AZ

Rüfət Abbasov “Şamaxı”da

“Neftçi”nin əvəzedicilərdən ibarət komandasının müdafiəçisi Rüfət Abbasov bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” yeni mövsüm öncəsi heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sözügedən klub ölkənin perspektivli gənclərindən sayılan sol cinah müdafiəçisi Rüfət Abbasovu heyətinə qatıb. U-21 yığmamızın da üzvü olan 19 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Rüfət Abbasov “Neftçi”nin yetirməsidir. Müdafiəçi geridə qalmış 2023/2024 mövsümündə paytaxt klubunun ikinci komandası ilə Əvəzedicilər Liqasının qalibi olub.

Azərbaycanın U-17 və U-19 yığmalarında da oynamış futbolçu bu ilin mart ayından U-21-də çıxış edir.

“Şamaxı” daha öncə Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”) və İlkin Muradovu (“Zirə”) da heyətinə qatmışdı. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də əyalət klubuna qayıdıb. Səbayıl Bağırov, Abdulla Seydəhmədov və Emin Zamanovla isə yeni müqavilə imzalanıb. Əvəzində Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov və Salman Ələsgərov “Şamaxı”nı tərk ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
arena.az

1Mənbələr