AZ

Zülfüqar Hüseynzadəsiz 1 il... 

Bu gün "Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin ölümündən bir il ötür.  
 

Zülfüqar Hüseynzadə dünyaya 1971-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində göz açıb. Orta məktəbə bu kənddə gedib. Məktəbin əlaçılarından olub. Z.Hüseynzadənin universitet illəri müharibə dövrünə təsadüf edib. Qarabağ müharibəsində könüllü dəstəsində iştirak edib. Universiteti bitirdikdən sonra müəyyən özəl sahələrdə fəaliyyət göstərib. Orta məktəbdə oxuduğu dövrdə jurnalistikaya marağı olub və  elə bu maraq da onu mətbuata gətirib. Uzun illər dövri mətbuatda yazıları çap olunub, köşə yazıları ilə tanınıb. Bununla yanaşı, 2005-ci ildə Kəlbəcər rayonundan deputatlığa namizədliyini irəli sürüb. Z.Hüseynzadə 2012-ci ildə Moderator.az xəbər portalını yaradıb.

 

Başlıbel kəndinin digər sakinləri kimi Zülfüqar bəy də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbel qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Ailəsi 1993-cü ildə Kəlbəcərin işğalından sonra məcburi köçkün düşmüşdü. Bərdə rayonunun Əliyanlı kəndində məskunlaşmışdılar. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb.  Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edib, Başlıbeldə yaxınlarının məzarlarını ziyarət edirdi.

 

 

Ölümündən öncə son fotosu…

 

Z.Hüseynzadə 10 uşaqlı ailənin son beşiyi idi. Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və başqa bir neçə universitetin ictimai şurasının üzvü olub. Eyni zamanda Beynəlxalq Liberal Maarifçilik İctimai Birliyinin sədri idi.

 

Z.Hüseynzadənin 20 yaşında Hüseyn adlı oğlu var. O, oğluna atasının adını verib.

Zülfüqar Hüseynzadənin ölümündən bir neçə dəqiqə öncə bunlar baş verib…

Son anlarında yanında olan jurnalistin bacısı oğlu Rövşən Həşimov onun vəfatı anlarını sosial media hesabında təsirli şəkildə təsvir edib. Yazını olduğu kimi təqdim edirik:

 

“Zülfüqar mənim dayım idi. Ailənin son beşiyi idi. Səkkiz bacının qardaşıdır. Tanıyanlar bilir, təsəvvür edin ha, səkkiz bacının qardaşı olasan. Mən ailənin böyük qızının övladı idim. Ona görə də bizim aramızda yaş fərqi az idi, cəmi 5 yaş. Biz 5 yaş fərqli dayı-bacıoğlu idik. Ona görə də, həm də dost idik. Uşaqlığımız bir olmuşdu. Bir yerdə o dağlarda çox dolaşmışdıq. Ayın 17-si Başlıbelə gedəcəyimizi şəhid olan nənəmizin sümüklərinin axtarışı işlərində iştirak etməyimin vacib olduğunu mənə bildirdi. Mən dərhal həmin tarixlərin hava haqqında məlumatına baxdım. Havanın çox yağıntılı olacağını, dağlardan sel keçəcəyini və maqnit qasırğasının olacağını öyrəndim.  Buna özüm üçün baxdım çünki həm sürücü idim, həm də mənim də səhhətim yaxşı deyil. Mən də kardioloji xəstəyəm. Bunları bilə-bilə səfərə çıxmağa qərar verdim. Dayımın və dostumun sözündən necə çıxa bilərdim? Böyük ürəkli dayımın hər şeyə qalib gələcəyinə inanırdım, amma bu, belə deyilmiş. 30 il vətən həsrəti onun o böyük ürəyini zəiflədib. Nəhayət, getməyə qərar verdim. Gedib kəndimizə çatdıq, çadırımızı qurduq, gecələdik. Səhər saat 5 radələrində dayımın sızıltısını eşidib, dərhal qalxdım. Allahyar dayım ilə birlikdə tədbir gördük. Biz onun soyuqladığını düşündük. Buna görə hərəkət etdik. Mən tikinti sahəsində çalışıram, amma ilkin tibbi yardımı çox yaxşı bilirəm. Mən onun infarkt keçirəcəyini düşünmədim. Bunu özümə bağışlaya bilmirəm. Nəhayət, saat 8-də durub, çöldə gəzdik. Kənd məscidi bizim çadırdan 200 metr aralı idi, ora getdi. Mən aralıdan müşayiət edirdim. Orada dualar oxuyur, salavat çevirir, əlini göyə tutub nə isə deyirdi. Sonra mənə sarı qayıtdı. Biz birlikdə çadıra qayıtdıq. Mən ona samovar çayı verdim, içmədi, özünü yenə narahat hiss etdiyini deyib, bir andaca çıraq kimi söndü, amma o, sönməyib. Daim mənim qəlbimdə yaşayacaq, əgər  o qəlb dözüb, tab gətirsə…”

 

Xatırladaq ki, Z.Hüseynzadə Bərdənin Əliyanlı kəndində, atasının və anasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Z.Hüseynzadənin Kəlbəcərə budəfəki səfərinin xüsusi məqsədi vardı. Belə ki, 52 yaşlı jurnalistin nənəsi 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edilən zaman ağır yataq xəstəsi olub. Kəndə hücum edən ermənilər yaşlı qadını elə yatağındaca güllələyiblər. Kənd işğal edildiyinə görə onu dəfn etmək mümkün olmayıb. Kəlbəcər işğaldan azad olunandan sonra Z.Hüseynzadənin nənəsinin nəşinin axtarışı üçün bir neçə dəfə cəhdlər edilib. Ev yandırıldığı üçün axtarışlar nəticə verməyib. Z.Hüseynzadə nənəsinin nəşinin qalıqlarını tapmağı qarşısına məqsəd qoymuşdu. O, ötən il bununla bağlı Prezident Administrasiyasına icazə üçün müraciət edib və müsbət cavab alıb. Lakin ötən il qeyri-sabit hava ilə əlaqədar axtarışlar nəticə verməmişdi. Jurnalist bu məqsədlə yenidən ailə üzvləri ilə birgə bu il Kəlbəcərə yollanıb. Hətta aidiyyəti dövlət qurumları tərəfindən media nümayəndəsinə texnika baxımından da dəstək olunub. Onlar 4 gün ərzində qadının qəbiristanlıq olmayan ərazidəki məzarını tapıb, geri dönməli idilər. Lakin qədər buna imkan vermədi…

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
moderator.az

1Mənbələr