AZ

Azərbaycanda yanacaq nə vaxt ucuzlaşacaq?

Yanvar-mart aylarında Azərbaycanda 559,9 min ton dizel yanacağı, 343,8 min ton avtomobil benzini, 65,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 146,6 min ton ağ neft, 27,6 min ton yanacaq mazutu, 6,4 min ton sürtkü yağları, 54,6 min ton neft bitumu və 59,4 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, üç ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 816 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 9,6 faiz artıb. Yanacaq mazutunun istehsalı 53,3 faiz, neft bitumunun istehsalı 38,6 faiz, sürtkü yağlarının istehsalı 30,6 faiz, avtomobil benzininin istehsalı 13,5 faiz, dizel yanacağının istehsalı 8,6 faiz artıb. Neft koksunun istehsalı 2,9 faiz, ağ neftin istehsalı 4,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 16,9 faiz azalıb. 

İstehsal artdığı halda yanacaq qiymətləri niyə ucuzlaşmır?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev "Cebhe.info"-ya açıqlamasında deyib ki, yanacaq istehsalının artması ölkədə yanacağa olan təlabatın artması ilə xarekterizə olunur:

"Bu gün ölkəmizdə yanacağa olan təlabat sürətlə artmaqdadır. Bunun da məlum səbəbləri var. Birincisi, ölkəmizdə avtomobil idxalı başqa ölkələrlə müqayisədə daha çoxdur. İkinci səbəb odur ki, nəqliyyat vasitələrinin sayı çoxdur. Üçüncü səbəb isə taksi haqqında qəbul olunan qərardır. O qərar  tam qüvvəyə mindikdən sonra ölkəyə yeni avtomobillərin idxalı kəskin şəkildə artacaq. İdxal artdığına görə yanacağa olan təlabatın da kəskin şəkildə artacağı məlumdur". 

İqtisadçı vurğulayıb ki, yanacağ istehsalı 10 faiz deyil, 100 faiz belə artsa, ölkəmizdə yanacağın qiyməti təbii şəkildə ucuzlaşmayacaq:

"Ölkəmizdə yanacağın istehsalı artsa və yaxud azalsa da, qiymət yenə dəyişməz  qala bilər. Belə ki, ölkəmizdə yanacağın qiymətini Tarif Şurası müəyyənləşdirir. Təbii bazar iqtisadiyyatında olduğu kimi yanacağın qiyməti dəyişmir. Tarif Şurası yalnız o halda yanacağın qiymətini ucuzlaşdıra bilər ki, yanacağa olan təlabat maksimum şəkildə azalsın. Bu da bizim ölkəmizdə real görünmür". 

O qeyd edib ki, Aİ-95 markalı benzinin qiyməti ucuzlaşa bilər: 

"Ekoloji baxımdan nisbətən zərərsiz olan Aİ-95 markalı benzinin qiyməti hazırda 2 manatdır. Lakin ölkəmizdə Aİ-95 markalı benzinin istehsalı artarsa, o zaman onun qiyməti məsələsinə baxıla, qiyməti ucuzlaşa bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr