AZ

Orxan Aslanov: “Hər bir idmançı xaricdə Azərbaycanın güzgüsüdü” - LAYİHƏ

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Budəfəki müsahibimiz Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının çempionu Orxan Aslanovdu. Həmin mötəbər yarışda uzunluğatullanma yarışında mübarizə aparan paralimpiyaçımız 7,36 metrlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Onunla birlikdə həm keçmişə nəzər saldıq, həm də gələcək planlardan danışdıq.

Orxan


- Orxan bəy, ənənəyə uyğun olaraq ilk sualda sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik. İdmanla tanışlığınız necə oldu, ilk addımlarını idmana necə, hansı məşqçinin rəhbərliyi altında atdız?
- Mən Azərbaycan Milli Paralimpiya Federasiyasının paratletika idman növü üzrə təmsilçisiyəm. Bu vasitəylə mən vətənimə xidmət edirəm, bayrağımızı ucaltmağa çalışıram. İdmana gəlişim müəllimim Valeri İvanoviç vasitəsiylə olub. 2007-ci ildə 12-13 yaşlarımda idmana gəlmişəm. İlk dəfə iki ay məşq etdim. Həmin vaxt biz idmana biz böyük bir komanda ilə gəlmişdik. Onların arasında sona qədər davam etməyənlər oldu. Amma məşqçimiz mənə dedi ki, sən qal, bizə lazımsan. Bundan bir müddət sonra xaricdə keçirilən turnirlərə yollanmağa, həmin yarışlarda gücümü sınamağa başladım. Bu yarışlara Nazim İsrafilovla birlikdə yollanırdım, mənim ilk müəllimim də o olub. Artıq 17 ilə yaxındı Nazim müəllimlə birlikdə məşq edirik.



- Bir az karyeranıza nəzər salaq. İndiyə qədər hansı yarışlarda iştirak etmisiz, hansı nəticələri qazanmağı bacarmısız? Bu uğurlardan hansı daha yaddaqalan olub?
- Karyeram barədə danışanda ilk ağlıma gələn zədələr olur. Bəlkə də heç də hamıda belə deyil. Məndə zədələr hədsiz çox olub. Xüsusilə də gənclik illərində. Belimdəki yırtıqla uzun müddət mübarizə aparmışam, bu zədə mənə 2-3 il rahatlıq verməyib. Amma bu zədələrə baxmayaraq, o illərdə çıxışımı davam etdirmişəm. Gənclərin dünya və Avropa çempionatında iştirak etmişəm. Düzdü, bu yarışlarda elə də yüksək nəticə göstərə bilməmişəm. İndiyəqədərki ən yüksək nəticəm, sözsüz, Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında olub. İlk dəfə belə bir mötəbər turnirdə qalib adını qazanmışam, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam. Bu uğuru karyeramın indiyə qədər olan hissəsinin zirvəsi saya bilərəm. Əvvəllər bir sıra irili-xırdalı turnirlərdə mükafatçılar sırasına düşüb, medal qazanmışdım. Amma sözsüz, Tokiodakı uğurum ən yaddaqalandı.

- İdmanla məşğul olmaq həyatınızda nələri dəyişib, sizə idman nə qazandırıb?
- Çox gözəl sual verdiz. Mənə elə gəlir ki, idmanla məşğul olmaq hər kəsin həyatını dəyişir. Ən birincisi idmançılar intizamlı olmağı öyrənirlər. İdman rejiminə əməl edirsən, pis vərdişlərdən uzaq durursan. Misal üçün, hər kəs bilir ki, siqaret çəkmək ziyandı, amma çəkənlər çoxdu. Sıravi insanlar bunu qəbul etmək istəmirlər ki, siqaret ziyanlı şeydi. İdmançı isə məşq etdikcə bunu daha yaxşı anlayır, ziyanlı vərdişlərdən uzaqlaşır. Sağlam həyat tərzi keçirmək idmançının xeyrinə olduğu üçün o özü də belə vərdişlərdən uzaq olmaq lazım gəldiyini anlayır. Ümumiyyətlə, yuxu rejiminin özü belə vacibdi. Bəzən insanlar gecə saat 3-də yatırlar. Amma idmanda bu mümkün deyil. Ən çox üç gün belə edə bilərsən, uzun müddət zamanında yatmasan ya zədə alacaqsan, ya da nəticələrin aşağı düşəcək. Belə xüsusiyyətlərinə görə mən idmanı çox sevirəm.

- Orxan bəy, uzunluğatullanma Azərbaycanda o qədər da populyar idman növü deyil. Siz nə üçün məhz bu idman növünü seçdiz? Bu idman növünün hansı özünəməxsus tərəfləri var?
- Bəli, uzunluğatullanma Azərbaycanda o qədər də tanınmır. Mənim orta məktəbdəki idman müəllimim özü bir vaxtlar yüngül atletika ilə məşğul olub. Ona görə də müəllimimiz bizə həmişə yüngül atletikanı təbliğ edib. Biz də bu idman növünə maraq göstərmişik. Heç də hər məktəbdə idman müəllimləri atletikaya maraq oyatmırlar. Mən özüm də bu idman növünə gələndə atletika barədə çox az məlumatlıydım. Müəllimim mənə dedi ki, gəl qaçaq. Mən də düşündüm ki, onsuz da qaçıram, razılıq verdim. Amma bilməzdim ki, mənə bu qədər maraqlı gələcək, sevgi yaranacaq. Çox xoşbəxtəm ki, bu idman növünü seçmişəm. Dünyanın ikinci ən çox baxılan idman növüdü. Sadəcə, Azərbaycanda o qədər də məşhur deyil. Yüngül atletikanı idmanın kraliçası sayırlar. Avropada kiməsə deyəndə ki, yüngül atletika ilə məşğul oluram, dərhal maraqlanır, nəticələri soruşur, öz ölkəsindəki idmançıların nəticələri ilə müqayisə edir. Ümid edirəm ki, zamanla bu da həllini tapacaq.



- Gələcək planlarınızla bağlı danışaq. Qarşıda hansı hədəflər dayanır?
- Qarşıdakı planlarımıza gəlincə, sonuncu dünya çempionatının qalibi olmuşam. Amma bununla rahatlaşmamışam. Bilirəm ki, məni tanıyanlar daim məndən yüksək nəticələr gözləyirlər. İnşallah, dayanmaq yoxdu. Bilirsiz ki, qarşıdakı Parisdə keçiriləcək Paralimpiya Oyunları var. Mən də ora hazırlaşıram. Çalışacam ki, yüksək nəticə göstərim, vətənimizi uğurla təmsil edim. Əvvəlcədən böyük vədlər vermək istəmirəm, amma maksimum gücümü qoyacam.

- Son sualımda idmanda ilk addımlarını atan yeniyetmələrlə bağlı soruşmaq istəyirəm. Onlara nə sözünüz var, hansı məsləhətləri vermək istərdiz?
- Əvvəlcə uşaqların məşqçilərinə demək istəyirəm ki, maarifləndirməyə mütləq diqqət yetirmək lazımdı. İdmançı gec-tez nəticə verir, amma onun maariflənməsi də vacibdi. Hər bir uşaq idmana 10-11 yaşında gəlir. Uşaqlar müəllimlərini daha çox görür, onlara inanır, qulaq asır. Bir idmançı xaricdə Azərbaycanın güzgüsüdü. Ona görə də bizim idmançılarımız savadlı olmalıdı. Ən azı Azərbaycan tarixindən, onun idmanından məlumatlı olmalıdı. İdmançıdan alim olmağı tələb edə bilmərik. Amma elə şeylər var ki, hər bir idmançı onlardan məlumatlı olmalıdı. 25 yaşı olan gəncə nəyisə qadağan edə bilmirsən. Lakin uşağa gənc yaşlarından düzgün istiqamət vermək, onu zərərli vərdişlərdən uzaq tutmaq mümkündü. Belə məqamların üzərində uşaq yaşlarından işləməyə başlasaq, həmin o uşaqlar da böyüdükcə idmanı daha çox sevər, ən azı onların 90-95 faizi zərərli vərdişlərdən uzaq olar. Bu da təkcə Azərbaycan üçün yox, dünya idmanı üçün də böyük nəticədi.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
football-plus.az

1Mənbələr