AZ

“Biz oyunçuların maaşını tam şəkildə hesaba köçürmüşük, onlar da pulun hamısını xərcləyib”

Bir neçə gündü “İmişli”nin baş məşqçi postu boş qalıb.
Bu yer üçün bir neçə namizədin adı hallansa da, hələ ki rəsmi qərar verilməyib. Birinci liqa xəyalında olan klub bütün diqqətini bu istiqamətə yönəldərkən futbolçulardan bəziləri şikayətə başlayıb. Maaşlarının verilmədiyini bildirən oyunçular klubda bu səbəbdən qarışıqlıq yarandığını iddia edir. Hətta bəziləri yaranan problemdən dolayı komandanı tərk etməyə başlayıb.

Maliyyə ilə bağlı yaranan söz-söhbətin səbəbini öyrənmək və baş məşqçi məsələsi ilə bağlı yeniliklərdən xəbər tutmaq üçün “İmişli”in icraçı direktoru Aqşin Mürsəlova müraciət etdik. O, bir neçə məşqçi ilə qeyri-rəsmi danışıqlar aparılsa da, gözləmə mövqeyində olduqlarını dedi:
“Hələ ki baş məşqçinin kimliyi ilə bağlı dəqiq qərar yoxdu. Bir neçə variantımız var. Danışıqlar da aparırıq. Əsas büdcəni gozləyirik. Görək AFFA 1-ci liqa üçün ayıracağı büdcəni nə vaxt açıqlayacaq. Yalnız bundan sonra həm futbolçulara ayıracağımız maliyyəni, həm də məşqçi işini rəsmiləşdirəcəyik. Namizədlərin tələblərini də bilirik. Yəni bizə büdcə də təklif ediblər ki, bu məbləğə hansı üslubda komanda qurmaq olar. Ona görə seçim etməmişik. Adı bu yer üçün hallananlardan biri də Fərid Namazovdu ki,  ötən ildən bizimlədi. Uşaq futbolumuzda əlaqələndirici idi. Bəli, onunla söhbət etmişik. Artıq istəyimizi də bilir. Bildirmişik ki, gözləntilərimizi qarşılayacaq məşqçi axtarılır. O ohdəlik götürməlidi ki, həqiqətən bizə bunları verə bilər. Növbəti mövsümdən strategiya da fərqli olacaq. Uşaq futboluna diqqət ayırmaq istəyirik ki, öz yetirmələrimiz olsun. Ona görə Fərid Namazovun gəlməsi ehtimalı çoxdu. Məşqçi başa düşür ki, hansı yükün altına girir və nəticəsi nə ola bilər. Əlbəttə, bütün şərtləri əvvəldən razılaşdırırıq. Hər şey qarşılıqlı razılıqla olur. Düzdü, gənc məşqçidi, amma o da hardansa başlamalıdı. Fərid bacarıqlı məşqçidi, AFFA-da da işləyir. Özünə inanır və bacaracağına bizi də inandıracaqsa, biz də etimad göstərəcəyik. Digər adlardan Azər Bağırovla münasibətimiz yaxşıdı. Birgə futbol oynamışıq, yoldaşlığımız da var. Onu da istərdik ki, bizimlə davam etsin. Onunla danışıqlar aparmırıq. Hər bir halda büdcənin müəyyənləşməsini gözləyirik. Bizə gozlədiyimiz məbləğ verilməyəndən sonra nə Azəri gətirməyin yeri var, nə də başqasının kariyerasında eniş yaratmaq fikrimiz. Bu da vacib məsələdi. Əsas hədəfimiz infrastrukturu yaxşılaşdırmaqdı. Sırf stadionu düzəldək, baza sistemini həll edək və daha rahat futbolçular cəlb edə bilək. Baş məşqçi vəzifəsinə 4-5 namizədimiz var ki, onlardan biri üzərində dayanacağıq”.

Aqşin bəy futbolçuların maaşlarının veriməməsi məsələsinə isə belə aydınlıq gətirdi:
“Futbolçuların hesablarında problem olub.  Hazırda bu məsələ ilə bağlı işçilərlə danışıram. Belə deyim:mühasibin səhvi olub ki, maraqlanmayıb görək, futbolçu vergini ödəyib, ya yox. Məlum məsələdi ki, vergi borcu 20 faizdi. Biz oyunçuların maaşını tam şəkildə hesablara köçürmüşük. Onlar da götürüb pulun hamısını xərcləyib. Nəticədə belə vergi öhdəliyi yaranıb. Amma biz hər ay sənədlərdə göstəririk. Yanvardan bəri ödədiyimiz məbləğə 200-300 manat artıq ödəniş edirik ki, ən azı 1000 manat pul çatsın. O da futbolçunun borcu olubmu, nədisə götürüb hamısını xərcləyib, vergisini də ödəməyib. Hazırda bəzi futbolçularla müqaviləyə xitam veririk, istəyirik vergi problemləri də həll edilsin. Ki, sonra problem yaşamayaq. Futbolçular səhlənkar yanaşır, ondan narazı qalırıq. Təəssüf ki, məsuliyyətsiz yanaşıblar. Mühasiblər məşğul olur, ən yaxın zamanda onların əvəzindən hesabatları verirlər. Ödənişləri də qısa zamanda hesablarına köçürüləcək. Düzdü, bəzi futbolçularla yollar ayrılıb, bəzi oyunçularla yaxından maraqlanırıq. Baş məşqçi gəlsin, ondan sonra seçim edəcəyik. Oyunçuların hər biriylə danışmışıq, problemin nədən ibarət olduğunu da bilirlər. AFFA bizə aprelin maaşını köçürüb. Amma biz köçürsək, onlarda vergi tutulması olacaq, yenə biz günahkar vəziyyətdə qalacağıq. Ona görə istəyirik ki, tam aydınlaşsın, hesabatı versinlər, ondan sonra köçürmələri edək. Futbolçularla da danışmamışıq ki, kim qalacaq, kim gedəcək. Çünki futbolçu da gözləmə mövqeyi tutur. AFFA vəsaiti qaldıran kimi futbolçu da öz qiymətini artırır. İndidən bu söhbətlər gedir. Çünki bizimlə müqaviləsi olan futbolçular da baxıram ki, razılaşmır. Ki, başqa klub mənə daha yüksək məbləg verir, getmək istəyir. Ona görə İcraiyyə Komitəsinin iclasından sonra saxlayacağımız futbolçularla bağlı rəsmi qərar verəcəyik. Maliyyə məsələləri bir günün içində həll oluna bilər. Amma hesabatlılıq tərəfi var. Futbolçu bunu görmür, amma digər məsələlər bizim öhdəmizə düşür. Ona görə də belə anlaşmazlıq yarandı. Yaxın zamanlarda hər biri aradan qalxacaq”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
football-plus.az

1Mənbələr