AZ

Bəzi ölkələr Sülh kommünikesini niyə imzalamadı? - “Financial Times“ səbəblərdən yazdı

"Qlobal Cənub" adlanan bəzi ölkələr Sülh Sammitinin Ukraynadakı müharibə ilə bağlı birgə kommünikesini imzalamadılar. Baxmayaraq ki, onlar bu sammitdə yüksək səviyyədə iştirak ediblər.

Bu barədə maraqlı məqalə dərc edən “Financial Times” yazır ki, Ukrayna tədbir iştirakçılarının əksəriyyətindən öz ərazi bütövlüyünə dəstək qazana bilib: "Bununla belə, Hindistan, Braziliya, Cənubi Afrika Respublikası və bəzi digər ölkələr bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətin Ukraynada müharibənin başa çatması üçün əsas rol oynayacağını bildirən birgə kommünike imzalamaqdan imtina etdilər. Ölkələrin sammitdə iştirakı Kiyev üçün vacib olsa da, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də daxil olduğu əsas ölkələrin sənədi dəstəkləməmək qərarı Kremlin beynəlxalq iqtisadi gücünü və təsirini saxladığını göstərir. Rusiya görüşə dəvət edilməyib. Rusların hərbi iqtisadiyyatının əsas maliyyəçisi sayılan Çin, Moskvanın tədbirdə iştirak etmədiyini əsas gətirərək, sammitə qatılmaqdan imtina etdi".

Prezident Vladimir Zelenskinin sülh planının on bəndindən yalnız üçü Sammitdə təqdim edilib.

Xatırladaq ki, iyunun 15-16 tarixlərində İsveçrədə sülh konfransı keçirilib. Konfransında 90-dan çox ölkə və beynəlxalq təşkilat iştirak edib. Təxminən yarısı Avropadan olan iştirakçı ölkələrin çoxu ən yüksək səviyyədə -dövlət başçısı, qalanları isə nazirlər səviyyəsində təmsil olunublar. 2 gün davam edən beynəlxalq tədbirdə Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevral ayından bəri davam edən müharibə üçün beynəlxalq hüquqa əsaslanan daimi sülhün əldə edilməsi yolları müzakirə edilib. İsveçrə rəsmiləri bildirirlər ki, konfransın məqsədi sülh danışıqlarının əsasını qoymaqdır. Amma sonda kommuneyə bəzi ölkələr qol qoymayıblar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
news365.az

1Mənbələr