AZ

Taleyin ümidinə buraxılan uşaqlar, tənha qadınlar, “ata”lar və bağlı qapılar…

Image

Son illər ölkəmizdə boşanma hallarının get-gedə artması narahatcılıq doğurur. Və təəssüf edici haldır ki, bu boşanmalar nəticəsində, istər maddi, istər mənəvi, istərsə də ruhi baxımdan ən çox uşaqlar zərər görür, onların hələ uşaqkən daxili dünyaları param-parça olur.Nəticədə  valideynlik hisslərindən xali, vicdani hisslərdən məhrum, özünü kişi sayan birisi öz əlilə öz övladını sanki yanan odun içinə atır. Beləliklə dövlət və hökumət qayğısından tamamilə kənarda qalmış körpə və anasının həyatı cəhənnəm əzabına dönür.
 Bəs boşanmalar gələcəyimiz olan uşaqların psixologiyasına necə təsir göstərir? Maraqlidır görəsən özünü kişi hesab edən ata taleyin ümidinə buraxdığı, atasız qoyduğu övladının atalı övladların qarşısında boynu bükülü, hər dəfə ətrafındakı yoldaşlarının ata nidası qarşısında haldan-hala düşdüyünü, onun hansı hissləri keçirdiyini duya bilirmi? 

Üstəlik ailədə boşanmaların baş verməsi uşaqların təkcə maddi durumuna təsir göstərmir, həm də onlarda bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxardır. Bu cür uşaqlarda qorxu, aqressivlik, günahkarlıq hissi, qəzəb, çəkingənlik, özünə inamsızlıq və başqa bu kimi destruktiv emosiya və hisslər üzə çıxır. Bu cür destruktiv və dağıdıcı emosiyalar nəticəsində uşaqlarda gücsüzlük, özünə inamsızlıq və özünəqapanma halları baş verir. Bu isə istər-istəməz həmin uşaqların ətrafdakı insanlarla münasibət qurmasına, ünsiyyət yaratmasına mənfi təsir göstərir.

Əgər ata və ananı övlad üçün qoşa qanada bənzətsək, bir qanadı sınmış övladı fərqi yoxdur o, oğlan ya qız olsun həyatın amansız dolanbaclarında müddafiəsiz qalır.

Bu yerdə Bəxtiyar Vahabzadənin bir misrasını xatırlamamaq olmur.

Kəsöyün ikisi çöldə də yanar,

Biri ocaqda da alışa bilməz.

Beləliklə atılmış övlad və maddi durumu ürək sıxıcı, çarəsiz tənha qadın məhkəmənin kəsdiyi alimenti ala bilmədiyinə görə, qapılar döyür, imdad diləyir. Həmişə də bu analar böyük ümidlərlə döydüyü qapılar arxasında, xüsusən də, icra şöbələrində, buz kimi soyuq qəlbli məmurların saymazyana rəftarı ilə üzləşir.

İndi isə gəlin həmin tənha analardan biri, övladı üçün məhkəmənin təyin etdiyi adicə alimenti ala bilməyən, heç bir dövlət, hökümət orqanlarından cüzi belə olsun qayğı, yardım görməyən Kəmalə Surxay qızı Əliyevanın həyat hekayəsilə tanış olaq:

“2014-cü ildə Rafik Rzayev Eldar oğlu ilə baş tutan nikahımızdan 13 iyun 2015-ci ildə dünyaya gələn oğluma yoldaşım atasının adını verdi. Açığını deyim ki, bu adamla evliliyimizdəki qısa müddət ərzində o evdə bir qadın kimi gündüzün günü qədər gün görmədim. İş o yerə çatmışdı ki, valideynlərim ərim işə gedəndən sonra hər səhər telefon bağlantısında sağ olduğumu, səsimi eşidəndən sonra rahat nəfəs alırdılar. Nə yazıq ki, övladımın atası sayılan bu adam hələ evil olarkən altdan-altdan adına olan daşınmaz əmlakları özgəninkiləşdirməklə məşğul olurdu. Mənsə bütün bunlaın fərqində deyildim. Bir qədər kirayə qaldıq, sonra maddi imkanının olmadığını əsas gətirib, məni ata evimə gətirdi. 2015-ci ilin sonlarında yeni ilə hazırlıq adı ilə evdən çıxdı və o gedən oldu. Bir yağlı əppək olub, qeybə çəkildi. İki ilə yaxın bu siçan-pişik oyunundan bezib, nikahımızın pozulması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə iclasına da gəlmədi, zatən üzü də yox idi gəlməyə. 25 sentyabr 2017-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin hakimi Pərviz Hüseynovun sədrliyilə keçirilən məhkəmə iclası nikahımızı pozub, oğluma aliment kəsdi. Ancaq nə məhkəməyə qədər, nə də məhkəmədən sonra Rzayev Rafik quru telefon zəngi ilə belə atasının adını verdiyi Eldarı yada salmadı. Təbii ki, aliment ödənişlərindən  də bir qayda olaraq yayındı. Hər dəfə də heç bir əsası olmayan bəhanələr gətirməyə başladı, özü də ağır ifadələrlə, söyüşlərlə… Maddi sıxıntı, övladımın bir çox hallarda hətta yavan çörəyə möhtac qalması, lazımınca qidalanmaması uşağın səhhətinə mənfi təsir göstərirdi. Bədəninin immuniteti aşağı düşdüyündən tez-tez xəstələnirdi. 3 yaşı olanda Xocasən Sağlamlıq Mərkəzində oğlum Eldarın vəziyyəti kəskin şəkildə pisləşdi. Dava-dərman üçünsə pul yox idi. Məcbur qalıb, ona telefon açdım özümü saxlaya bilməyib ağlaya-ağlaya, dedim Eldar əldən gedir. Heç bir reaksiya vermədi, telefonu üzümə qapatdı. Vəziyyəti belə görən Xocasən Sağlamlıq Mərkəzinin baş həkim müavini Rahilə xanım cibindən pul verib, bütün dərmanları aldırtdı və uşağın müalicəsinə nəzarəti tam şəkildə öz üzərinə götürdü. Belə hallar çox olub. Zaman keçirdi, yaman keçirdi, oğlum yavaş-yavaş böyüyürdü, ağlı kəsirdi, ancaq nə yazıq ki, onunla birgə heç kəsin qarşılamadığı ehtiyacları, məhrumiyyətləri, ağrı-acısı da böyüyürdü. Bir dəfə yenə Eldarın halı pisləşmişdi, dedi mama bu dəfə telefonu ver mən özüm atamla danışım, bəlkə mənim səsimi eşidib insafa gələr. Bu səhnəni xatırlayanda indi də içim yanır. Eldar atasına xitabən ata, mən xəstələnmişəm, ölürəm, mamamın da pulu yoxdur. Mənə kömək elə… Uşağın sözü ağzında qaldı, atası telefonu uşağın üzünə qapatdı. Uşaq telefon əlində sanki bir anlığa donub, hərəkətsiz qaldı. Bu cür hallar dəfələrlə təkrar olundu. Artıq həyatı anlayan, başa düşən Eldarım deyirdi ki, mama ta mən ölüm ayağında olsam da Rafiqə ağız açıb, ona telefon etmərəm.

Məhkəmənin təyin etdiyi alimentin icrasının təmin edilməsində İcra Şöbəsinin isindən isə heç danışmağına belə dəyməz. Başa düşmək olmur ki, bir halda ki, icra məmurlarının hərəkətsizliyinin nəticəsi olaraq cavabdehlər rahat şəkildə övladının gözünü dikdiyi alimentdən yayınırsa, bu strukturlar, bu strukturlar üçün ayrılan inzibati binalar, çiyinlərində paqon gəzdirən icra məmurlar görəsən hansı funksiyanı daşıyırlar. Məsələn mənim işimin icrası tapşırılan Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev  sanki alimentin təmin edilməsinin icrasından daha çox alimentin icrasının təmin edilməməsində maraqlı bir tərəf təsiri bağışlayırdı. Və hər dəfə ona müraciətimdə hiss edirdim ki, oxum yenə daşa dəyib. Yenə soyuq baxışlar, yenə saymazyana ifadələr, yenə gətirilən əsassız bəhanələr, hansını deyəsən. Bir sözlə mən alimentin icrasının təmin edilməsinə görə, Murad Xudaverdiyevin cüzi belə olsun cəhdini belə hiss etmədim. Və bir daha boş yerə vaxt itirib ona müraciət etməmək qərarına gəldim. Yaranan bu cinayətkarcasına boşluqdan isə cavabdeh Rzayev Rafiq geninə boluna yararlanaraq davamlı olaraq alimenti ödəməkdən yayındı. Hansı ki, bu gün üst-üstə nəinki 10.000 AZN-dən çox yığılıb qalmış borcunu, hətta aylıq 230 manat əvəzinə Səhiyyə Tv-də gedən tənqidi verilişdən sonra boynuna aldığı aylıq günə 5 manat və ya aylıq 150 manatı belə bu aydan, növbəti aya atır, bununla da öz dogma övladına belə “atmaq”dan usanmırdı.

Sanki tale də bizdən üz döndərmişdi, zavallı oğlumun heç bir sahədə bəxti gətirmirdi, ünvanlı sosial yardım üçün müraciət etdik, imtina edildi. Hətta pandemiya dövründə verilən 190 AZN də bizdən iraq düşdü. Həmin vaxt artıq boşansaq da şəxsiyyət vəsiqəsində evil yazıldığından sistemə keçmiş ərimin adını daxil etməli oldum. Sən demə onun adına torpaq sahəsi varmış, nəticədə  müraciətə imtina cavabı gəldi. Onu da deyim ki, övladımın anadan olması ilə bağlı bir dəfəlik müavinəti də bu günədək ala bilməmişik.

O vaxt 200 manata yaxın pensiya alan atam bu cüzi məbləğlə bizi - 4 nəfərlik ailəni yaşatmaq üçün özünü sözün əsil mənasında oda-közə vursa da, nəticə hər dəfə qeyri-qənaətbəxş alınırdı. Doğrudur arada bir ümid işığı yaransa da nəticə tam əksinə oldu. Belə ki, atam neçə vaxt idi ki, güneyli soydaşlarımız tərəfindən təsis edilən Oğuz TV üçün təmənnasız verilişlər hazırlayırdı. Həmin verilişlər Oğuz TV üçün ciddi izləmə gətirirdi. Aradan bir qədər keçdi TV-nin təsisçisi atamla əlaqə saxlayaraq ona ödənişli iş təklif etdi. Atam sevincək studiya üçün lazım olan şəraitin yaranması ilə məşğul oldu. Güneyli soydaşımızın təklifilə atam hətta “Kontakt hom” mağazasından kreditlə görüntü almaq üçün kamera da  götürdü. Lakin hər şey hazır olduqdan sonra işin davamını güneyli soydaşımız adını belə çəkmək istəmədiyim bir qadına həvalə etdi. Atam məcbur qalıb studiyaya rəhbərliyi həyata keçirən qadının tövsiyəsilə kreditlə götürdüyü kameranı Nicat adlı gəncə verdi. Hansı ki, bir neçə ay ödəniş edəndən sonra aradan çıxdı. Qalan 420 manat borcu atamın 200 manatlıq pensiyasının 50 faizi çıxıldı. Beləliklə 4 nəfərlik ailə 100 manatın ümidinə qaldı.

Son olaraq yuxarıda da qeyd etdiyim kimi heç bir dövlət, hökümət qurumu edilən çoxsaylı müraciətlərimizə baxmayaraq nəinki bizə hər hansı şəkildə cüzi belə olsun yardım göstərmədilər, hətta bizi eşitmək belə istəmədilər. 

Kəmalə Əliyeva sonda müvafi dövlət qurumlarına müraciət edərək məsələyə dərhal müdaxilə etmələrini, məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin ödənilməsinin təmin edilməsi üçün kömək istəyir.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
baki-xeber.com

1Mənbələr