AZ

Yığma evdə dünya çempionu oldu

Srağagün Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi keçirildi.

Binə Atçılıq Mərkəzində təşkil olunan tədbir bədii hissə ilə başladı. “Football-plus.az” xəbər verir ki, iyunun 10-da start götürən dünya çempionatında qaliblərin adına aydınlıq gəlib. Əvvəlcə bürünc medal uğrunda Özbəkistan və Nigeriya yığmaları qarşılaşıb. İlk 30 dəqiqəsi 1:1 bitən matça 8 dəqiqəlik hissə əlavə olunub. Burda da qalib müəyyənləşmədiyindən penalti seriyasına ehtiyac duyulub. Nigeriya rəqibini 2:0 hesabıyla üstələyərək dünya üçüncüsü olub.

Ardınca final görüşündə Azərbaycan və Mərakeş yığmaları üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu millinin kapitanı Elçin Camallı vurub. Bununla da yığmamız çövkən üzrə ilk dünya çempionatının qalibi olub.

Final və 3-cü yer uğrunda görüşlərdən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Komandalardan öncə oyunları idarə edən hakimlərə sertifikatlar verilib. Daha sonra səhnəyə dünya üçüncüsü Nigeriya, ardınca ikinci yerin sahibi Mərakeş milliləri çıxıb. Sonda Azərbaycan komandası səhnəyə dəvət edilib və qızıl medallar təqdim edilıb.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
football-plus.az

1Mənbələr