AZ

Yardımlıda “Zəfər yay düşərgəsi” təşkil olundu - FOTO-VİDEO

15 iyunda Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən Yardımlı rayonunda bir günlük “Zəfər yay düşərgəsi” təşkil edilib.

Bakupost xəbər verir ki, Milli Qurtuluş Gününə həsr edilmiş tədbir “Gölüstü İstirahət Mərkəzində” keçirilib.

Düşərgə məktəbliləri, bir günlük də olsa, texnologiyanın zərərli təsirlərindən ayırmaq, təbiət ilə əlaqə yaratmaq, ətraf mühitə qarşı sevgini və diqqəti gücləndirmək məqsədi daşıyıb.




Tədbirdə müəllimlərin sertifikasiya imtahanından uğurla keçmiş müəllimlər, 54 nəfər XI sinif buraxılış imtahanında yüksə bal toplamış abituriyentlər, 23 nəfər IX sinif buraxılışından yüksək nəticə göstərmiş şagirdlər, həmçinin xüsusi istedadlı uşaqlar iştirak ediblər. Yay düşərgəsinə həmin uşaqların təhsil aldıqları məktəblərin direktorları, Yardımlı Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin rəsmiləri də qonaq qismində qatılıblar.

Düşərgədə iştirakçıların vaxtlarını səmərəli və maraqlı keçirməsi üçün hər cür şərait yaradılıb. İştirakçılar üçün peşəkar ekspertlərlə maarifləndirici və əyləncə proqram, açıq havada oyunlar, intellektual yarışlar, ekoloji təhsil, incəsənət və sənətkarlıq fəaliyyəti, istedad şousu, canlı musiqi təşkil olunub.




Tədbirin sonunda düşərgənin fəal içtirakçılarına, ali məktəbə qəbul imtahanlarında yüksək bal toplamış məktəblilərə, intellektual oyunlarda qalib gələn məktəblilərə diplomlar, sertifikatlar, hədiyyələr və kitablar təqdim edilib. Qeyd edək ki, kitablar “Qanun” nəşrlər evinin təsisçisi və direktoru Şahbaz Xuduoğlu tərəfindən təmin olunub.

Xatırladaq ki, Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən belə tədbirlər gələcəkdə də davam etdiriləcək.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
bakupost.az

1Mənbələr