AZ

Bu gün onun DOĞUM GÜNÜDÜR: Dostunun sevgilisini əlindən aldı, həyat yoldaşına şər atdılar, uşaqlarına özü baxdı – Bəstəkar haqqında bilmədiklərimiz…

Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdən biri də Cövdət Hacıyevdir.







Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev 18 iyun 1917-ci ildə Şəki şəhərində anadan olub. O, orta təhsilini başa vurduqdan sonra, 1935-38-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938-41-ci illərdə isə Moskva Konservatoriyasında oxuyub.







İkinci Dünya müharibəsi başlayanda Cövdət tələbə olmasına baxmayaraq, müharibəyə yollanıb. Cəbhədən qayıtdıqdan sonra təhsilini davam etdirib. 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1957-69-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışıb.



Azərbaycanda simfoniyanın banilərindən biri olan C.Hacıyev yaratdığı əsərlərdə öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi «Vətən» operası, kamera-instrumental və fortepiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan birhissəli «Simfoniya»nı, iki simfonik poemasını, «Azərbaycan süitası»nı, simli kvartet və sair əsərlərini bəstələyib. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı «Vətən» operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.



Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı — «Şöhrət» ordeni ilə təltif olunub.



Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. Cövdət Hacıyev, həmçinin, simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.







Cövdət Hacıyevin «Zirvələrə» adlanan altıncı və «Şəhidlər» adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. «Şəhidlər» simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. Cövdət Hacıyevin «Onu zaman seçib» adlı səkkizinci simfoniyası ulu öndər Heydər Əliyevə həsr olunub.











Cövdət Hacıyev rəqqasə Əminə Dilbazinin həyat yoldaşı olub. Əminə Dilbazi gəncliyində olduqca cazibədar və gözəl qadın imiş. Dövrün iki ən böyük bəstəkarı, həm də yaxın dostu Fikrət Əmirov və Cövdət Hacıyev onu sevib. Onlar həm də çox yaxın dost olublar. Onların rəqqasəyə olan sevgisi münasibətlərinin gərginləşməsinə qədər çatır. Ancaq buna qədər bir-birlərinin sevgisindən xəbərsiz hər iki dost Əminəyə evlənmək təklifi etməyə hazırlaşırlar.



Əminə Dilbazi Filarmoniyada işləyəndə konsertlər bitəndən sonra Filarmoniyanın səhnəsində təkcə öz mahnılarını rəqs edən zaman bəstəkar Qara Qarayev pərdəni qaldırıb onun məşqlərinə baxır. Cövdət Hacıyev təsadüfən bunu görüb ona yaxınlaşır. Qarayev ona Əminəni göstərib deyir, gör o qırmızı çəkməli qız necə gözəl rəqs edir. Səhnədən çıxandan sonra Cövdət Hacıyev Əminə xanıma onu gözləməsini tapşırır. Söhbət əsnasında məlum olur ki, bəstəkarın ondan xoşu gəlir.



***



Elə həmin ərəfədə Fikrət Əmirov məsələdən xəbərsiz Əminə Dilbazini Gəncəyə ansambl üçün rəqs qurmağa dəvət edir. Əminə Dilbazi Gəncəyə çatır, Fikrət Əmirovun evinə qonaq düşür və quracağı mahnı ilə tanış olmaq istəyir. Firkət Əmirov royal arxasına keçib bir məhəbbət mahnısı ifa edir. Əminə xanım isə sakitcə dinləyir, amma hiss edir ki, Fikrətin ondan xoşu gəlir. Firkət Əmirov ona elə həmin məqamda evlənmək təklif edir. Lakin rəqqasə deyir ki, bu məsələni Cövdət də bilməlidir. Məsələdən xəbər tutan Cövdət Hacıyev təcili Gəncəyə gəlir və Fikrətə etiraz edib bildirir ki, o da rəqqasə ilə evlənmək istəyir.



Əminə Dilbazi öz hisslərini gizlətsə də, qəlbinin dərinliyində Cövdətə qarşı laqeyd deyildi. O, öz xatirələrində bu əhvalata belə münasibət bildirir: «Cövdət mənə yaxınlaşıb öz sevgisini, evlənmək istədiyini söyləmirdi. Müharibə illəriydi. Qohumlarım təkidiylə Fikrətə ərə getməyə razılıq verdim. Cövdətə məktub yazdım: «Mən yalnız səni sevirəm. Ancaq Fikrətlə evlənirəm. Bu məktubu da sənə ağlaya-ağlaya yazıram. Mən nə edim ki, sənin cəsarətin mənə səni sevirəm deməyə çatmadı». Gəncə səfərindən geri döndükdən sonra Cövdət məni vağzaldan birbaşa «ZAQS»-a apardı. Evləndik. Nikah mərasimində Səməd Vurğun və Mirvarid Dilbazi iştirak etdilər. Bu evlilikdən bizim dörd övladımız oldu».



***



Əminə xanım özünü bütünlüklə ailəsinə və həyat yoldaşına həsr edir. Kasıb ailədən olan Cövdət Hacıyevin Moskvada Konservatoriyanı oxuyub bitirməsi üçün çox çalışır. Bir gün Əminə xanıma xəbər gəlir ki, həyat yoldaşı maddi çətinlik ucbatından təhsilini yarımçıq qoyub Bakıya qayıtmaq istəyir. Bunu eşidən Əminə Dilbazi sarsılır. Həyat yoldaşına zəng vurub deyir:



«Sən diplom almamış Moskvadan qayıda bilməzsən. Əgər sənə pul lazımdırsa, mən sənə hər ay iki min manat göndərəcəm. Diplomunu alıb Bakıya qayıdacaqsan».



Bundan sonra o, lazım olan məbləği əldə etmək üçün beş yerdə işləməli olur.







Əminə Dilbazi müsahibələrinin birində deyir ki, neçə dəfələrlə bizi ayırmaq istəyiblər. Dəfələrlə gəlib Cövdətə deyirdilər ki, xəbərin var arvadın hardadı? O da deyib, işdədir. Ona deyirmişlər ki, yox, Əminə işdə deyil, filan yerdədi. Gəl, gedək, səni aparaq, göstərək. Bir dəfə onu gətirmişdilər də. O, gəldi gördü ki, dedikləri kimi deyil, heç nə yoxdu. Sonralar Cövdət qısqanclığından bir dəfə dedi ki, mən daha filarmoniyaya gəlməyəcəm. Orda hara gedirəmsə, hamı sənin rəqslərindəki nazından, qəmzəndən, gözəlliyindən danışır, mən dözə bilmirəm. Dediyi kimi də elədi, daha mənim ardımca filarmoniyaya gəlmədi, mən özüm işdən çıxanda tək gəlirdim. Amma bizim aramızı heç kimsə vura bilmədi, çünki bir-birimizi sevirdik. Cövdət də mənə xəyanət etmədi, heç zaman. O, mənim qəddarlığımı bilirdi. Xəyanət etsəydi, onu bağışlamazdım.



***



Cövdət Hacıyev ən çox da Əminə Dilbazinin tez-tez qastrollara getməsindən narazılıq edirdi. Həyat yoldaşı uzun müddətə xaricə qastrola gedəndə, uşaqların qayğısına Cövdət Hacıyev qalırdı.



***



Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
ictimaimedia.az

1Mənbələr