzilərinin kiçildilməsi və böyüdülməsi üçün müraciət edirlər. Bundan başqa, üzdəki qırışların və sallaq dərinin aradan qaldırılması, buxağın götürülməsi əməliyyatları icra olunur.

Lakin bu əməliyyatlar həmişə uğurlu olmur.

Uğursuz əməliyyatlarla bağlı tez-tez sosial şəbəkələrdə narazılıqlara rast gəlirik. Daha çox özəl klinikalarda aparılan bu tip əməliyyatları yerinə yetirmək üçün hansı ixtisas üzrə təhsil almağın vacib olduğu bildirilmir. Bəzən buxağın götürülməsi, dodaqlara dolğunun vurulması, botoks proseduru adi yerlərdə, gözəllik salonlarında, hətta evlərdə həyata keçirilir.

Bəs qanunla bu necə tənzimlənməlidir?

Mövzu barədə Bizim.Media-ya danışan vəkil Əsabəli Mustafayev deyib ki, bu, ayrı bir ixtisaslaşma tələb edir:

"Ümumi qaydaya görə, həmin əməliyyatları aparmaq üçün tibb mütəxəssisi hansısa təlimləri keçməli, sertifikat almalıdır. İndi klinikalarda bunun tələb olunub olunmadığını bilmirəm.

Bu əməliyyatlarla bağlı neqativ məlumatlar eşidirik, bahalı əməliyyatdır deyə az qala baytar həkimi də insanların üz-gözündə əməliyyat aparmağa həvəs göstərir. Əgər sertifikat tələb olunmursa, biz də ictimai müzakirələri nəzərə alıb sertifikatın, əgər ayrıca fərdi qaydada işləyirsə, lisenziyanın tələb olunması məsələsini qaldıra bilərik.

Klinikada işləyisə, peşəsini göstərən sertifikatla orada işləyə bilər, onda klinikanın rəhbərliyi məsuliyyət daşıyır. Bəziləri bu əməliyyatları öz evlərində, birotaqlı klinikalar açıb orda edirlər, onda onlar lisenziya almalıdırlar".

Hüquqşünas bildirib ki, bunları tənzimləyən normativ aktla rastlaşmayıb:

"Klinika açmaq üçün mütləq Səhiyyə Nazirliyinin lisenziyası lazımdır. Hər bir normativ akt həyat tələbatından yaranır. Bu əməliyyatlar geniş və nizamlanmamış yayılıb. Ona görə də fəsadları çoxdur. Birinci növbədə bu adamların mütləq sertifikatlaşması tələb olunmalıdır. Yəni universitethəmin ixtisası vermirsə o, mütləq hardasa təhsil almalı və təhsilinə uyğun, təhsilini təsdiq edən sertifikatı olmalıdır. Bu işlərlə fərdi qaydada məşğuldursa, lisenziya almalıdır.

Diş çəkən həkim lisenziya alırsa, estetik əməliyyatlar aparanlar da lisenziya almalıdır. Həmçinin, normativ aktlarda bunun ixtisaslaşmış, əməliyyatlara şərait yaradılmış yerlərdə keçirilməsi əks olunmalıdır. Bu, evdə, mağazanın, gözəllik salonunun bir küncündə olmamamlıdır.

Biri var yüngül vitamin və botoksun tətbiqi, bir də var piyin götürülməsi, buxağın əməliyyatı, bunlar mütləq klinikalarda aparılmalı və hamısı qanunda öz əksini tapmalıdır. Bunlar nizamlanmadığı üçün bəziləri vəziyyətdən sui-istifadə edirlər. Çünki vahid normativ baza yoxdur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
sonxeber.az

2Mənbələr