AZ

Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi həyata keçirilir

Bakı, 16 iyun, AZƏRTAC

Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il olduğu kimi bu ildə böyük ruh yüksəkliyi ilə qeyd edir.

AZƏRTAC xəbər verir ki, Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalarına uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda xidmətlər təşkil edilib. Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim edilir.

Əməkdaşlarımız qurbanlıq heyvanların satışı xidmətlərinin təşkil edildiyi yerlərdən birində - Binəqədi rayonu 8-ci mikrorayon, C.Xəndan küçəsindəki kəsim məntəqəsində olublar.

Heyvanların satışı ilə məşğul olan Qurban Qarayev AZƏRTAC-açıqlamasında qeyd edib ki, bu il qurbanlıq heyvanların qiyməti o qədər də yüksək deyil: “Bayramdan bir ay əvvəl ətin satış qiyməti neçəyə idisə, bu ay da həmin qiymətə satırıq. Alıcıların əksəriyyəti qiymətlərdən razıdırlar. Ötən ilə nisbətən bu il qurbanlıq heyvanların qiymətləri demək olar ki, eynidir".

Qeyd edək ki, qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
azertag.az

1Mənbələr