AZ

Adil Şükürov: "Əsas komandanın büdcəsi 2 dəfə artırılsa..."

Ötən mövsüm adından söz etdirməyi bacaran Adil Şükürovlu "Kəpəz" hələ ki qarşıdakı mövsümə aktiv hazırlığa start verməyib. Komanda ötən mövsümü 9-cu yerdə tamamlasa da, futbol ictimaiyyəti Gəncə təmsilçisinin kifayət qədər baxımlı oyun sərgilədiyi qənaətindədi. Yalnız büdcə kasadlığı "Nizami yurdu"nun təmsilçisinin çalışdırıcısına daha üst pillələr uğrunda mübarizə aparan komanda formalaşdırmağa imkan vermədi. Bəs növbəti mövsüm? Sport24.az-a verdiyi müsahibədə baş məşqçi nikbin əhval-ruhiyyədə danışdı.- Hazırlıq planı artıq məlumdurmu? Komanda qonşu Türkiyəyə üz tuta biləcək yoxsa maliyyə buna imkan vermir?- Bir neçə mərhələyə bölməyə planlaşdırdığımız hazırlığı inşaAllah, iyunun 20-də başlamağı planlaşdırırıq. Çünki komandaya qoşulmaq istəyən bir çox  futbolçu var. Biz də bunu nəzərə alaraq hazırlıq  mərhələsini 4 yerə böldük. Hər mərhələ 7 günü əhatə edəcək. Birinci etapda daha çox əvəzedici heyət və digər komandalardan gəlmək istəyən futbolçulara baxış keçirəcəyik. İkinci mərhələdə ilk 7 gündə fərqlənən, habelə ölkə  xaricindən razılaşdığımız və  müqavilə bağladığımız futbolçular iştirak edəcək. Üçüncü mərhələdə isə daha çox komandanı formalaşdırıb yoldaşlıq görüşlərində komanda oyununu yaxşılaşdırmağa  çalışacağıq. Dördüncü mərhələdə  isə heyətin formalaşdırılması və oyunun təkmilləşdirməsini fikirləşirik. Bu mərhələ çempionatın ilk 2-3 oyununu da əhatə edə bilər. Bütün bu hazırlıq planını ölkə daxilində keçməyi planlaşdırmışıq. İnşaAllah, ümüd edirəm ki, hazırlığın ilk mərhələlərində komandaya maliyyə dəstəyi olar və "Kəpəz" 3 və 4-cü mərhələni ölkə xaricində  keçirər.- Yerli bazarda necə, danışıq apardığınız, istədiyiniz futbolçularla ortaq məxrəcə gələ bildiyiniz oyunçular varmı? Ümumiyyətlə, sərəncsmınızda görmək istədiyiniz futbolçuları komandanızın rənglərinə qata biləcəksiniz?- Görüşdüyümüz  bəzi  yerli  futbolçular var, hətta bir futbolçu ilə razılaşma da olub. İnşaAllah, yəqin ki, yaxın günlərdə klub tərəfindən  açıqlama da olacaq. Əvvəl də qeyd etdiyimiz kimi, "Kəpəz"lə müqaviləsi  olub və bitmiş futbolçularla danışıqlarımız davam edir. Yerli, eyni zamanda da legioner  futbolçularımız inanıram ki, birlikdə başladığımız işi davam etdirəcəklər. İnanıram ki, bunu həyata keçirmək üçün ortaya "Kəpəz"ə dəstək və uğurlarına şərik olmaq istəyən insanlar çıxacaq.- Əks halda yenə də Premyer Liqada qalmaq uğrunda mübarizə?- Bəli, dövlət lahiyəsi çərçivəsində futbola ayrılan büdcə ilə "Kəpəz" bu il də yalnız elitada yerini qorumaq uğrunda mübarizə aparacaq. Çünki digər klubların büdcələri bizdən bir necə dəfə artıqdı. Bu cür durumda rəqabət aparmaq çox çətindir.- Bu mənzərə sizi üzmür? Axı, tarixi ənənələrə sahib olan, SSRİ çempionatının Güclülər Dəstəsində çıxış etmiş 2 Azərbaycan klubundan birinin elitada qalmaq uğrunda çarpışması adına layiq deyil...- İnandırım sizi, tarixi ənənəsi olan bir komandanın bu vəziyyətə düşməsini görmək çox ağırdır. Ölkənin ən köklü komandalarıdan biri iddialılar arasında olmalıdır. Çünki "Kəpəz"dən çıxmış bir çox futbolçular daim ölkənin aparıcı komandalarına cəlb edilib. Gəncə Azərbaycan futboluna daim istedadlı futbolçular bəxş edib. Ona görə bu şəhərdə futbol həmişə öndə olub. Hesab edirəm ki, "Kəpəz"ə ayrılan diqqət gələcəkdə futbolumuza Gəncədən bir çox istedadları bəxş edəcək.- Əlbəttə, dəqiq rəqəm səsləndirmək çətin olar, amma təqribi də olsa, nə qədər əlavə vəsait olsa, "Kəpəz" avrokubok zonasına düşmək uğrunda mübarizə apara bilər?- Burada hansısa bir rəqəm səsləndirmək çox çətindir. Amma istədiyimiz heyəti formalaşdırmaq üçün əsas komandaya ayrılan büdcə 2 dəfə artırılsa mübariz kollektiv qurmaq olar. Amma əgər biz Gəncə futbolundan danışırıqsa məsələyə geniş yanaşmaq lazımdır. Çünki bayaq da qeyd etdiyim kimi, "Kəpəz"ə  göstərilən diqqət yaxın zamanlarda Azərbaycan futboluna bəxş olunacaq yeni adlar demək anlamına gələcək. Bu gün dövlət başçısının göstərdiyi qayğının nəticəsidir ki, Gəncədə yeni stadion inşa olunur. Komandamız da bu stadiona layiq  olmalıdır.- Bəs perspektiv nə yerdədi? Heç şübhəsiz ki, gəncəli futbolsevərlər komandanın "onurğa sütunu"nun yerli uşaqlardan ibarət olmasını arzulayır. Bunun üçün nə qədər zamana ehtiyac var?- Əvvəlki illərdə komandanın "onurğa sütunu" daha çox Gəncəli futbolçulardan təşkil olunub. Lakin Gəncə təmsilçisinin bir müddət Premyer Liqadan kənarda qalması yerli uşaqların futboldan uzaq düşməsinə səbəb olub. Bu itkini aradan qaldırmaq üçün planlı və köklü dəyişiklik edilməlidir. Bunun üçün fikrimcə, ən azı 6-7 il vaxt lazımdır. Amma bu vaxt ərzində inanıram ki, bir çox istedadların üzə çıxacağını görəcəyik. Necə ki, artıq müəyyən adları çələ bilərəm. Arzu Atakişiyev, Fərid Kələntərov, Ümüd Səmədov, Cəlal Allahverdiyev kimi gənclər yaxın illərdə adlarından söz etdirə bilərlər.- Və sonda. İnanırsınız ki, qarşıdan gələn mövsümün startınadək "Kəpəz" arzuladığı sponsora qovuşacaq?- Bunu bütün gəncəli futbolsevərlər arzulayır. İnşaAllah, belə də olacaq və "Kəpəz" haqq etdiyi dəstəyə qovuşaraq layiq olduğu yerlər uğrunda mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
sport24.az

1Mənbələr