AZ

Ukrayna üçün vacib TOPLANTI: Bu ölkələr Kiyevə dəstək olmadı - ADLAR

Ötən gün Ukrayna ilə bağlı İsveçrədə keçirilən Sülh Zirvəsi yekunlaşıb.

 

Maraqlıdır, sözügedən sammitin hansı faydaları oldu?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli xatırladıb ki, tədbir ərəfəsində Moskvanın Qərb xaricindəki ölkələrin iştirakını əngəlləməyə yönəlmiş aktiv diplomatiyasına baxmayaraq, konfransda 101 dövlət və beynəlxalq təşkilatın yüksək səviyyəli təmsilçiləri iştirak etdi:

 

“Çinin imtinasını isə Rusiya diplomatiyasının uğuru kimi qeyd etmək olar. Bəs bu tədbirin əhəmiyyəti nədən ibarətdir və niyə Ukrayna ilə Qərb onun baş tutması, Rusiya isə əksinə, mümkün qədər zəif alınması üçün əlindən gələni etdi? Məsələ burasındadır ki, əgər problemin həlli prinsipləri və yolları ilə bağlı beynəlxalq konsensusda vahid yanaşma formalaşarsa, müharibə tərəflərinin bunu rədd etməsi çox çətin olacaq. Rədd edən tərəf təklənmə və izolyasiya riski ilə üzləşəcək. Bu səbəbdən Rusiya həll prosesinin Ukrayna ilə bərabərhüquqlu tərəf qismində çıxış edəcəyi bu tip sülh konfransları müstəvisinə çıxarılmasında maraqlı deyil. Çünki bu cür müstəvilərdə hər nə qədər iki tərəfdən də güzəştlər tələb olunsa, baza kimi beynəlxalq hüququn normalarına müraciət edilir. Beynəlxalq hüquq isə açıq və birmənalı şəkildə işğala məruz qalanın maraqlarına cavab verir”.

 

Ekspertin sözlərinə görə sanki xüsusi əhəmiyyəti olmayan bir toplantı kimi görünən İsveçrə Sülh Zirvəsi əslində vacib yığıncaq idi:

 

“Həm iştirak səviyyəsini, həm də qəbul olunan yekun Kommünikeni qismən də olsa, Ukraynanın uğuru kimi qiymətləndirmək olar. Xüsusən Kommünikedə əksini tapmış bəzi məqamlar önəmlidir: Zaporojye AES Ukraynanın tam suveren nəzarəti altında işləməlidir; - Nüvə silahının tətbiqi və tətbiq etməklə hədələmə qəbulolunmazdır; - Qlobal ərzaq təhlükəsizliyi baxımından azad və təhlükəsiz gəmiçiliyin, Qara və Azov dənizlərindəki limanlara çıxışın təmin olunması böyük əhəmiyyət daşıyır; - Bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipini də ehtiva edən BMT Nizamnaməsi Ukraynada hərtərəfli, ədalətli və dayanıqlı sülhün əldə olunması üçün təməl təşkil edə bilər və edəcək”.

 

Siyasi şərhçi əlvə edib ki, yekun kommünikeyə 84 dövlət və beynəlxalq təşkilat imza atıb:

 

“Müharibə ilə bağlı neytral mövqe tutan Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, Braziliya, CAR, Meksika kimi ölkələr sənədi imzalamayıb. İmza atanlar arasında Rusiyanın yaxın tərəfdaşı Serbiyanın olması diqqəti cəlb edir. Ukrayna məsələsində Qərbdən bir qədər fərqli mövqe tutsa da Türkiyənin həlledici məqamlarda özünü NATO-dan ayırmayacağı gözlənilən davranışdır. Yeri və vaxtı hələ məlum olmayan növbəti zirvəyə Rusiya da dəvət olunacaq”.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
sfera.az

1Mənbələr